Bu gün Azərbaycanda əhalinin mənzilə olan tələbatı yüksək səviyyədə qalmaqda davam edir. Bu, xüsusən də gənc, eləcə də aztəminatlı ailələr üçün olduqca aktualdır. O da məlumdur ki, bir sıra ölkələrdə aztəminatlı ailələrin də mənzil sahibi olması üçün dövlət tərəfindən sosial mənzillər inşa olunaraq əhaliyə ucuz qiymətə icarəyə verilir. İnsanlar hər ay icarə haqqını ödəyə-ödəyə zamanla o mənzilin sahibinə də çevrilirlər.
Azərbaycanda da Mənzil Məcəlləsinə əsasən, aztəminatlı əhaliyə kirayə verilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı sosial mənzillərin tikilməsi və bu mənzillərin fondunun yaradılması nəzərdə tutulub. Məsələ dəfələrlə gündəmə gəlsə də, hələ də reallaşmır. "MBA LTD" şirkətinin rəhbəri, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov sosial mənzillərin tikilməsi sahəsində gecikmələrin səbəbini investorların bu sahəyə yatırım etməyə maraqlı olmaması ilə əlaqələndirir:
"Buna səbəb investorların bu sahəyə pul
yatırmağa maraqlı olmamasıdır. Ona görə ki, bu gün o qədər gəlirli
bazar sahələri var ki, investorlar onları qoyub bu sahəyə maraq
göstərmirlər. Üstəlik Bakı şəhərində torpağın qiyməti də ucuz
deyil. Belə ki, şəhər mərkəzi və ətrafı rayonlarda torpaq sahəsinin
hər kvadratını 1000-1200 manatdan aşağı almaq mümkün deyil.
Ona görə də, sosial evlərin tikintisi investorlar tərəfindən
maraqla qarşılanmır. Mən hesab edirəm ki, bunu Şəhər İcra
Hakimiyyəti həll etməlidir. Həmin evlərin tikilməsi üçün torpaq
sahəsi ayırmalı və tender elan edib birlikdə bu evlərin tikintisini
həyata keçirmək lazımdır. Bu missiyanı artıq başlamaq lazımdır. Elə
ki bu evlər tikildi və öz gəlirlərini verməyə başladı, onda, yəqin
ki, investorlar bu sahəyə maraq göstərməyə başlayacaqlar.
Amma hələ ki, icra strukturları bu istiqamətdə addım atmır və
investorlar da maraq göstərmirlər".
İqtisadçı-ekspert Vüqar
Bayramov isə bildirir ki, Mənzil Məcəlləsinə əsasən, sosial
təminat fondu büdcə hesabına formalaşmalıdır: "Həm mənzilləri inşa
etməklə vətəndaşlara aşağı qiymətə satmalı, həm də inşa etdiyi
mənzillərin bir qismini uzunmüddətli dövr üçün vətəndaşlara kirayə
formasında təklif etməlidir. Güman olunur ki, bu, 7- 15 il
müddətində təklif oluna bilər. Amma təəssüf ki, sosial mənzil
fondunun yaradılması tamamlanmayıb. Bu gün Bakıda mövcud
mənzillərin cəmi 3% - i sosial mənzil fondunundur. Onların böyük
bir qismi özəl şirkətlər tərəfindən inşa edilən sosial
mənzillərdir. Mövcud qanunverciliyə əsasən, özəl şirkətlər inşa
etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli
icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra
hakimiyyət orqanları da sosial məqsədlə təqdim edilən evləri
vətəndaşlara pulsuz verməlidir. Amma nəzərə alaq ki, həmin
mənzillərin böyük bir qismi adətən müxtəlif sənət adamlarına,
idmançılara pulsuz olaraq verilir. O baxımından bu sosial
mənzillərdən ümumi əhalinin istifadə etmək imkanları xeyli zəifdir.
Eyni zamanda, dövlət büdcəsindən müxtəlif kateqoriyalı insanların
mənzilə olan tələbatın ödənilməsi üçün dövlət büdcəsindən vəsaitlər
ayrılır. Amma bütövlükdə nəzərə alsaq ki, inkişaf etməkdə olan
ölkələrdə sosial mənzil fondunun ümumi mənzil fondunda payı 20 %-
dir, amma Azərbaycanda bu rəqəm 3 faizdir, deməli, sosial mənil
fonduna ayrılan vəsaitin artırılmasına ehtiyac var. Dövlət
büdcəsindən il ərzində 400 milyon manat vəsaitin bu istiqamətə
ayrılması mümkündür. Bu isə dövlət büdcəsinə hansısa ağırlıq
yaratmayacaq. İllik olaraq 400 milyon manatın bu istiqamətə
ayrılması imkan verəcək ki, həmin mənzillərin uzunmüddətli və az
ödənişlə təqdimi mümkün olsun. Məsələn, Türkiyədə 2 otaqlı mənzil
sosial mənzil fondu ilə təqdim edilən zaman aylıq ödənişi 80
dollardır. Azərbaycanda da bunu 80 manatla vətəndaşlara təqdim
etməklə mümkündür. Bu gün fondun yaradılması üçün həm hüquqi, həm
də maliyyə bazası var".
Ekspert bildirdi ki, qanunvercilikdə sosial mənzillər üçün 1 milyard manatın ayrılması təklif olunub: "Amma 400 milyon manatın ayrılmasını ona görə təklif edirik ki, bu məbləğ mənzil bazarında qiymətlərin kəskin aşağı salınmasına gətirib çıxarmayacaq. Çünki, böyük məbləğin bu istiqamətə yönəldilməsi əmlak bazarında qiymət azalmasına gətirib çıxara bilər. Bu da mənzil bazarının rentabelliyini aşağı salacaq. Amma hər il 400 milyon manatın ayrılması bazarda qiymət artımlarının qarşısını ala bilər. Ona görə də sosial mənzil fondunun yaradılması əmlak bazarında qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq".