İnsanların bir çox xidmətlərdən internet vasitəsilə yararlana bildikləri bir dövrdə, artıq elektron alqı-satqı Azərbaycanda daşınmaz əmlak sahəsində də aparılır. Belə ki, artıq insanlar evlərindən kənara çıxmadan, rieltorlara müraciət etmədən də, istədikləri ərazilərdəki evlər haqda məlumat ala, eyni zamanda onu əldə edə bilirlər. Bununla bərabər, özlərinin satmaq istədikləri əmlaklarını da internet üzərindən satışa çıxara və rahat şəkildə müştəri tapa bilirlər. Bundan başqa dünyada ilk dəfə olaraq Azərbaycanda daşınmaz əmlakı elektron ticarəti tətbiq olunub. Bunun vasitəsilə mülkiyyət hüququnun elektron formada təsdiq edilməsi də mmükün olacaq.
Daşınmaz əmlak ticarətinin onlayn
şəkildə həyata keçirilməsinin üstünlüklərindən danışan
iqtisadçı-ekspert Vüqar Bayramov bu xidmətin Azərbaycanda hələ ki,
zəif aparıldığını deyir: "Onlayn alış-satış artıq bir sıra MDB
ölkələrində təqdim olunan bir xidmətdir. Burda həm ayrı-ayrı
şəxlərin daşınmaz əmlakının, həm də eyni zamanda, dövlət
əmlakının onlayn alqı-satqısının aparılması nəzərdə tutulur. Lakin
Azərbaycanda hələlik daşınmaz əmlakın onlayn alqı-satqısı zəif
tətbiq olunur. Daşınmaz əmlakla bağlı onlayn sistem, yəni, daşınmaz
əmlakın satışı ilə bağlı məlumatların verilməsi və bundan sonra isə
artıq rəsmi olaraq, notariusda təsdiq olunaraq bank vasitəsilə
alqı-satqının həyata keçirilməsi bir o qədər geniş şəkildə baş
vermir. O baxımdan, əslində daşınmaz əmlakın onlayn alqı-satqısının
genişləndirilməsinə ehtiyac var. Ona görə ki, bu birmənalı şəkildə,
ilk növbədə şəffaflığı artırır. Çünki, internet vasitəsilə
aparıldığı üçün sonradan onun müvafiq qurumlar tərəfindən idarə
edilməsi də rahat olur. Eyni zamanda, onlayn alqı-satqı həyata
keçirilən zaman əhəmiyyətli məqamlardan biri ödənişlərin də onlayn
olmasıdır. Ödənişlərin onlayn olması birmənalı şəkildə imkan verir
ki, ödəmə düzgün aparılsın. O cümlədən, onlayn alqı-satqı birbaşa
olaraq vaxta qənaət deməkdir. Bütün bunlarla bərabər onlayn
alqı-satqı alıcı qarşısında geniş seçim imkanı qoyur. Bu, əmlak
bazarında alqı-satqıların çoxalmasına da gətirib çıxarır. Çünki
onlayn alqı-satqı onlayn ödəmə sisteminin tətbiq olunması deməkdir
ki, bu da bütövlükdə daşınmaz əmlak bazarında aktivliyin
yüksəlməsinə səbəb olur. O baxımdan, onlayn alqı-satqı birmənalı
şəkildə bazarda canlanma, prosedurların tez və rahat həyata
keçirilməsi və eyni zamanda şəffaflığın artırılması baxımdan
kifayət qədər ciddi əhəmiyyətə malikdir".
"Əmlak Bazarı İştirakçıları" İctimai
Birliyinin eksperti Rövşən Talıbzadə də, onlayn alqı-satqını müsbət
hal kimi qiymətləndirərərk, daşınmaz əmlak bazarında təkamülə səbəb
olduğunu bildirir: "Bü gün ölkə Prezidentinin fərmanına uyğun
olaraq, artıq bütün dövlət qurumları elektorn qeydiyyat sistemində
fəaliyyət göstərirlər. Bunlar elektron hökümət layihəsinə əsasən
həyata keçirilir. Biz bu gün Avropaya inteqrasiya edirik. Ölkəmizin
həm iqtisadi cəhətdən, həm texnoloji cəhətdən inkişafı
sürətlənməkdədir. Belə bir əsrdə, belə bir dövrdə, təbii ki,
alqı-satqının pərakəndə maklerlərin fəaliyyəti ilə edilməsi
doğurdan da bizi artıq köhnə dövrlərə aparır. Bu baxımdan, onlayn
alqı-satqı sisteminin olması bazarda müasir tələblərə cavab verir.
Artıq hər bir kəs istədiyi zaman evdə oturub daşınmaz əmlak
bazarında satılan evlərlə tanış ola bilir. Öz təklifi olanda onu
asan şəkildə internet saytlarına yerləşdirə bilir. Bu, əlbəttə,
vətəndaşların rahatlığı üçündür. Onlayn alqı-satqı həm də
şəffaflığı təmin edir. Vətəndaş təklifini elektron sistemə
yerləşdirəndə ona tez bir zamanda alıcı da tapa bilir. Heç bir
vasitəçisiz, rieltorsuz bu alqı-satqını həyata keçirmək mümkün olur
ki, bu da əlavə yaranan xərclərin qarşısını alır. Normalda hallarda
bəzi rieltorlar qiymətlə bağlı alqı-satqı zamanı neqativ hallara
yol aça bilirlər ki, onlayn ticarət bunun qarşısını alır. Müştəri
satıcı ilə birbaşa əlaqədə olur. Özləri də öz alqı-satqılarını
istədikləri kimi həyata keçirirlər. Onlayn ticarət, əlbəttə ki, bu
gün daşınmaz əmlak bazarı üçün zərurətdir. Ehtiyacdan yaranan bir
şeydir və bazarın inkişafı üçün təkamüldür".