Əlaqə Arxiv
news Image
2014.01.17
15:00
| A A A
Saxta avro təhdidi artır
Fərhad Bayramov: «Bununla mübarizə yoluna nəzər salsaq, Amerika təcrübəsinə müraciət etmək olar» Vasib Sadıqov: «Bütün dünyada olduğu kimi, Azərbaycanda da saxta avro təhlükəsi az da olsa mövcuddur»

Avropa Mərkəzi Bankı saxta avroların miqdarının daha çox artması ilə bağlı həyəcan təbili çalmaqdadır.  Belə ki, ötən ilin ikinci yarısında 353 min saxta avro dövriyyədən çıxarılıb. Bu rəqəm isə, ilin birinci yarısı ilə müqayisədə 12% çoxdur. Və saxta avroların yayım coğrafiyası da genişlənməkdədir. Onların bir qisminin Azərbaycana yol açması isə istisna olunmur.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov digər ölkələr kimi, Azərbaycanın da bu təhlükədən siğortalanmadığını deyir: "İlk öncə qeyd edək ki, Avropa Mərkəzi Bankı saxta əskinasların müəyyən edilməsi və onlara qarşı tədbirlərin aparılması üçün bir nömrəli qurumdur. Lakin bu vəziyyətdə belə avrozonada saxta əskinasların dövriyyədə olduğunu görmək adi hal kimi təsir bağışlayır. Bu o deməkdir ki, avrozona belə təhlükələrlə yan-yanadırsa, başqa ölkələr də bu saxta əskinaslardan sığortalanmayıb. Eləcə də Azərbaycan. Bunların məbləği ilə bağlı hər hansı açıqlama vermək bir qədər çətindir". 

Ekspert saxta avroya qarşı mübarizənin ən yaxşı yolunun nağdsız ödənişlər olduğunu bildirir: "Bununla mübarizə yoluna nəzər salsaq, Amerika təcrübəsinə müraciət etmək olar. Məsələn, Amerika Birləşmiş Ştatlarında saxta ABŞ dolları demək olar ki heç yoxdur. Saxta əskinas varsa, deməli, bu mütləq ABŞ-dan kənarda yaranıb və kənarda da dövriyyədədir. Bunun ən önəmli səbəbi isə, ABŞ-da nağdsız ödəmələrin üstünlük təşkil etməsidir. Dolayısı ilə, nağdsız ödənişlər etmək üçün ilk öncə bankdakı hesabına pul yatırılan zaman, təbii olaraq bank yoxlama əməliyyatı həyata keçirir. Bu zaman müsbət rəy alan əskinaslar artıq nağdsız dövriyyəyə daxil olur. Sonda isə dövriyyədə saxta əskinasların olması təhlükəsi minimuma enir. Onu da qeyd edək ki, məsələn, ABŞ-da siz bir dəfəyə pul kisənizdən 300 dollar çıxarıb ödəniş etsəniz, ətrafınızdakı insanların rəyi birmənalı olmayacaq. Bəziləri hətta sizdən şübhələnə də bilər. Ancaq Azərbaycan Respublikasında gündəlik həyatda nağdsız ödənişlərin tətbiq edilməsi hələ də böyük problem kimi qalmaqdadır. Bu, bank sisteminin sürətli inkişafına, eyni zamanda saxta əskinaslarla mübarizənin aparılmasına maneə törədir. Burada insanların üzərinə də vəzifələr düşməkdədir. Belə ki, avrodan nağd olaraq çox istifadə edən vətəndaşlar Avropa Mərkəzi Bankının rəsmi internet səhifəsindən doğru əskinaslarla saxta əskinaslar arasındakı fərqi aşkarlamaq üçün məlumatlar əldə edə bilərlər. Bundan başqa, vətəndaşlar Azərbaycan Respublikasının Mərkəzi Bankının internet səhifəsindən də yararlana bilərlər. Qeyd edək ki, Mərkəzi Bank saxta pul nişanları ilə mübarizəni hətta instutlaşdırmışdır. Yəni Milli Ekspertiza qrupu yaradılaraq bununla mübarizə aparılır. Bir daha qeyd etmək istərdim ki, ən önəmli məsələ nağdsız hesablaşmaların həcminin artırılmasıdır. Bu zaman həm saxta əskinaslardan sığortalanarıq, həm də pulların maddi köhnəlməsinin  qarşısını almış olarıq".

Azərbaycan banklarının saxta avronu ayırmaq üçün kifayət qədər səriştəli  olduğunu deyən "Dirçəliş" İqtisadi Araşdırmalar Cəmiyyətinin ekperti Vasib Sadıqov isə Mövqe.az-a  açıqlamasında məsələyə belə münasibət bildirdi: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da saxta avro təhlükəsi az da olsa mövcuddur. Amma Azərbaycan bankları üçün saxta əskinası müəyyən etmək o qədər də çətinlik törətmir. Onlar kifayət qədər səmərəli nəzarət vasitələrinə malikdirlər,

 Düşünürəm ki, saxta pullar yalnız sadə azərbaycanlılar üçün problem ola bilər. Azərbaycan vətəndaşları valyutanı alarkən və ya satarkən, valyutanın qalığını alarkən və ya iri əskinasları xırdalayarkən saxta pullar qarşısında faktiki olaraq müdafiəsizdirlər. Hesab edirəm ki, vətəndaşların fərdi mübadiləçilərin xidmətlərindən istifadə etməsi məqsədəuyğun deyil. Çox yüksək məzənnə ilə mübadilə təklif edən şəxslər çox vaxt sadəcə fırıldaqçılardır. Əgər insanlara valyuta dəyişmək lazımdırsa,qanuni şəkildə fəaliyyət göstərən mübadilə məntəqələrinin xidmətindən istifadə etmələri məqsədəuyğun olardı".


Sizin Reklam Yeriniz