Əlaqə Arxiv
news Image
2014.01.21
15:14
| A A A
«Ekonom klass» evlər daha böyük sürətlə bahalaşır
Rövşən Talıbzadə: «Əhalinin böyük kütləsinin «ekonom klass» evlərə olan tələbatı bu tipli mənzillərin qiymətinin bahalaşmasına gətirib çıxarıb» Nüsrət İbrahimov: «Daşınmaz əmlak bazarında qiymətlərin müxtəlif templə artması, haradasa, 2016-2017 illərə kimi davam edəcək»

Bakıda əhalinin mənzil ehtiyacının artması tendensiyası hələ də davam etməkdədir. Adətən alıcılar sərfəli, orta qiymətə malik "ekonom klass" evlərə üstünlük verirlər. Lakin artıq bu cür evlər də bəziləri üçün əlçatmaz olmağa başlayıb. Səbəb isə son vaxtlar bu tipli evlərin də qiymətində baş verən bahalaşmadır. Nədənsə çox az alıcı kütləsi olan "Elit" evlərin dəyəri sabit qalsa da, əhalinin ən çox ehtiyacı olan "ekonom klass" mənzillər gündən-günə bahalaşır.

Azərbaycanda mənzillərin  yalnız qiymətinə görə qruplara bölündüyünü deyən "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə ən çox qiymət artımının kvadratmetrinə görə 600-1500 manat dəyərində olan tikililərdə müşahidə olunduğunu söylədi: "Ümumiyyətlə, son dövrlərdə mənzil bazarında qiymətlərin bahalaşması müşahidə olunur. Müşahidə olunan qiymət artımı həm yeni, həm də köhnə tikililərə aiddir.  Amma bu qiymət artımı "ekonom-klass" evlərdə daha çox hiss olunur. 

Əslində, Azərbaycanda mənzillərin siniflərə bölünməsi prosesi getmir. Bizdə mənzillər siniflərə görə yox, qiymətlərə görə qruplara bölünür. Ona görə ki, bizdə o tələblərə cavab verən binalar, hələ ki, yoxdur. Amma mənzilləri qiymətinə görə bölüşdürmək olar. Məsələn, hər kvadratmetrinə görə 600 manata qədər dəyəri olan evlər, 1500 manata qədər dəyəri olan evlər və bir də ki, 1500 manatdan yuxarı olan yeni tikililər. Qiymət bahalaşması kvadratmetrinə görə 1500 manatdan yuxarı olan mənzillərdə çox cüzi şəkildə müşahidə olunur. Çünki, onsuz da onun dəyəri kifayət qədər yüksəkdir ki, onun alqısı da hansısa bir təbəqə tərəfindən həyata keçrilir. Qiyməti kvadratmetrə görə 600-1500 manat olan mənzillər hazırda bazarda daha çoxluq təşkil etməkdədir. Ona görə ki, yeni tikilən, bünövrəsi qoyulan, əsasən şəhər mərkəzində və yaxınında yerləşən tikililərdə hazırda qiymətlər 1200 manatdan başlayır. O ki qaldı digər tikililərə, məsələn, qiyməti hər kvadratmetrinə görə 600 manata qədər olan mənzillərə, bunlar bazarda azlıq təşkil edir. Bunlar əsasən 4-cü zonaya düşür. Yəni, mərkəzdən kənar ərazilərdə yerləşir. Onlarda da qiymət artımı müşahidə olunur. Bu tipli evlərin tikilişi bizdə artıq məhdud saydadır. Bayaq qeyd etdiyimiz kimi,  bünövrəsi qoyulan tikililər, məsələn, Ağ Şəhər layihəsinin hazırlanmasında 5-6 tikinti şirkəti fəaliyyət göstərir.  Onların müəyyən etdiyi qiymət artıq hər kvadratmetrə görə, 1200 manatdan başlayır. Və yaxud da ki, Nərimanov ərazisində, Gənclik metrosu yaxınlığında tikilən mənzillərin qiyməti də hər kvadrat metrinə görə 1200 manatdan başlayır. Ona görə də, kvadratmetri 500-600 manata olan mənzillərin sayı artıq çox məhduddur. Qiymətinin yüksək olması da, məhz bununla bağlıdır.

Bundan başqa, "ekononom klass" evlərə Xırdalan ərazisində də geniş şəkildə rast gəlinir ki, burda qiymətlər  450, 500, 550 manatdan  başlayır. "AAF park"da noyabr ayında mənzilin kvadrat metri 450 manat idisə, artıq 500 manata satılır. Bunu da onunla əlaqələndirirlər ki, bizim alıcılar artıq geniş kütlədir və buna böyük tələbat var. Beləliklə, əhalinin böyük kütləsinin "ekonom klass" evlərə olan tələbatı bu tipli mənzillərin qiymətinin bahalaşmasına gətirib çıxarıb".  

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov "ekonom klass"

 evlərin bahalaşmasını əhalinin alıcılıq qabiliyyətinin artması ilə əlaqələndirdi: "Qiymət artımına səbəb əhalinin alıcılıq qabiliyyətinin artmasıdır. Alıcılıq qabiliyyətin artması bir tərəfdən əhalinin gəlirlərinin artması ilə bağlıdırsa, digər tərəfdən də, kredit imkanlarının çoxalması ilə əlaqədardır. Mənzilə real ehtiyacı olan əhali isə, əsasən əhalinin az gəlirli kontingentidir. Onlar da ən çox ucuz və kütləvi yaşayış yerlərindəki mənzillərə üz tuturlar.  Və beləliklə, qiymət təzyiqi yaranır. Qiymət təzyiqi yarananda isə, təbii ki, qiymətlər artıma meyilli olur. Ona görə də, qiymət artıb və mənzillər kvadratmetrinə görə 1600-1700 manata satılır". 

Ekspert qiymət artımının 2016-2017-ci illərə kimi davam edəcəyini düşünür: "Yəqin ki, bu qiymət artımı hələ 2014-cü il boyu davam edəcək. 2013-cü ildəki templə yox, nisbətən aşağı templə irəliləsə də, ümumən 2014-cü ildə bu artım davam edəcək. Mən hesab edirəm ki, ümumiyyətlə daşınmaz əmlak bazarında qiymətlərin müxtəlif templə artması, haradasa, 2016-2017  illərə kimi davam edəcək". 


Sizin Reklam Yeriniz