Əlaqə Arxiv
news Image
2014.01.22
10:10
| A A A
Regionda manata böyük tələb yarana bilər
Yaşar Əsədov: “Əlbəttə, bu, Azərbaycan üçün yaxşı olardı” Fərhad Bayramov: “Bir ölkə başqa bir ölkəyə pulunu təklif edirsə, qarşı tərəf həmin pulun iqtisadi dəyərini istəyir”

Azərbaycan manatının artıq regional səviyyədə işlək valyutaya çevrilməsi məlum həqiqətdir. Gürcüstanda, İranda bu valyutanın işlənmə dövriyyəsi genişlənir. Digər tərəfdən bəzi ölkələrin Mərkəzi Bankları Azərbaycan manatını valyuta ehtiyatlarının tərkibinə daxil etmək niyyətlərini bildiriblər. Bütün bunlar perspektivdə manatın daha böyük coğrafi ərazidə işlək ola biləcək valyutaya çevrilmə şanslarını artırır. Belə fikirlər də səslənir ki, manatın regional və bunu ardınca dünya miqyaslı valyutaya çevriləməsini sürətləndirmək üçün bir sıra digər addımlar da atılmalıdır. Məsələn, Azərbaycan xarici ticarət dövriyyəsində manatın istifadə həcmini genişləndirməlidir. Eyni zamanda bir sıra ölkələrdə olduğu kimi xarici borclar da manatla götrülməlidir. Bütün bunlar nəticə etibarı ilə manatın işlənmə dövriyyəsini genişləndirəcək amillərdən sayılır.

İqtisadçı ekspert Yaşar Əsədov məsələ ilə bağlı "Mövqe"yə açıqlamasında qeyd edir: "Əlbəttə, bu, Azərbaycan üçün yaxşı olardı. Amma Azərbaycan xaricdən kredit almaqda şərtləri birtərəfli şəkildə diqtə etmək üçün bütün imkanlara malik deyil. Düzdür, Azərbaycanın kreditləri ödəmə qabiliyyəti var. Ancaq bu, əsas şərt deyil".

Ekspert qeyd etdi ki, son illərdə konkret ölkələr – Çinlə Belarus, Çinlə Türkiyə və başqa ölkələr aralarındakı ticarət mübadilələrini milli valyuta ilə həyata keçirirlər: "Ancaq bu, geniş yayılmış üsul deyil. Azərbaycan əsasən neft satır, ərzaq məhsullarını isə alır. Nefti biz İsrailə, İtaliyaya hansısa Avropa ölkələrinə satırıq. Lakin Azərbaycan öz neftini bu ölkələrə milli valyuta ilə sata bilməz. Onlarda manat elə çox deyil ki, o həcmdə nefti manatla ala bilsinlər. Yəni, Azərbaycanın manat dövriyyəsi geniş deyil ki, praktikada tətbiq oluna bilsin. Azərbaycanın istehsalı Çin, Rusiya qədər deyil. Onlar istənilən ölkənin valyutasını toplamağı bacarırlar ki, xarici ticarəti maliyyələşdirə bilsinlər".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fərhad Bayramov da eyni fikirdədir: "Dünyada beynəlxalq hesablaşmaların həyata keçirildiyi valyutalar var. O valyutalara müraciət olunmasının əsas səbəbi, həmin ölkələrin dünya iqtisadiyyatında olan böyük payıdır. Həm də onların dünya ÜMD istehsalında böyük paya sahib olmaları həmin ölkələrin valyutaları ilə alış-veriş etməyi tələb edən amildir. Dövlətlər emissiya etdiyi valyutanın bazarda həcminə nəzarət etməyə çalışır. Hər biri istəyir ki, bazarda onun valyutası daha çox olsun. Lakin həmin valyuta dünya bazarına çıxmayıb, ölkə daxilində qalarsa, emissiya edilən valyutanın həcmi getdikcə artarsa, ölkə iqtisadiyyatını çökdürər. Bizim valyuta dünya ölkələri üçün maraqlı deyil. Çünki, bir ölkə başqa bir ölkəyə pulunu təklif edirsə, qarşı tərəf həmin pulun iqtisadi dəyərini istəyir. Pulu dəyərli edən dövlətin onun arxasında durmasıdır. Dövlət də həmin pulun arxasında sadəcə sözdə yox, istehsal etdiyi məhsullarla dura bilər".

Ekspert bildirdi ki, beynəlxaq təşkilatların saxladıqları valyuta rezervlərinin iqtisadi dəyəri var: "Onlara da müraciət edəndə daha çox ya ABŞ dolları, ya da avro ilə qarşılaşırıq. Ancaq hansısa bir ölkə bizə borcu manatla vermək istəyirsə, gərək həmin ölkədə manat olsun. Həmin ölkəyə isə manatı Azərbacyan nəyinsə qarşılığında verə bilər. Yaponiya vaxtı ilə belə təcrübəni həyata keçirmişdi ki, Yaponiyaya yuan ilə daxil ola bilərsən. Bu təcrübəni Azərbaycana gətirsək, investorlar qaçar. Çünki, bizm ixracın böyük hissəsini hələ neft sektoru təşkil edir. Onlar bizdən nefti manatla ala bilməz".

Sizin Reklam Yeriniz