Məlumat verildiyi kimi, cari ilin aprrelin 1-dən Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə, "Avro 4" standartı tətbiq olunacaq. Bu fonda ölkəyə avtomobil idxalında ciddi dəyişikliklər də gözlənilir. Qeyd edək ki, ötən il Azərbaycana 104 mindən çox avtomobil idxal olunub. Lakin "Avro 4"ə keçidin bu sayda müəyyən dəyişikliyə səbəb olacağı gözlənir. Nəqliyyatçı-ekspertlər Mövqe.az saytına verdikləri məsələyə münasibət bildiriblər.
Nəqliyyatçı-ekspert Ərşad Hüseynov
2014-cü il ərzində ölkə ərazisinə avtomobil idxalının təxminən 20%
azalacağının proqnozlaşdırır: "Avro 4" standartına keçiddən sonra
bir sıra avtomobillərin ölkə ərazisinə idxalına qadağa qoyulacaq.
Məsələn, Avropada 2005-ci ilə qədər istehsal olunan
maşınların, ABŞ istehsalı olan 2004-cü ildən əvvəlki
avtomobillərin, Yaponiya istehsalı olan 2011-ci ildən əvvəlki,
Çində 2011-ci ildən əvvəl istehsal olunan maşınların Azərbaycana
idxalına qəti qadağa qoyulacaq. Hətta bu barədə heç bir açıqlama
verməsələr də, belə görünür ki, yük avtomobillərinin də idxalına
yol verilməyəcək. Onda, belə görünür ki, Azərbaycana "Kamaz",
"KrAz" kimi avtomobillər də gətirilməyəcək. Hər halda buna bir
açıqlama verməlidirlər. Çünki, ümumən götürəndə qoyulan qadağa
yalnız minik avtomobillərinə aid olmamalıdır. Çünki, "Avro 4"
standartı bütün tip avtomobillərə aiddir. Bütün növdən olan,
həm minik, həm də yük avtomobillərinə aiddir. Burda söhbət yalnız
minik avtomobillərindən gedirsə, gərək bunu
açıqlayardılar.
Ötən ilin hesabatında göstərilən idxal olunmuş 104 mindən çox avtomobilin 50-60 %-i "Avro 4" standartına uyğun olmayan avtomobillərdir. Bu gün Azərbaycanda istismarda olan maşınlar, əsasən, ötən əsrin 70, 80, 90-cı illərinin avtomobilləridir. Lakin məlum qadağadan sonra artıq avtomobil idxal edənlər diqqətlərini təzə avtomobillərə yönəldəcəklər. Bu da bazara müəyən qədər təsir edəcək. 50% maşınlar köhnədir deyə, satış 50% azalmayacaq. Çünki, avtomobil sahibi olmaq istəyənlər məcbur olub təzə avtomobil alacaqlar. Amma təxminən belə proqnozlaşdırmaq olar ki, satış hardasa 20% azalacaq. İndikinin yalnız 80%-i qalacaq. Ola bilər ki, əhalinin gəliri çoxalsın və hamı yeni avtomobil almağa başlasın. Bu da ola bilər. Amma bugünkü vəziyyətə əsasən qiymətləndirsək, 2014-də avtomobil idxalının 20% azalacağı gözlənilir".
Ölkə ərazisində istismarda olan
avtomobillərin 60-70%-nin "Avro 4"ə cavab vermədiyini deyən
nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov da bu keçidlə əlaüədar
idxalın aşağı düşəcəyini gözləyir: "Əlbəttə ki, idxal aşağı
düşəcək. Ona görə ki, ölkəyə gətirilən avtomobillərin əksəriyyəti
Avropada istismarı dayandırılmış maşınlardır. Azərbaycanda
istismarda olan avtomobillərin əksəriyyəti belə maşınlardan
ibarətdir. "Avro 4"ə keçəndən sonra ölkəyə bu cür avtomobillərin
gətirilməsi qadağan olunacaq. Ona görə də, "Avro 4"ə keçid idxalın
zəifləməsinə gətirib çıxaracaq. Necə ki, digər ölkələrdə də zamanla
müşahidə olunub".