Əlaqə Arxiv
news Image
2014.01.24
10:05
| A A A
Azərbaycanda daha çox qızıl alışına başlanıb
Rəşad Həsənov: “Qızılın kütləvi şəkildə ölkəyə daxil olması nəticəsində qiymətlər aşağı enərsə, müəyyən sahibkara zərəri toxuna bilər” Oqtay Haqverdiyev: “Fors-major vəziyyət olarsa, qızılı satıb problemləri həll etmək mümküdür”

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, ötən il zərgərlik məmulatları ilə ticarət dövriyyəsinin həcmi 1 milyard dollar olub. Bu da 2012-ci ildəki göstəricidən on dəfə çoxdur. Qızıl məmulatlarının idxalındakı artım isə daha böyükdür. 2013-cü ildə xaricdən ölkəmizə 930 milyon dollarlıq qızıl və qızıl məmulatı, həmçinin qiymətli daşlar gətirilib. Bu məbləğ 2012 -ildəkindən 58 dəfə çoxdur. Bu rəqəmin belə yüksək olmasının səbəbi kimi, əhalinin qızıla olan tələbatının artmasını görən də var, hökümətin son illər qızıl alışı sahəsində apardığı siyasəti ilə bağlı olduğunu deyənlər də. Məsələn, İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspert Rəşad Həsənov bildirir ki, bu qədər fərqin olması maraq doğurur: "Qızılı ölkəyə gətirən fərdi fiziki və hüquqi şəxslərin də önəmi var. Qızıl xarici hüquqi şirkətlərin vasitəsi ilə ölkəyə daxil olursa, onların sənədləşməsi daha düzgün aparılır. İkinici səbəb, 2013-cü ilin sonlarında qızılın qiyməti sürətlə aşağı düşdü. Bu da iş adamlarının diqqətini cəlb etməyə bilməzdi. 2014 və 2015-ci illərdə yenidən Avropada yarana biləcək iqtisadi böhran proqnozları iş adamlarında belə təəssürat yaratdı ki, qızılın qiyməti yenidən bahalaşa bilər. Bununla bağlı olaraq daxil olan qızılın böyük bir qismi yığım məqsədi ilə gətirilir. Qızılın qiymətinin düşməsi istehlakçıların da bu istiqamətə meylini artırdı. Digər səbəb, 2012-ci ildə verilmiş qərarla bağlıdır. Mərkəzi Bankın verdiyi qərara əsasən, 2014-cü ildə nizamnamə kapitalı 50 milyona çatmamış banklar öz fəaliyyətlərini dayandırmalı idi. Bununla bağlı ölkədə bankların əmanətlərinin miqdarında müəyyən qədər fərq yarandı. Çünki, insanlar hansı bankların bağlanıb-bağlanmayacağını dəqiq bilmədilər. Buna görə də insanlar öz yığımlarını daha çox qızılla yığmağa üstünlük verdilər".

Ekspertin sözlərinə görə, ölkəyə rekord həcmdə qızılın daxil olmasının iqtisadi təhlükəsi yoxdur: "Bu, ölkə daxilində təklifin çoxalmasına səbəb olacaq. Nəticədə qızıl bazarında qiymətlər aşağı düşə bilər. Bu da istehlakçının mənafeyinə xidmət edən amildir. Amma sahibkarlar da qızılı nə vaxt və nə qədər idxal etmək məsələsində diqqət olmalıdırlar. Qızılın kütləvi şəkildə ölkəyə daxil olması nəticəsində qiymətlər aşağı enərsə, müəyyən sahibkara zərəri toxuna bilər. Onlar ölkəyə daha baha gətirdiyi qızıl zinət əşyalarındakı nəzərdə tutduqları gəliri qazanmaya bilərlər. Amma başqa tərəfdən ziyanı yoxdur. Əksinə, ölkədə qızılın daha çox olması sağlam yığım məqsədi ilə onun istifadəsini genişləndirə bilər. Cəmiyyətimizdə maliyyə-bank sektoruna inamın zəif olması bəzən insanları məcbur edir ki, öz yığımlarını başqa - əmlak və ya qızıl formasında həyata keçirsinlər. Həm də bizdə qızılın alışı ilə satışı arasında çox fərq var. Dünya bazarlarında bu, əsasən 2-5% arasında olursa, bizdə qızılın alışı və yenidən satışı arasındakı fərq 10-15% olur. Bu da istehlakçıların maraqlarına sərf etməyən məsələdir. Qızılın satışındakı qiymət düşmələri aradakı disbalansı nisbətən zəiflədə bilər. Bununla bizdə də qızıl yığım vasitəsi kimi daha çox seçilmiş predmetə çevrilə bilər".

Ancaq iqtisadçı Oqtay Haqverdiyev məsələyə fərqli yanaşır: "Dövlət Neft Fondu 35 ton qızıl almalıdır. 2013-cü ildə 17 ton alıb. Bu isə ötən illə müqayisədə çox idi. Ona görə də 58 dəfə fərq var. İstehlak bazarında olan qızılın həcmi artmayıb. Söhbət valyuta ehtiyatlarımızda olan qızıldan gedir. Həm də ötən il qızılın qiyməti birdən-birə aşağı düşdüyü üçün külli miqdarda qızıl alındı".

İqtisadçı əlavə etdi ki, bunun ölkəmiz üçün xeyri çoxdur: "Dünyada hər ölkənin həm valyutası, həm də qızılı yoxdur. Bu, onu göstərir ki, həmin ölkəyə xaricdən investisiya qoymaq olar. Hər ölkənin belə imkanı yoxdur. Məsələn, Ukrayanın 12 milyard, Belarusun 8 milyard valyuta ehtiyatı olduğu halda Azərbaycanın valyuta ehtiyatı 50 milyard dollardır. Ancaq dünya praktikasında belə bir yazılmamış qayda var ki, valyuta ehtiyatlarını yığmağa imkanı olan ölkələr 10%-ə qədər valyuta ehtiyatı qızılla olsa, daha yaxşıdır. Çünki, qızıl daimi kapitaldır. Valyutanın məzənnəsi aşağı düşə bilər. Ancaq fors-major vəziyyət olarsa, qızılı satıb problemləri həll etmək mümküdür".

Sizin Reklam Yeriniz