Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar artır
2013-cü il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən
iqtisadiyyatın və sosial sahələrin inkişafına 17,87 milyard manat
və ya 2012-ci ildəkindən 15,1 faiz çox vəsait yönəldilib. Dövlət
Statistika Komitəsindən verilən məlumata görə, tikinti-quraşdırma
işlərinə yatırılan investisiyaların həcmi investisiyaların ümumi
həcminin 66,3 faizini təşkil edib. 2013-cü ildə istehsalat yönümlü
obyektlərin tikintisinə 8 635,7 milyon manat, qeyri-istehsalat
obyektlərinə isə 9 236,4 milyon manat sərmayə qoyulub.
İnvestisiyaların ümumi həcmindən 76,7 faiz il ərzində 11,9 faiz
artan daxili investisiyaların payına düşüb. Daxili investisiyaların
çox hissəsi (70,7 faiz) dövlət müəssisələrinin və təşkilatların,
29,3 faiz isə özəl müəssisələrin payına düşüb.Müəssisə və
təşkilatların vəsaitləri hesabına əsas kapitala 8 012,1 milyon
manat (investisiyaların ümumi həcminin 44,8 faizi), bank
kreditlərindən - 860,6 milyon manat (4,8 faiz), büdcə
vəsaitlərindən - 7 829,2 milyon manat (43,8 faiz), büdcədənkənar
fondların vəsaitləri hesabına - 558,7 milyon manat (3,2 faiz),
əhalinin şəxsi vasitələrindən - 469,1 milyon manat (2,6 faiz) və
başqa vəsaitlərdən - 142,4 milyon manat (0,8 faiz) investisiya
qoyulub. Əsas kapitala qoyulmuş vəsaitlərdən 73 faiz (13 047,3
milyon manat) qeyri-neft sektorunun inkişafına yönəldilib, ölkənin
neft sektoruna 4 824,8 milyon manat (27 faiz) sərmayə qoyulub.
Göstərilən dövrdə qeyri-neft sektoruna əsaslı vəsaitlər 12,1 faiz,
neft sektoruna isə 24,2 faiz artıb. Dövlət Statistika Komitəsindən
bildirilib ki, bu dövrdə 39,6 faiz investisiya sənaye sahələri,
19,6 faiz nəqliyyat və anbar təsərrüfatı, 3,2 faiz kənd
təsərrüfatı, 7,5 faiz daşınmaz əmlakla əməliyyatlar, 6,7 faiz
dövlət idarəçiliyi, 4,8 faiz istirahət, əyləncə və incəsənət, 5,5
faiz tikinti, 1,1 faiz rabitə və informasiya, 4,4 faiz təhsil, iki
faiz - inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,6 faiz
ticarət, 0,4 faiz turistlərin yerləşdirilməsi və iaşə, 0,1 faiz
üzrə peşəkar, texniki və elmi fəaliyyətin payına düşüb.