Ötən günlərdə Rusiyanın "Mir24" kanalında Quba almasından bəhs edən reportaj hazırlanıb. Burada rayonda almanın bol olmasından və 25-30 sent dəyərində bazara çıxarılmasından bəhs edilir. Eyni zamanda vurğulanır ki, bəzi fermerlər sata bilmədikləri almanı mal-qaraya yem olaraq verir.
Halbuki, mal-qaraya yem olaraq verilən alma həm daxili bazarda istehlakçılara sərf edən qaydada ucuz qiymətə satıla, şirə emalı üçün yaxşı xammal ola bilər.
Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid
Məhərrəmovun məsələyə münasibəti belədir: "Bizdə tək alma
istehsalında deyil, digər bəzi məhsulların istehsalında və
satışında da problem var. Daxili bazara üz tutduqda biz orda
digər ölkələrdən gətirilmiş çoxlu miqdarda alma görəcəyik. Sual
ortaya çıxır ki, insanlar niyə bizim yerli almanı yox, xaricdən
idxal olunan almanı alırlar. Birincisi, biz desək də, deməsək də
xaricdən gətirilən almalar yetişdirilmə, həcm, keyfiyyət və s.
baxımından müəyən standartlara uyğundur. Azərbaycanda isə bu
sahədə təəssüflər olsun ki, standartlara və tələblərə uyğun məhsul
istehsal edilmir. Buna görə də bazarda bizim məhsullara tələb
azdır. Bu gün bazarlarda keyfiyyətli məhsula ehtiyac var. Biz gərək
ya kifayət qədər ucuz məhsul istehsal edək və onu emala göndərək,
elə orda da keyfiyyət tələb olunur, yaxud da müəyyən standartlara
cavab verən, irihəcmli, keyfiyyətli, xarici görünüşü cəlbedici olan
almalar yetişdirək. Elə məhsul istehsal etsək, o məhsul mütləq öz
müştərisini tapacaq. Yəni, problem ilk növbədə keyfiyyətli məhsul
istehsal edə bilməməyimizdir. Biz hələ bitkilərə qulluq qaydasını
normal həyata keçirə bilmirik. Torpağı düzgün qidalandırmaq
lazımdır ki, keyfiyyətli məhsul yetişsin. Ağaclara normal qulluq
etmək, formalaşması üçün budama işlərini qaydasında aparmaq
lazımdır. Biz elə sortlar yetişdirməliyik ki, həmin bitkilərdən
alınan məhsulu uzun müddət saxlamaq mümkün olsun. Bu dərimdən də
asılıdır. Biz dərim vaxtı artıq yetişmiş məhsulu dəririk. Onu da
uzun müddət saxlamaq mümkün olmur. Bir hissəsi xarab olur, sıradan
çıxır, xarab olanlar da digərlərini sıradan çıxardır. Bu, dayanıqlı
şəkildə təşkil edilsə, bizim alıcımız olacaq. Biz keyfiyyətli
məhsulumuzu həm özümüz istifadə edə, həm də ixrac edə biləcəyik.
Ancaq məhsul keyfiyyətsiz olduqda, onun satışı haqda danışmaq
mümkün deyil".
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat
xidmətinin təhbəri Murtuzəli Hacıyev isə əsas problemin
Azərbaycanda emal müəssiələrinin az olmasında görür və bu sahədə
yaxın illərdə irəliləyişlər müşahidə olunacağını deyir: "Bu məhsul
bolluğu ilə bağlıdır. Azərbaycan daxili tələbatının ödəyəcək qədər
məhsul istehsal edir. Eyni zamanda qonşu ölkələrə də idxal həyata
keçirir. İkincisi, ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin əsas
təkliflərindən biri də regionlarda emal sexlərinin yaradılmasıdır.
Bu istiqamətdə müəyyən işlər görülür. Bildiyiniz kimi, artıq bu
sahədə müəyyən nəticələr də var. Quba regionunda da şirə istehsal
edən emal zavodu var. Amma məsələ bundan ibarətdir ki, belə
müəssisələr azdır. Amma görülən tədbirlər nəticəsində bir neçə ilə
regionlarda emal müüəssisələrin yaradılması istiqamətində böyük
irəliləyiş müşahidə olunacaq".