Son günlərdə bir sıra banklar istehlakçılara verilən kreditlərin faiz dərəcələrinin 5-6 % aşağı düşməsi haqda reklam kampaniyaları aparırlar. Məlum olduğu kimi, Azərbaycanda zaman-zaman reklam kampaniyaları ilə əhalinin aldadılması halları da baş verib. Bəzən yalan məlumat verilir və sonradan reklamlarda göstərilənlər özünü reallıqda doğrultmur. Bu, banklar ətərfindən əvvəllər edilən reklamalara da aiddir. Elə bu səbəbdən də bank faizlərinin aşağı salınacağına münasibət birmənalı deyil.
İqtisadçı-ekspert Samir Əliyev kredit
üçün iş yerindən arayış tələb olunması ilə bağlı qərardan sonra
gəlirləri azalan bankların kredit faizlərini aşağı salmasını
gözləmədiyini deyir: "Xüsusilə son bir il ərzində Azərbaycanda
bankların istehlak kreditləşməsi bazarına axını başladı. Və
əvvəllər istehlak kreditləşməsinə bir o qədər də diqqət yetirməyən
iri bankların bura axını nəticəsində istehlak kreditləşməsi
bazarında bir növ rəqabət yarandı. Əvvəl istehlak kreditləşməsi
üzrə ancaq ayrı-ayrı xüsusi banklar ixtisaslaşmışdısa, sonradan
digər banklar da bu işi həyata keçirməyə başladıqlarından,
rəqabətli mühit yarandı. Banklar arayışsız kredit verməyə,
kreditlərin verilmə şərtlərini yüngülləşdirməyə başladılar və
faizlərin aşağı düşməsi müşahidə olundu. Mərkəzi Bankın son
qərarına qədər bu proses davam edirdi. Söhbət arayışsız kreditlərin
verilməsinə qoyulan qadağadan gedir. Əslində, bu qadağa əvvəldən
var idi. Sadəcə olaraq, banklar buna əhəmiyyət vermirdilər. Mərkəzi
Bank da buna bir növ göz yumurdu ki, əhali kredit ala bilsin. Amma
görəndə ki, istehlak kreditlərinin payı 40%-ə gəlib çatıb, qadağanı
tətbiq etdi. İndi bu qadağanın tətbiqindən sonra fikirlər səslənir
ki, istehlak kreditləri bazarında faizlər aşağı düşür. Bu, bir o
qədər də inandırıcı deyil. Çünki, onsuz da tələblər yüksəkdir və
şərtlərin ağırlaşdırılması ona gətirib çıxarır ki, bankların
gəlirlərində bir növ azalma müşahidə edilir. Düzdür, faizin aşağı
düşməsində rol oynaya bilən iri banklar məcbur olub faizləri
aşağı salacaqlar ki, heç olmasa, az sayda olan müştəri sayında da
azalma baş verməsin. Çünki, əvvəllər hər adam kredit ala bilirdisə,
indi işləyə bilən, yalnız gəliri olan insanlar kredit ala biləcək.
Yəni onsuz da sayı azalan müştərini cəlb edə bilmək üçün ola bilsin
ki, kredit faizlərində də azalma müşahidə olunsun. Amma mən bunun
uzunmüddətli olacağını düşünmürəm. İnanmıram ki, yaxın dövrlərdə
kreditlərin faizlərində ucuzlaşma olsun. Buna başqa maneələr də
var.
O ki qaldı camaatın aldadılması, yalançı reklam kampaniyalarının həyata keçirilməsi hallarına, bu qanuna ziddir. Əgər bank əhaliyə yalan məlumat verirsə, bu istehlakçının hüququnun pozulması halıdır. Əgər belə hal baş verərsə, həmin banklar qanunvericiliklə məsuliyyətə cəlb olunmalıdırlar".
İqtisadçı-ekspert Məhəmməd Talıblı
isə məsələyə belə münasibət bildirdi: "Bir çox hallarda banklarda
faiz dərəcələri ilə bağlı vəziyyətin kritik olması o vaxt yada
düşür ki, kütləvi olaraq media qurumlarında bu haqda informasiyalar
yayılır. Bu informasiyalar daha çox yayıldıqca, sanki Mərkəzi
Bankın və kommersiya banklarının fəaliyyəti haqda xoşagəlməz
fikirlərin həddən artıq çoxalmasına gətirib çıxarır. Ona görə də,
Mərkəzi Bank ümumilikdə banklara nəzarəti həyata keçirən qurum
olaraq sadəcə çalışır ki, bu məsələlərdə əhalinin maraqlarından
çıxış edərək faiz dərəcələrinin aşağı salınması ilə bağlı müəyyən
tədbirlər həyata keçirsin. Amma düşünürəm ki, bu sadəcə olaraq,
epizodik bir vəziyyətdir. Yəni, bu, konkret olaraq hansısa bir
zaman kəsiyi üçün nəzərdə tutulub və uzunmüddətli bir dövrü əhatə
edə bilməyəcək. Çünki Azərbaycanda bunun kökündə duran məsələ odur
ki, banklar arasında rəqabət mühiti yoxdur. Banklararası
rəqabət yoxdursa, şübhəsiz ki, bu vəziyyətin də belə davam etməsi
adi haldır. Bu addımın başqa bir təsiri ola bilər. Azərbaycanda
bankların sayını təxminən 15-20 banka qədər endirilməsi siyasəti
gedir. Bunun üçün də təbii ki, qoyulan tələblərə daha çox cavab
verməyən bankların bağlanması, onların sıradan çıxarılması
gözlənilir. Əslində, faiz dərəcələrinin endirilməsi eyni zamanda
bunun üçün bir element rolunda çıxış edə bilər. Ona görə də,
Azərbaycanda banklar arasındakı belə rəqabət mühiti olmadığından,
belə faiz dərəcələri haqqında da Mərkəzi Bankın müxtəlif rəyləri də
olacaqdır. Amma hər bir halda, mən düşünürəm ki, praktiki olaraq
bu, bank sektorunda faiz dərəcələrinin aşağı düşməsinə gətirib
çıxarmayacaq. Çünki, ümumilikdə bankların qanuni yolla
Mərkəzi Bank tərəfindən təlimatlar vasitəsilə tənzimlənməsi
siyasəti var. Eyni zamanda bankların ümumiyyətlə, vahid bir mərkəz
tərəfindən idarə olunması ilə bağlı da müəyyən bir siyasət
var.
Bundan başqa, banklara şəxsən tapşırılsa ki, əhalinin narazılığını azaltmaq və müxtəlif problemlərin aradan qaldırılması üçün faiz dərəcələrinin aşağı endirilməsi ilə bağlı konkret addımlar atsınlar, onda mən inanıram ki, banklar üçün bu rentabelli olmasa da, bu onların gəlirlərinin azalmasına təsir etsə də, onlar həmin addımı atmağa məcbur olacaqlar. Amma bu addımlar da hər bir halda müvəqqəti xarakter daşıyacaq".