Əlaqə Arxiv
news Image
2014.02.06
19:35
| A A A
İnstitut: Azərbaycan taxıla olan tələbatını ödəmək üçün kifayət qədər imkanlara malikdir
Azərbaycanda hər il dövlət sifarişi ilə 1 500 ton «elit» taxıl toxumları istehsal edilir.

Bu toxum 7 500 ha sahəni əhatə edir. İstehsal olunan toxum 250-dən artıq dövlət toxumçuluq müəssisələrinə verilir. Toxumların bioloji xüsusiyyətləri nəzərə alınarsa və düzgün qulluq göstərilərsə, həmin sahələrdən 20 000 ton toxum götürmək mümkün olar. Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai bildirib. Onun sözlərinə görə, ölkədə ilbəil toxuma tələbat artsa da, daxili imkanlar hesabına bu tələbatı tam şəkildə qarşılamaq mümkündür. Ölkənin tələbatını ödəmək üçün 150 min tondan artıq toxum lazımdır: "Azərbaycanın kifayət qədər keyfiyyətli yerli taxıl sortları var. Bu yaxınlarda yeni "Tale 38", "Aran", "Qırmızı gül", "Azəri", "Əzəmətli" kimi sortlar da rayonlaşdırılıb. Onların məhsuldarlığı ən azı 1 ha sahədə 70 sentner təşkil edir. Hətta elə sortlar var ki, məhsuldarlığı 1 hektara 90 sentner təşkil edir".

İnstitut direktoru bu cür sortların mövcudluğu haqda dəfələrlə həm fermerlərə, həm də keçmiş kənd təsərrüfatı nazirinə məlumat verildiyini bildirib. Alim hesab edir ki, bu kimi sortlar hesabına daxili tələbatı kifayət qədər ödəmək mümkündür. "Bunun üçün ilk növbədə insanların təfəkkürünü dəyişmək lazımdır. Seminarlarda fermerlərə dəfələrlə taxılı düzgün əkib-becərməyin yollarını öyrətmişik. Regionlar üzrə hansı sortların daha münasib olduğunu bildirmişik. Lakin bunların heç birinə əməl olunmur. Vahid mərkəz olmadığı üçün fermerlər istədikləri toxumlardan məhsul almağa çalışır və nəticədə gözləntiləri də özünü doğrultmur", - deyə C.Təlai bildirib.

Elmi mərkəzin rəhbərinin fikrincə, problemi həll etmək üçün ilk növbədə dövlət tərəfindən proseslərə güclü nəzarət olmalıdır. Vahid mərkəz təşkil olunmalı və böyük kooperasiya təsərrüfatları yaradılmalıdır. Həmçinin, mütəxəssis çatışmazlığı da bu sahəyə mənfi təsir göstərir.

"Fermerlər bilməlidirlər ki, başqa ölkədə olan məhsuldar bitki Azərbaycanın şəraitinə uyğunlaşa bilmir. Ona görə də yaşadığı rayona görə toxum seçməlidir. Eyni zamanda, taxılı uzun müddət bir torpaqda əkməməlidirlər. Bir sahədən bu il taxıl götürülürsə, gələn il onun yerinə başqa bitki əkilməlidir. Belə olduqda yeni bitki həmin torpağın fonunu dəyişir və məhsuldarlıq artır. Lakin ölkədə fermerlər bunların heç birinə əməl etmirlər. Nəticədə, taxılın orta məhsuldarlığı ən aşağı səviyyədə - 27 sentner təşkil edir. Amma düzgün üsullardan istifadə olunarsa, bu rəqəmi 52 sentnerə çatdırmaq mümkündür. Sonra da taxıl idxalına ehtiyac qalmaz", - deyə C.Təlai vurğulayıb.

Bundan başqa, iri kooperativ təsərrüfatların yaradılması da bu prosesə yardım edəcək. Hazırda ölkədə 800 min pay torpağı olsa da, kooperasiyasız istənilən nəticəyə nail olmaq çətindir.

Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru fermerlərə subsidiyaların verilməsinin daha fərqli şəkildə həyata keçirilməsini təklif edir: "Məncə, ilk növbədə stimullaşdırıcı fond qurulmalı və fermerlər arasında rəqabət mühiti yaradılmalıdır. Yəni, fermerlərdə həm məhsuldarlığın artırılmasında, həm də keyfiyyətin yüksəldilməsində maraq oyatmaq lazımdır. Bunun üçün xüsusi meyarlar müəyyən edilə bilər. Məhsuldarlığı və keyfiyyəti aşağı olanlara subsidiyalar verilməməlidir. Bir sözlə, bu iş fermerin dövlətin sifarişini artıqlaması ilə yerinə yetirməsinə və keyfiyyətli taxıl əldə olunmasına, eləcə də onun gəlir əldə etməsinə xidmət etməlidir".

Sizin Reklam Yeriniz