Əlaqə Arxiv
news Image
2014.02.12
18:29
| A A A
Bələdiyyələrin sayı yenidən azaldıla bilər
Vüqar Tofiqli: «Azərbaycan kimi bir məmləkətdə 1718 bələdiyyənin olması həddindən artıq çoxdur» İlqar Hüseynov: «Bələdiyyələrdə faliyyət göstərən işçi personalını və qulluqçularının sayını azaltmaqdansa, onların maaliyyə imkanlarını artırmaq daha məqsədəuyğundur»

"Hazırda Azərbaycanda bələdiyyə üzvlərinin, həm də bələdiyyələrin sayında çoxluq müşahidə olunur. Yaxın gələcəkdə bununla bağlı müəyyən tədbirlər həyata keçirilə bilər".  Belə bir açıqlama ilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə çıxış edib. O bildirib ki, bəzi kənd bələdiyyələrində 5-7 nəfər fəaliyyət göstərir. Millət vəkili Səyavuş Novruzov da hesab edir ki, bələdiyyə  üzvlərinin sayı azaldılmalıdır: "Dünyanın heç yerində, hətta bələdiyyə sistemi inkişaf etmiş ölkələrdə belə bələdiyyənin bu qədər üzvü olmur. Bu ilki seçkidə biz  20 minə yaxın insanı seçməli olacağıq. Bu da seçki prosesini ağırlaşdırır".

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli Mövqe.az saytına verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: "Bu barədə mən özüm də artıq bir neçə dəfə təklif irəli sürmüşəm. Çünki bu gün Azərbaycan kimi bir məmləkətdə 1718 bələdiyyənin olması həddindən artıq çoxdur. Onlardan geniş səlahiyyətlərə malik olan və inzibati qaydada dövlət qarşısında tələblərə cavab verən yalnız 400 bələdiyyə fəaliyyətdədir. Ona görə də Azərbaycanda bələdiyyə sistemində olan çoxluğun aradan qaldırılması həqiqətən məqsədəuyğundur. Bu, gələcəkdə bələdiyyələrin nüfuzunun artırılmasına təkan verə bilər. Amma onsuz da bələdiyyələrin birləşdirilməsinə və ya təkmilləşdirilməsinə yönələn addımlar tək bununla bitmir. Sadəcə olaraq, irəli sürülən təklif görülməli olan işlərin bir hissəsidir. Mövcud bələdiyyələrin sayının azaldılması gələcəkdə həmin bələdiyyələrin inkişafına müəyyən mənada rəvac verə bilər. Amma ümumilikdə, bizdə problem təkcə bələdiyyələrin sayının azaldılması deyil. Bələdiyyə sədrlərinin birbaşa yerlərdə çıxışı məsələsi, bələdiyyələrə yeni istiqamətlərinin verilməsi və yaxud da bələdiyyəlin nüfuzunun yüksəlməsi üçün müəyyən işlərin aparılması, icra hakimiyyəti orqanlarının strukturunda müəyyən səlahiyyətlər nəzərdə tutulan qanunvericilik bazasının hazırlanması və s. görülməli işlər sırasındadır. Bunlar kompleks şəkildə həll olunmalıdır. Amma bələdiyyələrin sayının azaldılması da bu görülməli tədbirlərin tərkib hissəsidir". 


Ölkədə mövcud bələdiyyələrin, eyni zamanda işçilərin sayının qanunla tənzimləndiyini deyən bələdiyyə üzrə ekspert İlqar Hüseynov isə başqa bir təklif irəli sürdü: "Azərbaycanda bələdiyyələrin formalaşması, onların və orda çalışan personalın sayı məhz qanunla müəyyən olnub. Azərbaycan Respublikasının bələdiyyə haqqında müvafiq qanunu var. Bundan əvvəl də  xeyli sayda bələdiyyələr var idi və 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi. Bir sıra kiçik bələdiyyələr birləşərək böyük bələdiyyələrə çevrildilər. Təbii ki, bələdiyyələrin mövcud olduğu ərazidəki əhalinin say tərkibinə görə bu və ya digər bələdiyyə üzvlərinin sayı qanunla tənzimlənərək müəyyənləşdirildi. Əgər bələdiyyələrin sayı azaldılacaqsa da, bunun üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Əslinə baxanda, bu prosses 2009-cu ildə başa çatdırılıb. Bələdiyyələr birləşdirilib və müvafiq qanunvericiklə say tərkibi müəyyənləşdirilib. Amma bələdiyyə personalının azaldılması məsələsinə gəlincə, əksinə indiki halda bələdiyyələr az tərkibdə olan işçilərinin əmək haqqını vermək imkanlarına belə malik deyillər. Amma xidmətlərin sayı kifayət qədərdir və bunların yerinə yetirilməsi üçün insanlara onsuz da ehtiyac var. Belə olduqda biz daha fərqli bir şey təklif edirik. Bələdiyyələrdə qulluqçuların azaldılmasındansa, həmin tərkibi yerində saxlamaqla onların səlahiyyətlərini artırmaq və onların maaliyyə imkanlarının, resurslarının artırılması yönündə addımlar atılması daha məqsəduyğundur. 1999-cu ildə bələdiyyələr yaradılarkən bir sıra vergilər, məsələn, dayanacaqlardan gələn vergilər, reklamlardan gələn vergi növlərinin toplanması birbaşa bələdiyələrin səlahiyyətinə verilmişdi. Sonradan qanunvericilikdə dəyişiklik edildi və səlahiyyətlərin azaldılması bələdiyyələrin maaliyə imkanlarının azalmasına gətirib çıxardı. Nəticədə bu, bələdiyyələrə maaliyyə resurslarını, işçilərini saxlamaqda çətinlik yaratdı. Ona görə də, biz təklif edirik ki, bələdiyyələrdə faliyyət göstərən işçi personalını və qulluqçularının sayını azaltmaqdansa, onların maaliyyə imkanlarını artırmaq daha məqsədəuyğundur". 




Sizin Reklam Yeriniz