Mövsümlə əlaqədar ölkə ərazisində bir neçə gün əvvəl müşahidə olunan sərt şaxtalı hava kənd təsərrüfatı məhsullarına da öz mənfi təsirini göstərdi. Məlumata görə, son günlərdə şimal bölgəsindəki rayonlardakı fermerlər bununla bağlı ciddi ziyana məruz qalıblar. Şaxta saxlanma yerlərində xeyli həcmdə alma məhsulunu donduraraq sıradan çıxarıb. Qeyd edək ki, fermerlər də hamısı soyuducu anbarlardan istifadə etmirlər. Onların bir çoxu düzəltdikləri xüsusi yerlərdə meyvə-tərəvəzi bu cür şaxtalardan qorumağa çalışırlar.
Lakin bərk şaxtalar belə yerlərdə meyvə-tərəvəzi asanlıqla sıradan çıxara bilir. Bu şəraitdə bazarda yerli məhsulların həcmi azalır.
Lakin ekspertlər bu halda belə yerli
məhsulların qiymətində kəskin artımın gözlənilmədiyini bildirirlər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Movqe.az-a
açıqlamasında qiymət artımının indi deyil, Novruz bayramı
ərəfəsində müşahidə olunacağını bildirib: "Bazarda indiki vəziyyət
demək olar ki, ardıcıl şəkildə davam edir. Yəni, birinci dəfə
deyil ki, məhsul qıt olur, yaxud da istehsal etdiyimiz məhsulu
saxlamaqda problemlərlə üzləşirik. Burda məsələ yalnız
sahibkarların fərdi qaydada öz məhsullarını saxlamaqla bağlı
problem deyil. Həm də soyuducu anbarlarda saxlanılan məhsulların da
bir qismi xarab olur. Orda müəyyən tempratur rejimi yaratmaq
lazımdır ki, bizim soyuducu kameralarda kifayət qədər bacarıqlı
mütəxəssislərin sayı az olduğundan, bu, təmin oluna bilmir. Bunun
da nəticəsində biz görürük ki, məhsulun bir qismi istehsal, bir
qismi daşınma, bir qismi satış, bir qismi isə saxlama zamanı xarab
olur. Bütün bunlar zəncirvari formada məhsul istehsalından tutmuş
onun satışına, emalına qədər prossesdə baş verir. Bu, bizim həm
fermerlərimizin, həm də bu işə məsul olan sahibkarlarımızın öz
işinin öhdəsindən lazımi şəkildə gələ bilmədiyindən xəbər verir.
Təəssüflər olsun ki, bu xeyli miqdarda itkiyə yol verir. Bu itki
ümumiyyətlə, əvvəllər də olduğu üçün bazarda kəskin qiymət artımı
özünü göstərməyəcək.
Bazarda qiymət artımı daha çox bayram ərəfəsində baş verəcək. Ona görə ki, bizim istehlakçılar çalışırlar ki, daha çox bayram ərəfəsində bazarlıq etsinlər. Bayram süfrəsini bol etmək üçün. Belə olan halda idxala məsul olan sahibkarlar da bunu izləyirlər. Onlar həm ölkə daxilində istehsal olunan məhsulun topdan satışı ilə, həm də idxal olunan məhsulun satışı ilə məşğul olduqlarından yaranmış vəziyyətən çox məharətlə istifadə edirlər. Yəni, düşünürəm ki, bizdə qiymət artımı Novruz bayramı ərəfəsində müşahidə ediləcək".
Ekspert Nizami Qarayev isə cüzi
şəkildə qiymət artımının gözlənildiyini bildirsə də, bunun meyvə
mövsümünün sonu olması ilə bağlı olduğunu bildirib: "Düzdür,
şaxtalar adi şəkildə saxlanılan məhsullara müəyyən qədər ziyan
vurub. Amma müasir anbarlarda saxlanan kifayət qədər
məhsullar da var. Həm də anbarlardakı məhsulların heç də hamısı
sıradan çıxmayıb. Ona görə də, məhsulun qiymətinin kəskin qalxması
gözlənilmir. Amma mövsümün sonu yaxınlaşdıqca meyvənin miqdarıın
azalması prosesi gedir ki, bu halda qiymətlərdə cüzi artım müşahidə
oluna bilər. Bununla belə qiymətin kəskin qalxması gözlənilmir.
Cüzi də olsa, müşahidə olunacaq artım təbiidir. Çünki, yeni məhsul
istehsalına yaxın köhnə meyvə azaldığından, təbii olaraq da qiymət
qalxır".