Son günlərdə, əsas diqqət cəlb edən məsələlərdən biri də mənzillər üçün kreditlərin dayandırılmasıdır. Bu fonda maraqlıdır ki, mənzillərin qiyməti daha da artır. Ekspertlər isə bunun səbəblərini fərqli prizmadan izah edirlər.
Bu sahədəki qiymət artımının kredit siyasəti
ilə deyil, yeni tikinti dalğasının başlaması ilə əlaqəli olduğunu
düşünən iqtisadçı ekspert Məhəmməd Talıblı təkrar mənzillərin
qiymətində də artım müşahidə olunacağını dedi: "Düşünürəm ki,
mənzillərin qiymətinin qalxması heç də bankların kredit siyasəti
ilə bağlı deyil. Bu, daha çox ölkədə müşahidə olunan yeni tikinti
dalğası ilə bağlıdır. Yeni tikinti dalğası xüsusilə də "Sovetski"
deyilən ərazini əhatə edir. Ümumiyyətlə, hal-hazırda Bakı ətrafında
da sürətli söküntü işlərinə başlanıbdır. Ona görə də, bu, daha çox
özünü həmin o yeni tikiləcək mənzillərdə göstərir. Vətəndaşlar
sökülən evləri üçün kompensasiya alacaqlarına görə, yeni mənzillərə
tələbat artacaq. Bu halda bazardakı təkrar mənzillərin də
qiymətində artım müşahidə olunacaq. Əslində, bunu bir qədər
də psixoloji amillərlə bağlamaq olar. Çünki bilirsiniz ki, hələ
"Sovetski" deyilən ərazilərdə və başqa ərazilərdə kompensasiyaların
tam verilməsi başa çatmayıb, prosesin ilkin mərhələsidir. Hələ
vətəndaşların əlinə kompensasiya pulu çatmamış ona uyğun
olaraq bazarda tikinti materiallarının qiymətlərinə start
veilibdir. Yaxın müddətdə psixoloji qiymət həddi bir az da yüksələ
bilər. Ona görə də, tikinti marteriallarına tələbat da artacaq. Bu
səbəbdən də qiymətlər artıb".
"MBA LTD" şirkətinin rəhbəri Nüsrət
İbrahimov tikinti sahəsindəki qiymət artımının bazar qiymətlərinə
uyğun olduğunu düşünür: "Tikinti şirkətləri qiymətləri bazara uyğun
olaraq artırırlar. Bazarda ümumi qiymətlər artdığından, mənzillərin
də qiyməti artır. Mərkəzi Bank ona görə kredit siyasətini
sərtləşdirir ki, pul-kredit sistemi stabil qalsın. Çünki,
bildiyiniz kimi, Mərkəzi Bank bu sahəyə diqqət yetirir ki,
qiymətlər stabil qalsın, inflyasiya aşağı səviyyədə olsun, manatın
məzənnəsi stabil olsun və s. Ona görə də, siyasəti bu istiqamətdə
yönəldir. Mərkəzi Bank bazardakı vəziyyəti izləyir və görür ki,
daşınmaz əmlak sahəsində qiymətlər həddən artıq qalxıb. Ona görə də
bu sahədə siyasətini sərtləşdirir".