Aydın İsmiyev: "Bazar iqtisadiyyatı olduğu üçün dövlət bu işə qarışa bilmir"
Bu gün Azərbaycanda turizmin inkişafına maneə yaradan əsas amillərdən biri əvvəlki kimi xidmət haqlarının baha olmasıdır. Xüsusən də paytaxtda və regionlarda 4-5 ulduzlu otellərin daha çox olması və burada xidmət haqlarının bahalığı turistlərin gəlişinə ciddi maneə sayılır. Halbuki, əksər xarici ölkələrdə bahalı otellərlə bərabər, 1 və 2 ulduzlu sərfəli qiymətə olan otellərə də rast gəlinir. Yəni, müştərilərə hər cür xidmət təklif edilir və onların seçim imkanı geniş olur. Hesab olunur ki, Azərbaycanda belə otellərin inşası stimullaşdırılmalı, məsələn, onları inş aedən və işlədən sahibkarlara vergi güzəştləri tətbiq olunmalıdır.
Dövlət tərəfindən bu sahəyə böyük diqqət ayrıldığını deyən turizm eksperti Elxan Vəliyev yaxın zamanlarda ölkəmizdə 1-2 ulduzlu otellərin də tikilməsinin nəzərdə tutulduğunu bildirdi: "Bu gün dövlət turizmin inkişafına böyük diqqət ayırır. Ölkədə çoxlu sayda otellərin tikintisi hazırda gündəmdə olan məsələlərdəndir.
Ölkədə həm yeni 4-5 ulduzlu otellərin, həm də daha aşağı, 1-2 ulduzlu otellərin tikilməsi nəzərdə tutulur. Bunlarla da bağlı müvafiq yeniliklər var. Bəzi yerlərdə bu işlərin əsası qoyulub və işlərin davamı da gözlənilir. Bir müddət sonra biz artıq nəticələri görəcəyik. Dünya təcrübəsinə əsaslansaq görərik ki, 5 ulduzlu otellərin 1-2 ulduzlu otelləri də olur. Turizm cəhətdən inkişaf etmiş bir çox ölkələrdə elə otellər var ki, kompleks şəklindədir. Bir hissəsi 5 ulduzlu otel səviyyəsindədirsə, bir hissəsi pansionat şəklindədir. Bu təcrübənin də ölkəmizdə tətbiqi məqsədəuyğun olardı. Elə bu yöndə də yaxın zamanlarda həm Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən müvafiq addımların atılması gözlənilir".
İqtisadçı-ekspert Vüqar Bayramov dövlət tərəfindən sahibkarlara güzəştli
kreditlər verilərsə, müəyyən yüngülləşdirici təkliflər edilərsə,
sahibkarların da bu işə marağının artacağını düşünür: "Turizmin
inkişafı ilə əlaqədar çox ulduzlu otellərlə bərabər, 1 və 2 ulduzlu
otellərin tikilməsi də vacibdir. Ona görə ki, belə otellərin
qiyməti daha aşağı olur və turistləri cəlb edir. Təəssüf ki, bu gün
Azərbaycanda sahibkarlar yalnız 4-5 ulduzlu, bahalı otellərin
tikintisinə maraq göstərirlər. O baxımdan, güman olunur ki, 1-2
ulduzlu otellərə marağın az olması iş adamlarının 4-5 ulduzlu
otellərə daha çox üstünlük verməsi ilə əlaqədardır. Ona görə də
dövlətin də bu istiqamətdə müəyyən tədbirlər həyata keçirməsinə
ehtiyac var. Ən azından az ulduzlu otellər üçün qiymətlərin
tənzimlənməsi iş adamlarının bu tip otellərin də tikilməsinə
marağının artması ilə nəticələnə bilər. Belə ki, dövlət tətəfindən
az ulduzlu və ya ulduzsuz otellər üçün müəyyən güzəştlər tətbiq
edilə bilər. Eyni zamanda Sahibkarlığın İnkişafına Yardım
Fondu sahibkarlara bu otellərin tikintisi üçün güzəştli kreditlər
təklif edə bilər. Bunlar imkan verəcək ki, sahibkarlar verilən
güzəştlərdən faydalanıb az ulduzlu otellərin də inşasında maraqlı
olsunlar. Bu səbəbdən, dövlətin bu işə müdaxiləsinə birmənalı
şəkildə ehtiyac var. Dövlətin müdaxiləsi və güzəştli kreditlərin
verilməsi sahibkarları az ulduzlu otellərin inşasına stimullaşdıra
bilər".
Mədəniyyət və Turizm Nazirliyinin
Turizm şöbəsinin müdiri Aydın İsmiyev isə
saytımıza verdiyi açıqlamada məsələyə fəqli münasibət bildirdi:
"Otellərin tikintisi ilə ayrı-ayrı sahibkarlar məşğul olur.
Ölkədəki sahibkarlar isə yüksək keyfiyyətli, 4-5 ulduzlu otellərin
inşasında daha çox maraqlıdırlar. Onlar bu yüksək ulduzlu
otelləri tikərkən dövlət onlara heç bir güzəşt etməmişdi. Ona görə,
düşünmürəm ki, 1 və 2 ulduzlu otellərin tikintisi üçün də hər hansı
güzəşt edilməsi lazımdır. Bazar iqtisadiyyatı olduğu üçün
dövlət bu işə qarışa bilmir. Bu, tamamailə sahibkarların marağı ilə
bağlı olan məsələdir".