Artıq bir çox dünya ölkələrində həm ekoloji cəhətdən faydalı, həm də iqtisadi cəhətdən sərfəli sayılan alternativ enerji növlərindən istifadə halları genişlənir. Bunlardan biri də Günəş batareyalarıdır. Bu batareyalar Günəş işığından qidalanır. Sözügedən batareyalardan Azərbaycanda da istifadə olunması və onun hətta fərdi evlərdə quraşdırılması kimi məsələlər Azərbaycanda da gündəmə gəlib. Lakin bunun haçan reallaşacağından hələ də xəbər yoxdur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
eksperti Fərhad Bayramov Mövqe.az saytına verdiyi açıqlamada artıq
ölkəmizdə bir neçə bu tipli layihələrin həyata keçirildiyini deyir:
"Aydın məsələdir ki, Günəş enerjisi və ondan istifadə ilə bağlı
zamanı gəldikcə tez-tez danışılır. Lakin sevindirici haldır ki,
artıq ölkəmizdə real nəticə olaraq nümunə göstərə biləcəyimiz,
həyata keçmiş və davam edən layihələr mövcuddur".
Ekspert Günəş batareyalarından istifadənin iqtisadi, eyni zamanda sosial cəhətdən səmərəli olacağını düşünür: "Məsələyə bir iqtisadçı kimi yanaşdıqda, belə bir növ enerji ehtiyatlarının toplanması və istifadəsi iqtisadi baxımdan səmərəlidirmi sualına cavab birmənalı olaraq bəllidir. Öncəliklə qeyd edim ki, Günəş enerjisi anlayışı yeni yaranmış olsa da, dünyada bu təcrübəni öyrənmək üçün kifayət qədər imkan var. Bu enerjinin ölkələr üçün daha cəlbedici olmasına bir neçə səbəb var. Belə ki, ilk öncə tükənməz bir enerji mənbəyidir və eyni zamanda həm təmiz, yəni zərərli qaz, duman və s. maddələr ətrafa yaymır. İqtisadi olaraq isə belə bir alternativ enerjinin əhəmiyyətli olmasına səbəb dünyada baş verə biləcək iqtisadi böhranların təsirinə məruz qalmamasıdır. Texnoloji baxımdan sadə olduğu üçün həmin Günəş enerjisi batareyalarının quraşdırılması asandır. Əslində, belə enerji növlərinin ölkədə quraşdırılması qısa dövr üçün geniş və ətraflı layihələr tələb etsə də, uzun müddətli dövr üçün xərclərin azalmasına ciddi şəkildə təsir edəcəkdir.
Məsələnin sosial aspekti də var. Belə ki, bu növ enerjinin əldə edilməsi iqlim şəraitindən asılıdır və beləliklə proqnozlaşdırılan bir enerji mənbəyidir. Bu da imkan verir ki, ölkə üzrə bu enerjinin təmin edilməsi zamanı dövlət tarifləri öncədən müəyyən etsin və ictimaiyyətə bildirsin".
Fərhad Bayramov sözügedən elektrik stansiyalarının genişləndirilməsi üçün sahibkarlara stimullaşdırıcı təkliflər verilməsinə ehtiyac olduğunu da bildirdi: "Bəs belə bir enerji növü üçün infrastrukturun yaradılmasından ötrü hansı addımların atılması zəruri və əhəmiyyətlidir?" sualına isə cavab olaraq demək istərdim ki, artıq Qobustanda Günəş və külək elektrik stansiyaları yaradılıb və Günəş enerjisi batareyaları istehsal edən zavod da tikilməkdədir.
Dünya təcrübəsində də olduğu kimi dövlət özü bu sektorda fəaliyyətə başladığı zaman sahibkarlıq fəaliyyətində olmaq istəyənlərə də dəstək olmalıdır. Bu fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlara zəmanətlər verilməsi faydalı olar. Məsələn, dövlət həmin sahibkarlara, onların istehsal etdikləri enerjini satın alacağı barədə zəmanət verə bilər. Digər bir vasitə, onlara vergilər tətbiq edildiyi zaman güzəştlərin əhəmiyyətli dərəcədə çox olması arzuolunandır. Ən vacib digər bir amil isə, bu sahənin davamlılığını təmin etmək üçün elm sahəsinə yönəldilən dövlət xərclərinin həcmini artırmaqdır. Ölkəmizdə bu sahənin inkişafı üçün həm maddi baza, həm də iqlim şəraiti vardır. Əslində, bu sektordan əldə olunan enerjinin bütün respublika ərazisinə yaymaq hədəf olmaya bilər. Amma Günəş enerjisi çox alan əraziləri bu enerji ilə davamlı təmin etmək məqsədəuyğundur və mümkündür. Sevindirici haldır ki bununla bağlı Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi də yaradılıb. Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyev 2014-cü ili "Sənaye ili" olaraq elan edib, o zaman bu özü böyük bir imkandır ki, sahibkarlar həmin sahəyə investisiyalar yönəltsinlər".
Enerji məslələri üzrə
iqtisadçı-ekpert İlham Şaban isə məsələyə fəqli yanaşır. Belə ki,
ekpert artıq Günəş batareyalarından da sərfəli foton enerjisindən
istifadəni məsləhət görür: "Bu gün artıq Avropada və Şərqin inkişaf
etmiş bir çox ölkələrində günəş batereyalarından deyil, foton
enerjisindən istifadə edirlir. Foton qurğuları Günəşdən yox,
ümumiyyətlə, işıqdan qidalanır. Bu, istənilən işıq ola bilər. Bu
qurğular istər Ay işığı olsun, istər lampa işığı olsun, istənilən
işıqdan enerji toplamağa qadirdirlər. Onlar çox sadə konstruksiyaya
malikdirlər. Artıq o səviyyəyə gəlib çatıb ki, bir sıra
xarici ölkələrdə foton qurğuları super marketlərdə satılır.
Həmin ölkələrdə onlardan istifadə etmək qaydaları və onların
istehsal etdiyi elektrikin paylayıcı şəbəkəyə ötürülməsi çox rahat
şəkildə tənzimlənir. Enerjisi varsa, paylayıcı sistemə
verilir. Buna görə də, belə ölkələrdə alternativ enerjinin tətbiqi
get-gedə artır. Bu ölkələrdə həmin qurğuların enerji verici tutumu
da artır. Bu gün ən güclü sistemlər Amerikadadır. 1 kvadratmetr
sahəsi olan həmin qurğular bir kilovatt saata qədər elektrik
enerjisi istehsal edə bilirlər. Foton qurğular pəncərəyə, eyvanın
məhəccərinə və s. quraşdırılır. İqtisadi cəhətdən də çox
sərfəlidir.
Bu gün Azərbaycanda enerjiyə ən çox qənaətli qurğular lüminiset lampalardır ki, ondan da əhalinin yarısı istifadə edirsə, yarısı istifadə etmir. Belə bir fikir yaradılıb ki, lüminiset lampalar gözdə xəstəlik əmlə gətirir. Hətta, xərçəng xəstəliyinə belə gətirib çıxara biləcəyi deyilir. Yeni texnologiyaların qəbul olunmaması sırf iqtisadi şəraitlə bağlıdır. Adi lampa 40 qəpik, o biri 1 manat yarımdırsa, buna görə alıcılar birincini üstün tuturlar.
Alternativ enerjinin bir növü də istiliyin saxlanmasıdır. Foton qurğuları evlərin və ya başqa tikililərin qızdırılmasında da müəyyən mühüm rol oynayır. Onların enerji saxlama qabiliyyəti yüksəkdir. Bu alternativ enerji qurğuları ilə evlərə verilən istilik bəs edir ki, insanlar istilik üçün digər ənənəvi üsullardan istifadə etməsinlər. Məsələn, qonşu Türkiyədə belədir. Evlərin qızdırılmasında və ya adicə su üçün biz kombidən istifadə ediriksə, onlar damlarda foton enerjisinə əsaslanmış qurğular yerləşdirirlər. Bunlar yağışla havada belə 50 dərəcəyə qədər istiliyi problemsiz yarada bilirlər. Anadoludan İstanbula qədər fərqi istər həyət evi, istərsə də çoxmərtəbəli binalarda bunlardan istifadə olunur. Foton qurğularından istifadə ilə insanlar görün nə qədər həm elektrik enerjisinə, həm də təbii qaza qənaət etmiş olurlar. Bütün bunlara görə, düşünürəm ki, bizdə də Günəş enerjisi ilə çalışan batareyalardan yox, elə foton enerjisindən istifadə olunması daha məqsədəuyğundur".