Əlaqə Arxiv
news Image
2014.02.21
16:05
| A A A
Supermarketlərə görə qiymətlər ucuzlaşacaq
Ruslan Atakişiyev: «Bu gün həm supermarketlər, həm də kiçik mağazalar məhsulları eyni mənbədən əldə edirlər» İlham Hüseynli: «İri marketlərdə qiymətlər normalda digər mağazalara nisbətən daha ucuz olur»

Qərb, elə Azərbaycan təcrübəsi göstərir ki,  supermarketlərdə satılan məhsullar xırda mağazalara nisbətən daha ucuz qiymətə təkdlif olunur. Həm bol çeşid, həm də münasib qiymətlər təklifinin qarşılığında da bu iri marketlərin müştəriləri hər zaman digərlərindən daha çox olur. Böyük supermarketlərin artması onlar arasında həm də kəskin rəqabətin yaranması ilə müşayiət olunur. Bu rəqabət isə son nəticədə qiymətlərin daha da aşağı düşməsini şərtləndirir. 

Son illər Azərbaycanda da bir-birindən yaraşıqlı xeyli sayda supermarketlər açılıb. Maraqlıdır, onların sayının sürətlə artması fonunda bu marketlərdə qiymətlər daha da ucuzlaşa bilərmi? 

 İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Mövqe.az-a açıqlamasında məsələ ilə bağlı bildirir: "Bu gün inkişaf etmiş ölkələrdə, Avropanın iri şəhərlərində hər hansı bir supermarketə girdikdə həqiqətən də qiymətlərin kiçik mağazalara nisbətən ucuz olması müşahidə edilir.  Amma Azərbaycanda hələlik bu baş vermir.  Burada bir neçə məsələ var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, bu gün həm supermarketlər, həm də kiçik mağazalar məhsulları eyni mənbədən əldə edirlər. Nəticədə onlar hamısı məhsulu topdansatış prossesini həyata keçirən sahibkarlar tərəfindən diqtə edilmiş qiymətlərlə alırlar. Buna görə də onların  müştəriləri cəlb etmək üçün manevr edərək qiymətləri kəskin şəkildə ucuzlaşdırma şansları olmur. Ona görə də, böyük mağazalarda kiçiklərə nisbətən qiymət fərqi maksimum 15-20 qəpik kimi xırda məbləğlərdə olur. 

Bir məhsul üzrə istehsalçı, onu xaricdən gətirən mənbələr müxtəlif, onların sayı çox olsa, o zaman rəqabət mühiti formalaşa bilər. İqtisadiyyatın qanunlarına əsasən, yalnız konkret eyni tip, eyni keyfiyyətli məhsulun satıcılarının, təsisatçılarının sayının çox olması rəqabətə gətirib çıxara bilər. Məsələn, hər hansı bir yağı ölkəyə bir neçə şirkət gətirsə, onların arasında istər-istəməz fərq ola bilər. Çünki rəqabət yaranacaq. Biri məhsulu baha gətirəcəksə, biri daha ucuz gətirəcək. Biri gətirərkən nəqliyyat vasitəsi kimi başqa yoldan istifadə edirsə, o biri fəqli vasitədən istifadə edəcək və s. Amma onu yalnız bir firma gətirirsə, o zaman şirkətin heç bir marağı olmayacaq ki, məhsulu daha ucuz qiymətə satsın".  

 İqtisadçı-ekspert İlham Hüseynli də rəqabət amilini önə çəkir: " İri marketlərdə qiymətlər normalda digər mağazalara nisbətən daha ucuz olur. Çünki iri marketlərdə  məhsul və çeşidlər çoxdur. Daha çox sayda gətirilir və realizə olunur. Nəticədə qiymətlərin aşağı olması çox təbii prossesdir. Çox təəssüf ki, Azəbaycanda bu proses hələ geniş miqyasda  müşahidə edilmir.  Bəzi məhsullarda fərqlər hiss olunsa da, bu çox da böyük olmur. Marketlər eyni məhsulları yaxın qiymətlərə aldıqlarına görə, satış qiymətlərində də böyük fərq hiss olunmur. Düşünürəm ki, bizim istehlakçılar o zaman qiymət fərqi hiss edəcəklər ki, bazarda daha böyük rəqabət olsun". 


Sizin Reklam Yeriniz