Əlaqə Arxiv
news Image
2014.02.21
16:32
| A A A
Dövləti zərərə salan sürücülər
Ərşad Hüseynov: «Əvvəlcə zərər vurmuş sürücü ilə şifahi söhbət aparılmalı, razılaşma əldə edilmədikdə münasibətlər hüquqi müstəvidə öz həllini tapmalıdır» Əliməmməd Nuriyev: «Bu, tamamilə mülki münasibətlər çərçivəsində həll olunan məsələdir»

Yol qəzaları və digər hadisələr nəticəsində yol ifnrastrukturuna hər il böyük həcmdə zifan dəyir. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, 2013-cü ildə Azərbaycanda yol təsərrüfatına 2,5 milyon manata yaxın məbləğdə ziyan dəyib. Onun sözlərinə görə, yol qurğularına əsasən nəqliyyat vasitələri tərəfindən ziyan vurulub ki, onların da içərisində əyrixətli tirlərin sıradan çıxması üstünlük təşkil edir. Bunun qarşılığında sürücülər və avtomobil sahibləri tərəfindən edilmiş ödənişlər isə çox aşağı səviyyədədir: "2,5 milyon manata qarşı cəmi 190 min manatdan bir az artıq məbləğ ödənilib. Bu isə dəymiş ümumi ziyanın cəmi 7-8 faizini təşkil edir ki, bu da çox aşağı rəqəmdir".

Bu hal bir daha onu göstərir ki, sürücülərin əksəriyyəti dövlət əmlakına vurduqları ziyanın qarşılığını ödəməkdən yayınırlar. Nəticədə dövlət büscəsinə ciddi ziyan dəyir. Bu hallara qarşı hansı addımlar atılmalıdır? Sürücüləri hansı yolla dəymiş ziyanın tam ödənməsinə cəlb etmək olar?

Nəqliyyatçı-ekspert Ərşad Hüseynov Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Həm yol-nəqliyyat hadisələri, həm də yükdaşıma qaydalarının pozulması nəticəsində yollara ziyan dəyə bilir. Məsələn, ötən yayın sonlarında Göyçay rayonunda kəndlərin birinin  yaxınlığında yük maşının normadan çox yüklənməsinə görə, yaranan ağırlıq ucbatından körpü uçmuşdu.  Qanunvericiliyə əsasən, əgər sürücünün səhvi, ehtiyatsızlığı ucbatından asfalt korlanarsa, dirəklər aşarsa, yol kənarlarındakı hasarlar zədələnərsə və  s. dövlət əmlakına ziyan dəymiş sayılır və dəyən ziyan sürücü tərəfindən ödənməlidir. Bu zaman  ilk olaraq dövlət əmlakına dəyən ziyan dəqiq müəyyən edilməli, ziyan faktı qanuna əsasən rəsmiləşdirilməlidir.  Əvvəlcə zərər vurmuş sürücü ilə şifahi söhbət aparılmalı, razılaşma əldə edilmədikdə münasibətlər hüquqi müstəvidə öz həllini tapmalıdır.  Əgər heç bir problem olmasa, mülki iddianın bərpa olunması şansı 80-90%-dir. Ondan sonra həmin qətnamələri icraya yönəltmək lazımdır.  Əgər heç bir halda şəxs dəymiş ziyanı ödəmirsə, onun əmlakına, bank hesabına və s. əl qoyulur".

Ekspert bu cür qurğulara dəyən zərərdə bəzən günahın sürücülərdə deyil, səhv qurulmuş yol infrasrtukturundan məsul olan şəxslərdə olduğunu düşünür: " Elə hallar olur ki, sürücü hər hansı bir işıq dirəyinə dəyir, dirək zədələnir. Bu zaman yol mühafizəsini həyata keçirən orqan sürücüdən dəymiş ziyanı qarşılamasını tələb edir. Lakin yol qaydaları və standartları haqda məlumatlı olan sürücü, başa düşəcək ki, əslində, normativlərə uyğun olaraq yolun bu hissəsində dirək qoyua bilməz. Bu zaman sürücü haqqını tələb edə, hətta avtomobilinə dəyən ziyanın aradan qaldırılmasnı da istəyə bilər. Çünki, günah onda yox, dirəyi uyğun olmayan yerdə yerləşdirən orqanlarda olur". 

Nəqliyyatçı-ekspert dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənməsinin də problemin həlli stiqamətində münasib addım olacağını deyir: "Onu da qeyd etmək lazımdır ki, dəymiş ziyanın ödənməsi üçün icbari sığortadan da istifadə oluna bilər. Düzdür, qanuna əsasən sığorta şirkətinin ödəyə biləcəyi zərər 5000 manatdır. Bundan çox ola bilməz. Amma yenə də ən azından xırda ziyanlar ödənilə bilər.  Bəlkə də 2.5 milyon manat qarşılığında ödənən 190 min manat da elə sığorta tərəfindən ödənilən məbləğdir".


Hüquqşünas Əliməmməd Nuriyev isə problemin hüquqi müstəvidə həlli yollarından danışıb: "Əgər dövlət əmlakına ziyan dəyibsə, dövlət əmlakının mühafizəsini həyata keçirən qurum tərəfindən bununla bağlı məhkəməyə müraciət olunmalıdır. Mülki qaydada iddia qaldırılmalıdır və iddia nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına çalışılmalıdır. Bu, tamamilə mülki münasibətlər çərçivəsində həll olunan məsələdir. Əgər əmlakın qəsdən məhv edilməsi baş veribsə, bununla bağlı artıq cinayət işi qaldırıla bilər. Çünki, qanunvericilkdə də bununla bağlı müvafiq normalar var. Amma çox güman ki, qəzaların əksəriyyətində qəsd amili olmur. Ehtiyatsızlıq üzündən baş verir. Əgər itirilən 2.5 milyon əvəzində cəmi 190 min manat ödənibsə, dəymiş ziyan daha çoxdursa,  artıq bu işə nəzarət edən orqanın daha çox tələbkar olması aktuallaşır. Əgər dəymiş ziyanla bağlı məhkəmə qərarı varsa, o qəraraların həyata keçirilməsi istiqamətində çalışılmalı və müvafiq srtrukturlara müraciət edilməlidir ki, icra məsələsini sürətləndirsinlər. Bu, eyni zamanda sürücülərin daha məsuliyyətli olmasına gətirib  çıxaracaq. Çünki, hər bir halda onlar düşünəcəklər ki, dəymiş ziyanı ödəmək lazımdır. Maneələrə və ya asfalt örtüyünə, digər mühafizə zolaqlarına  ciddi ziyan dəyibsə,  onların bərpa olunması üçün ödəniş etməli olduqlarını biləcəklər.  

Məhkəmədə qərar  verilsə belə, bununla bağlı ciddi addımlar atılmırsa, bu zaman iddiaçı tərəf buna sakit münasibət bəsləyirsə, bu, onun dövlət əmlakına münasibətinin göstəricisidir. Əgər şəxsi əmlak olsaydı, ödəniş daha ciddi tələb olunardı. Ona görə hesab edirəm ki, dövlət əmlakının qorunması və mühafizəsi istiqamətində işlər artırılmalı, nəzarət gücləndirilməlidir. 

Dövlət əmlakı məhz vətəndaşların büdcəsi hesabına formalaşan bir əmlakdır. Ona görə də, buna ciddi yanaşılmalıdır. Bunun üçün kifayət qədər normativ var. Sadəcə olaraq, bunun icrasına tələbkarlıqla yanaşılmalıdır". 


Sizin Reklam Yeriniz