Son vaxtlar paytaxtda aparılan söküntü və yenidənqurma işləri artıq məlumat verildiy kimi daşınmaz əmlak bazarında qiymət artımına səbəb olub. Prosesin hələ müəyyən müddət davam edəcəyi və qiymətlərin bunan sonra da yüksələcəyinə dair çoxsaylı proqnozlar verilməkdədir. Məlumdur ki, "Sovetski" adlanan ərazidəki yaşayış evlərinin sökülməsindən sonra, 2030-cu ilə kimi "Xutor" və "Papanin" adlandırılan ərazilərin sökülməsi də nəzərdə tutulur. Bu söküntü işləri ilə əlaqədar insanların mənzilə olan tələbatı təbii olaraq artır. Ən çox tələbat da ekonom klass evlərə olduğundan, bazarda hal-hazırda belə evlərin qıtlığı yaşanır. Yəni, əhali ekonom klass evlərlə təmin oluna bilmir. Bəs bu fonda elit evlərə tələbat arta bilərmi?
"Əmlak Bazarı İştirakçıları" İctimai
Birliyinin eksperti Rövşən Talıbzadə elit evlərə tələbatın
artmasının gözlənmədiyini, lakin ekonom klass evlərin qiymətində
bahalaşma müşahidə olunacağını düşünür: "Ümumiyyətlə, qeyd etmək
istərdim ki, Bakı şəhərində tikilmiş evlərin təsnifatını aparmaq
bir o qədər də doğru olmazdı. Adətən Avropada müəyyən standartlara
uyğun olaraq, evlər ekonom klass, elit evlər deyə siniflərə
ayrılır. Bizdə isə bu bölgü mənzilin qiymətinə əsasən aparılır.
Belə ki, bizdə sahəsi kvadratmetrə görə 600-700 manat arası olan
evlər ekonom klass, 3000-4000 manata olan evlər isə elit hesab
olunur. Əslində, bizdə bu bölgülər üçün standartlara cavab verən
evlər yoxdur. Hal-hazırda məsələ ondan ibarətdir ki, qiyməti
600-700 manata olan evlərə daha böyük tələbat yarandığından bu
sahədə qıtlıq yaranıb. Lakin bu o demək deyil ki, burda qıtlıq
yaranıb deyə, insanlar qiyməti bundan qat-qat baha olan evlərə üz
tutacaqlar. Sadəcə, düşünürəm ki, kvadratmetri 600-700 manata olan
ekonom klass evlərin qiymətlərində artım müşahidə
olunacaq".
"MBA LTD" şirkətinin rəhbəri
Nüsrət İbrahimov da elit evlərə tələbatın artacağını
proqnozlaşdırmır: "Elit evlərə tələbatın artmasını qətiyyən
gözləmirəm. Kvadrat metri 3000-4000 manata olan elit evlərin
qarşılığında ekonom klass evlərin dəyəri kvadratmetrə görə 600-700
manat dəyərindədir. Yəni, bunların arasında qiymətcə 5-6 dəfə fərq
var. Bu seqmentin öz alıcıları, digərinin öz alıcıları var. Amma
qətiyyən burda qıtlıq var deyə, elit evlərə tələbin artacağını
gözləmirəm. Belə bir ehtimal gözlənilmir".