Son vaxtlar dünya, eləcə də Azərbaycan bazarlarında qızılın qiymətində yenidən artımlar qeydə alınmaqdadır. Dünya bazarlarında qiymətli metalın bir unsiyasının qiyməti 1340 dollara kimi yüksəlib. Azərbaycanda da qızılın bir qramının qiymətində 8-10 manata kimi artım olduğuna dair məlumatlar yayılıb. Bu fonda daxili bazarda maraqlı məqamlardan biri də odur ki, hazır zinət əşyalarının alınmasına maraq azalıb. Bunun əksinə olaraq, külçə şəklində qızıla olan tələbat nəzərə çarpacaq dərəcədə artıb. Ekspertlər bunu külçə halında qızılın yığım vasitəsi kimi hazır qızıldan daha səmərəli olması ilə əlaqələndirirlər.
Belə ki, iqtisadşı-ekspert Rəşad
Həsənov Movqe.az-a açıqlamasında qızılın qiymətində müşahidə olunan
dəyişikliklərin bu istiqamətdə katalizator rolunu oynadığını
deyir: "Qızılın qiymətinin dünya bazarlarında dəyişməsi, həmçinin
Azərbaycanda da bu istiqamətdə tendensiyanın hiss edilməsi onun
yığım vasitəsi kimi funksiyasını nisbətən artırıb. Bundan
başqa qəzərə alaq ki, ölkədə bankların əmanət faizləri də manatın
mənfəətliyinə nisbətən daha azdır. Həmçinin banklarla bağlı həyata
keçiriliən islahatlar və Mərkəzi Bankın həyata keçirdiyi siyasət
nəticəsində 2015-ci ildən məcmu kapitalının artmasıyla bağlı qərar
bəzi bankların bağlanmasına gətirib çıxara bilər. Belə bir
ehtimalın mövcudluğu da insanların qızıla olan marağını, qızılın
yığım vasitəsi kimi funksiyasını daha da artırır. İlk öncə qeyd
etdiyimiz kimi, qızılın qiymətinin aşağı düşməsi bu istiqamətdə
katalizator rolunu oynadı. İndiyə kimi bazarda qızılın alqı-satqısı
zinət əşyaları formasında həyata keçirilirdisə, artıq bazarda yeni
tendensiyanın, qızılın külçə şəklində alınması istiqamətində
artımın hiss edildiyini müşahidə edirik. Bu, həm də dünya qızıl
bazarı tendensiyasına, həm də qızılın yığım məqsədilə alınıb
saxlanması istəyinə uyğundur. Onu da nəzərə alaq ki, formaya
salınmış qızılların üzərində çəkilən zəhmətin də əlavə dəyəri var,
bu zaman zinət əşyası şəklində qızılın qiyməti külçə şəklində olan
qızıldan daha baha olur. Əgər həmin əşyalar yığım məqsədilə
alınıbsa, yenidən satılanda zəhmətin yaratdığı dəyər itkiyə gedir.
Yəni, qızılın alışı ilə satışı arasında kəskin fərq var yaranır.
Lakin külçə şəklində olan qızılın alışı və satışı arasındakı 1-2
dollarlıq fərq bu yığımda daha səmərəli effekt verir ki, onların
səhəri gün əldən çıxarılması daha asan olur. Çünki bu zaman
sahibkarların və ya yığım məqsədilə istifadə edən hər bir şəxsin
itkisi nisbətən az olur".
Ekspert dünya bazarında qızılın
bahalaşacağı təqdirdə, külçə şəklində olan qızılın deyil, zinət
əşyalarının bahalaşma ehtimalı olduğunu bildirdi: "Təbii ki, bu gün
qızıl bazarında tələbatın nisbətən artması külçə şəklində
qızılların bahalaşmasına səbəb olur. Dünyada qızlın
qiymətinin yenidən bahalaşması tendensiyası baş verərsə, bu zaman
hazır qızıl məhsullarının qiymətinin külçə qızıllarına nisbətən
bahalaşması daha sürətlə baş verəcək".
Külçə şəklində saxlanılan qızılın təkrar emalının daha səmərəli olduğunu deyən iqtisadçı-ekspert Vüqar Bayramov bu gün bazarda olan tələbat artımını da bu amillə bağlı olduğunu dedi: "Külçə şəklində satılan qızıla marağın artması birmənalı olaraq onun yığım vasitəsi kimi istifadə edilməsi ilə bağlıdır. Bildiyiniz kimi, külçə şəklində satılan qızıla yığım vasitəsi kimi maraq daha yüksək olduğundan, həmin qızıl yığım məqsədilə daha çox istifadə olunur. Çünki, həmin qızılı saxlayıb, bir müddətdən sonra satmaq daha asandır. Müəyyən müddət sonra onu yenidən emal etmək daha rahatdır. Xammal kimi istifadə edilmə imkanları daha genişdir. Bu baxımdan da bu növ qızıla marağın yüksəlməsi müşahidə edilir. Hal-hazırda emal edilərək satılan qızıllara marağın nisbətən az olması dünya bazarında onun qiymətinin dəyişkən olması ilə bağlıdır. Bu fonda da yığım vasitəsi kimi külçə şəklində olan qızıl daha səmərəli olduğundan, son zamanlar tələbat da artıb".