Əlaqə Arxiv
news Image
2014.03.03
16:04
| A A A
İnsanlar qiymətli metallara sərmayə yatırmaqdan qaçırlar
Fərhad Bayramov: «İstənilən halda qiymətli metal və ya xarici valyutalar bir məqsədə-mümkün itkiləri dəf etmək və maliyyə bazarında gəlir əldə etmək məqsədinə xidmət edir» Azər Mehtiyev: «Ölkəmizdə qızıl, gümüş və digər qiymətli metallardan gəlir əldə olunması üçün onlara vəsait yatırılmasına bir o qədər də geniş təsadüf olunmur»

Bir çox qərb ölkələrində sahibkarlar qızılla bərabər, digər qiymətli metallara da külli miqdarda investisiya yatırır və zamanla yüksək gəlirlər əldə edirlər. Lakin Azərbaycanda bu təcrübədən demək olar ki, istifadə edilmir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov  məsələyə belə münasibət bildirdi:  "Ümumiyyətlə, qiymətli metallar, eyni zamanda qiymətli kağızlar bazarı ölkəmizdə hələ inkişaf mərhələsindədir. Dolayısı ilə fond birjaları və sair demək olar ki, hələ özlərinin gələcəkdəki aktiv iştirakçılarını gözləməkdədirlər. Azərbaycan maliyyə bazarı mühafizəkar bir bazardır. Mərkəzi Bankın isə maliyyə bazarında tənzimlənən siyasət həyata keçirməsi potensial investorların, maliyyə institutlarının bir növ daha rahat bir şəkildə fəaliyyət göstərməsinə imkan yaradır, əslində, ilk baxışdan bu rasional səslənsə də, digər tərəfdən müxtəlif arzuedilməz nəticələrə də səbəb olur. 

Qeyd edək ki, qiymətli metallara tələb müxtəlif səbəblərdən arta və ya azala bilir. Öncəliklə bazarlarda qızılın alınıb-satılması ABŞ dolları üzərindən hesablanır. Əgər ABŞ dolları  avroya nəzərən dəyər itirirsə, dolayısı ilə qızılın qiyməti yüksəlir. Əks hal baş verdikdə isə, yəni dollar-avro məzənnəsində dollar dəyər qazanırsa, bu zaman da qızıl ucuzlaşır. Qızıl istənilən halda likvidliyi yüksək olan bir metaldır, vasitədir. Hal belə olduqda, yəni dollar ucuzlaşdıqda, o zaman yatırımcılar daha sağlam və güvənilir bir vasitə axtarışında olurlar ki, bunların da başında qızıl kimi dəyərli metallar gəlir. Ölkəmiz də ABŞ dollarının ümumi məzənnəsi demək olar ki bu günə qədər tənzimlənib. Əlbəttə, bu makroiqtisadi sabitliyin qorunması və təmin edilməsində mühüm faktordur. 

İstənilən halda qiymətli metal və ya xarici valyutalar bir məqsədə-mümkün itkiləri dəf etmək və maliyyə bazarında gəlir əldə etmək məqsədinə xidmət edir. İnvestorların da bizim daxili maliyyə bazarında qiymətli metallara yatırımda maraqlı olmamaları da yuxarıdakı səbəbdən qaynaqlana bilər.  İkinci bir məsələ, gözlənilən inflyasiya ilə bağlı qızılın qiymətlərində artımlar müşahidə oluna bilər.   Bu zaman etibarlı yatırım kimi qiymətli metallar daha üstünlük təşkil edir. Proqnozlaşdırılır ki, bu ilin sonuna qədər inflyasiya artım göstərsin və 6% ətrafında olsun. Belə halda isə etibarlı vasitə kimi qızıla olan tələb artır. Bu isə özlüyündə qızılın qiymətində artımların yaranmasına səbəb olur. Təbii olaraq da hal hazırda qızılın qiyməti artan tempdə davam edir".

Azərbaycan insanının qızılı sadəcə var-dövlətini qorumaq üçün aldığını deyən iqtisadçı Azər Mehtiyev vəsaitlərin investisiya yatırımı kimi qiymətli metallara tətbiq edilməməsini bizdə investor fəaliyyətinin geniş şəkildə inkişaf etməməsiylə bağlayır: "Ümumiyyətlə, şərq ölkələrində qızıla qarşı böyük bir maraq var. Azərbaycanda da bu özünü həmişə göstərib. Ona görə ki, bizim insanlar heç bir inkişaf etmiş Avropa ölkəsi ilə müqayisə olunmayacaq dərəcədə öz üzərlərində qızıl-zinət əşyası gəzdirməyə həvəskardırlar. Bizim insanlar öz sərvətlərini zinət əşyalarında saxlamaqda maraqlıdırlar. Ancaq bu kimi qiymətli metallara daha çox vəsaitin yönəldilib-yönəldilməməsi təbii ki, həm insanların gəlirlərindən,  həm də həmin vəsaiti yönəltmə məqsədlərindən asılıdır. 

İki məsələni bir-birindən ayırmaq lazımdır.  

  Əvvəla, bir çox hallarda, digər inkişaf etmiş ölkələrdə qızıla və yaxud digər qiymətli metallara adətən investisiya kimi vəsait yönəldilir. İnsanlar dəyərdən düşməyən qiymətli metallardan gəlir əldə edirlər. Ancaq şərq ölkələrində, xüsusən də Azərbaycanda insanlar qızıl və yaxud da digər zinət əşyalarına və ya külçələrinə daha çox öz sərvətlərini qoruyub saxlama vasitəsi kimi baxırlar. Onlar bu vəsaiti daha çox ehtiyac üçün saxlayırlar və yaxud bir sıra hallarda, xüsusən də qızılın qiymətinin qalxması dövrlərində bundan da müəyyən qədər faydalanmaq istəyənlər də olur. Ancaq ölkəmizdə qızıl, gümüş və digər qiymətli metallardan gəlir əldə olunması üçün onlara vəsait yatırılmasına bir o qədər də geniş təsadüf olunmur. Bunun tətbiqi üçün hələ ki, bizim sahibkarlıq fəaliyyətlərimiz, investor bacarıqlarımız formalaşmayıb. Bizdə qiymətli metallar daha çox məhz zinət əşyaları baxımından inkişaf edib. Düzdür, son vaxtlar insanlar zinət əşyalarındansa,  külçə şəklində qızıla üstünlük verirlər. Bu da sərvətlərinin qorunub saxlanması baxımından həyata keçirilir". 


Sizin Reklam Yeriniz