Əlaqə Arxiv
news Image
2014.03.12
16:09
| A A A
Ev bazarında bahalaşmanın yeni səbəbləri üzə çıxır
Nüsrət İbrahimov: «Şirkətlərində verilən əmək haqları satış qiymətlərinin cəmi 20%-ni təşkil edir» Rövşən Talıbzadə: «Bu gün mənzil bazarında müşahidə olunan bahalaşma qeyri-real amillərlə bağlıdır»

Mənzil bazarında qiymət artımına təsir göstərən əsas amillərdən biri tikinti materiallarının qiyməti ilə bağlıdır. Bu hal evlərin satşı qiymətinə hər zaman təsir göstərib. Lakin son dövrlərdə tikinti şirkətləri işçilərinə verdikləri əmək haqlarının artırıldığını bildirir və bunun da nəticə etibarı ilə mənzillərin satış qiymətinə təsir göstərdyini iddia edirlər. 

Movqe.az-a açıqlamalarında göstərilən səbəbin nə dərəcədə reallığı əks etdirməsi ilə bağlı ekspertlər münasibətlərini açıqlayıblar.  Belə ki, "MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov qiymət artımının heç də əmək haqlarının artımı ilə əlaqəli olduğunu düşünmür:

 "Düşünürəm ki, qiymətlərin qalxması bazar tendensiyasına uyğun olaraq aparılır. Yəni, bu, heç də işçilərin əmək haqqının artmasıyla, düşünmürəm ki, bağlı olsun. Çünki, inanmaq çətindir ki, bütün tikinti şirkətləri eyni vaxtda işçilərin əmək haqqını artırıblar. Yəni, bu qiymətlərin artması son iki ayda daha çox müşahidə olunub. Və inandırıcı deyil ki, bütün şirkətlər əmək haqlarını artırdılar və bu da mənzillərin qiymətinin bahalaşmasına gətirib çıxardı". 

Ekspertin sözlərinə görə, əmək haqları satış qiymətlərinin cəmi 20%-ni təşkil edir. Amma halbuki qiymətlər 30-35% qalxıb. Yəni, əmək haqqı bütün maya dəyərinin sadəcə 20% təşkil etdiyi halda, ümumi qiymətlər 30-35% artıbsa, bu artımı əmək haqqı ilə əlaqələndirmək doğru olmaz. 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə də isə bu gün mənzil bazarında müşahidə olunan bahalaşmaın qeyri-real amillərlə bağlı olduğunu bildirir: "Son vaxtlar müşahidə olunan qiymət artımının mxtəlif səbəbləri ola bilər.  Bizə qonşu olan digər ölkələrdə mənzil bazarında bahalaşmaya səbəb kimi, əmək haqqının artımı və yaxud dövlətin büdcəsinin xərclər hissəsinin artması göstərilə bilər. Amma Azərbaycan bazarı üçün mürəkkəb bir struktur xasdır. Belə ki, bizim bazar çox mücərrəd bir sistemdir. Bəzi hallarda qiymət artımının səbəbləri məlum olur. Amma elə hallar da olur ki, artım qeyri-real səbəblərlə bağlı olur. Bunlar nədir?

Bu gün bazarda tələbat çox olsa da, təklif azdır. Bundan başqa, ipotekaya verilən mənzillərin sayı çoxalıbdır ki, bu da həmin mənzillərin ən az 25 il alqı-satqı predmeti olmamasına imkan verir. Yəni ipoteka predmeti olan mənzillər 25 il bu əmlak alqı-satqı predmetinə çevrilə bilmir. Bunlar hamısı alqı-satqı fondunda təkliflərin azalmasına gətirib çıxarır. Tələbat çoxaldıqca təklifin azalması son nəticədə qiymətin artmasına təbii şəkildə təsir edir. Amma hal-hazırda mənzil bazarında müşahidə olunan qiymət artımı sırf mücərrəd, xarakterik olmayan bir artımdır.  Bu da onunla bağlıdır ki, bu gün şəhər ərazisində aparılan söküntü işləri ilə əlaqədar əhali ajiotaj içərisindədir. Xalq arasında mənzilini satışa çıxaranlar arasında bir tendensiya formalaşıb. Hamı gözləyir ki, qiymətlər artacaq. Buna görə hərdən mənzillərə elə qiymət qoyurlar ki, sanki 6 ay bundan sonrakı qiymətləri müəyyənləşdirirlər. Yəni, insanlar düşünür ki, 6 aya qiymətlər artacaqsa, artıq bunu mən indidən edərək yüksək qiymətlə evi satım. Beləliklə mənzillər üçün real olmayan qiymətlər müəyyənləşdirilir".

Ekspertin sözlərinə görə,  bu subyektiv səbəblərin formalaşmasında ekspertlərin, makler, rieltor şirkətlərinin də müəyyən qədər təsiri var:  "Ekspertlərə demək istərdim ki, düzdür, bu gün şəhərdə söküntü işləri gedir və bu müəyyən dərəcədə qiymət artımına səbəb ola bilər. Amma bu o demək deyil ki, real olmayan bir rəqəmlə çıxış etmək lazımdır ki, qiymətlər 35%-50% artacaq. Bu sözlərlə çıxış edib xalqı təşvişə salmaq düzgün deyil. Çünki, evini satışa çıxarmaq istəyən vətəndaş da KİV-dən eşidir ki, qiymət qalxacaq, ona görə ya evi satmır, ya da ki elə qiymətə satır ki, bu real olmayan qiymətdir. Əslində, nəzərə almaq lazımdır ki, "Sovetski" deyilən ərazidə də, digər yerlərdə də söküntülər  mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə 1500 ailə köçürüləcəksə, ikinci mərhələdə 2500 ailə və s. Lakin bu o demək deyil ki, o 2500 alıcının hamsıı birdən təkrar mənzil bazarından və ya yeni tikililərdən ev ala biləcək. Çünki, orda söküntü aparılarkən əhaliyə yalnızca evin kvadratmetrinə görə müəyyən həcmdə ödəniş edilir. Bu o demək deyil ki, həmin ödəniş vətəndaşlara imkan verəcək ki, ya təkrar mənzil bazarından, ya da yeni tikililərdən mənzil alsın. Mənzil satanlara isə məsləhət görərdim ki, evləri bazardakı real qiymətlərə uyğun olaraq satışa çıxarsınlar. Düşünməsinlər ki, söküntü varsa, qiymətlər mütləq qalxmalıdır". 


Sizin Reklam Yeriniz