Əlaqə Arxiv
news Image
2014.03.14
10:12
| A A A
Taxılın bahalaşması qaçılmaz sayıldı
Ekspertlər dünya bazarında yaşanacaq qiymət artımının Azərbaycana da təsirsiz ötüşməyəcəyini bildirirlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) elə də xoş olmayan proqnozla çıxış edib. Təşkilatın hesablamalarına görə dünya bazarında bütün növ ərzağın qiymətində artımlar gözlənilir. Xüsusi ilə taxıl və qarğıdalının qiymətinin kəskin bahalaşacağı proqnozladırılır. Belə olacağı təqdirdə Azərbaycanda da dənli bitkilərin qiymətinin yüksələcəyi qaçılmaz hesab olunur. Çünki, ölkəmizdə tələbatın müəyyən hissəsi idxal hesabına ödənilməkdədir.

Aqrar sahə üzrə mütəxəssis Nizami Qarayev bildirdi ki, ərzağın qiymətində artımı BMT ekspertləri dünyadakı qlobal iqlim dəyişikliyi ilə izah edirlər: "Dünyada qlobal iqlim dəyişməsi hesabına quraqlıq, düşən yağıntıların miqdarını azalması gözlənilir. Bu da öz növbəsində kənd təsərrüfatına, xüsusi ilə də tarla bitkilərinin istehsalına mənfi təsir edəcək. Məhsul istehsalı azaldığından dünyada qiymətin artması tendensiyası müşahidə oluna bilər. Əgər istehsal azalıb, tələb dəyişməyəcəksə, ərzağın qiyməti artacaq".

Ekpert qeyd etdi ki, Azərbaycan müəyyən qədər kənardan gətirilən taxıldan asılı vəziyyətdədir: "Əgər bu asılılıq növbəti illərdə də qalacaqsa, kənarda məhsulu baha qiymətə almağa məcbur olacağıq. Amma təqdirəlayiq haldır ki, son illər Azərbaycan hökuməti ölkənin taxıla olan tələbatının yerli istehsal hesabına təmin olunması istiqamətində qərar qəbul edib. Bu istiqamətdə işlər görülür. Buna arxalanaraq demək olar ki, özümüzü dənli bitkilərlə təmin etməyə nail olacağıq. Əgər biz özümüzü yerli istehsal hesabına təmin edə biləcəyiksə, Azərbaycan dünyadakı qlobal iqlim dəyişməsi hesabına qiymət artımından kənarda qala bilər. Bu gün reallıq belədir ki, Azərbaycana 600-800 min ton kənardan buğda gətirilir. Ancaq tədricən bunun aradan qaldırılması gözlənilir".

Kənd təsərrüfatı üzrə digər ekspert Vahid Məhərrəmov isə beynəlxalq təşkilatın proqnozu ilə tam razılaşmadı: "Ümumiyyətlə, FAO-nun uzun müddət verdiyi proqnozlar özünü doğrultmayıb. Keçən il dünya ölkələrində kifayət qədər ehtiyat taxıl fondu yaradılmışdı. Bu da ötən il taxıl məhsullarının çox istehsalı üçün daha münbit şəraitin yaranması ilə bağlı idi. Yaxın Şərq ölkələrinin bəziləri özlərini təmin edəcək qədər məhsul istehsal edə bilmirdilər. Xüsusən də ərəb ölkələri. Yəni, düşünmürəm ki, baş verən quraqlıq və onun nəticəsində məhsuldalığın düşməsi dünya bazarında taxılın qiymətinin ciddi artımına səbəb ola bilsin. Odur ki, proqnozun heç bir əsası yoxdur. Ona görə yoxdur ki, keçən il 2 milyard 500 milyon ton taxıl istehsal olunub. Bu da əvvəlki illərə nisbətən 20% çoxdur. Nəzərə alsaq ki, ərəb ölkələrinin buğdaya olan tələbi bir o qədər də çox deyil. Qiymət artımının olmaması ilk növbədə onunla bağlamaq olar ki, dünya ölkələrinin kifayət qədər taxıl ehtiyatı var. Keçən il Rusiya, Ukrayna məhsullarını bir o qədər ixrac edə bilmədilər. Ona görə ki, məhsul istehsalı çox, idxalda maraqlı olan ölkələrin sayı isə azalmışdı. Yəni, nəzərə alınmalıdır ki, anbarlarda daha çox məhsul var. Əgər bütün dünyada belə hallar baş verərdisə, ümumi tələb-təklifə təsir edərdi və qiymətin dəyişməsinə səbəb ola bilərdi".

Ekspert əlavə etdi ki, Azərbaycan özünün taxıl məhsullarına olan tələbinin bir hissəsini idxal hesabına ödəyir: "Xüsusən də Qazaxıstan və Rusiyadan idxal edirik. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya ilə Ukrayna arasında çəkişmə var. Bu da həmin ölkələrlə bağlı idxal-ixrac məsələsində bəzi problemlər yarada bilər. Ona görə də taxılla bağlı daxili istehsalımızı artırmalıyıq. Məhsulun keyfiyyətini yaxşılaşdırmalıyıq ki, özümüzün ərzaq buğdasına olan ehtiyacımızı daxili istehsal hesabına ödəyə bilək".

Sizin Reklam Yeriniz