Əlaqə Arxiv
news Image
2014.03.19
13:56
| A A A
Neft Fondunun vəsaitləri də ipoteka kreditləşməsinə cəlb oluna bilər
Fərhad Bayramov: «Neft Fondu 2-3 milyard manat İpoteka Fonduna kredit şəklində vəsait verə bilər» Qadir İbrahimli: «Özəl biznesdən vəsaitlərin cəlb edilməsi, yatırımlar edilməsi, ordan gələn gəlirlərin fonda istiqamətləndirilməsi müsbət nəticələr verə bilərdi»

Bilindiyi kimi İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar fondun maliyyələşməsində mühüm rol oynayır. Adi ipoteka kreditləşməsi əsas etibarı ilə məhz  istiqrazlar hesabına baş tutur. Lakin digər mənbələr hesabına fonda maliyyə vəsaitinin toplanması hələ də reallaşmır. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov məsəəl ilə bağlı qeyd edir: "Öncəliklə qeyd edək ki, Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri üç mənbədən formalaşır:

1.İpoteka Fondunun İstiqrazları. 2.Güzəştli ipoteka kreditlərinin verilməsi üçün Azərbaycan dövlət büdcəsindən ayrılan vəsaitlər. 3.Son olaraq əvvəlcədən verilmiş kreditlərin geri qaytarılması ilə həmin vəsaitlərin yenidən ipoteka kreditlərinin verilməsində istifadə edilməsi.

Göründüyü kimi Fondun vəsaitləri cəlb etməsi üçün məhdud sayda mənbələr özünü göstərir. Bunlara əsasən demək mümkündür ki ipoteka kreditlərinin verilməsində həmin fondun istiqrazları həyati önəm daşıyır. Lakin bu özü ilə də bəzi problemləri gətirməkdədir. Yəni, son 8 ildə AİF tərəfindən kreditlərin verilməsinin həcmi təxmini olaraq 0.5 milyard manata çatır ki bu da orta hesabla illik 65 milyon manat, yaxud il ərzində 1000-1500 müraciətə müsbət cavabın verilməsini mümkün edir. Nəzər alsaq ki, Azərbaycanda ildə orta hesabla 75-80 min yeni ailə qurulur və həmçinin öncədən kirayədə oturan ailələr də mövcuddur, mənzil bazarındakı qiymətlər orta bazar qiymətlərindən yüksəkdir, o zaman bu sahədə nə qədər çoxlu işlərin görülməsinin vacib olduğu aydınlaşır.

Bu problemin həlli kimi təbii ki alternativlər mövcuddur. Məsələn, 

biz təklif edirik ki, Dövlət Neft Fondunun vəsaitləri ipoteka kreditlərinin verilməsi üçün prosesə cəlb olunsun. Səbəb ondan ibarətdir ki, Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən gələn gəlir 1% ətrafındadır, lakin o vəsaitlərin çox az hissəsi, məsələn, 2-3 milyard manat qədəri İpoteka Fonduna 3 -5 faizlə kredit şəklində verilə bilər. Bu zaman daha çox ipoteka kreditləri əhaliyə təklif edilə bilər və ümumi sosial rifah halının yaxşılaşması üçün də çox mühüm amil olar. Digər tərəfdən İpoteka Fondunun vəsaitləri çoxalmış olar ki bu da gələcəkdə geri qaytarılan ipoteka kreditlərinin yenidən əhaliyə təklif edilməsi üçün maliyyə mənbəyi olacaqdır. Eyni zaman da Neft Fondunun vəsaitləri də effektiv idarə edilmiş olar.  

İkincisi, AİF – in vəsaitlərinin artırılması üçün ikinci bir vasitə yerli sığorta şirkətlərinin vəsaitlərinin cəlb olunmasıdır. Üçüncüsü,  beynəlxalq maliyyə institutlarından, kredit təşkilatlarından aşağı faizlə uzun müddətli kreditlərin alınması və yerli ipoteka kreditləri bazarına cəlb edilməsidir. Çünki Azərbaycan İpoteka Fondunun kredit reytinqi qənaətbəxş hesab edilir. Bu da əsas verir ki Beynəlxalq əməkdaşlıq həyata keçirilisin".


İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, fonda gəlirlər özəl biznesdən də gələ bilər: "İpoteka fondlarının gəlir mənbəyi təkcə istiqrazlardan gələn vəsaitlər olmamalıdır. Bu gəlirlər həm də özəl biznesdən ola bilər. Özəl biznesdən vəsaitlərin cəlb edilməsi, yatırımlar edilməsi,  ordan gələn gəlirlərin fonda istiqamətləndirilməsi müsbət nəticələr verə bilərdi. 

Daşınmaz əmlak qiyməti qanunvericilik tərəfindən tənzimlənməlidir. Bizdə bu sahədə qiymətlər yüksək olduğuna görə də  özəl biznes bura  maraq göstərmir.  Bazarda təbii ki, qiymət tələb və təklif resursuna uyğun olaraq  formalaşır. Lakin buna baxmayaraq, Azərbaycanda qiymətləri süni şəkildə qaldıran amillər var. Bu da son nəticədə maya dəyərinə daxil olur və mənzilin qiymətinin süni şəkildə şişirdilməsinə gətirib çıxarır. Bu da olunla nəticələnir ki, bazarda real olmayan qiymətlər formalaşır. Nəticədə ipoteka bazarının özəl bazar hesabına genişlənməsinə mane olur". 


Sizin Reklam Yeriniz