Əlaqə Arxiv
news Image
2014.03.28
10:16
| A A A
Bankların xərc fırıldağı
Ruslan Atakişiyev: “Bankların özünün daxilində maliyyənin səmərəli təşkili aşağı səviyyədə olduğu üçün vəsaitlərin qənaətsiz istifadəsi halları baş verir” Məhəmməd Talıblı: “Rəqabət mühiti güclənməyənə qədər belə problemlər həmişə olacaq”

Azərbaycanda bankların təklif etdiyi kredit faizlərinin yüksək olmasını bu dəfə millət vəkili də qınadı. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bank sektorunun faizləri yüksək saxlamaq üçün bir sıra üsullara əl atdığını bildirir: "Bəzən banklar xərcləri şişirdirlər ki, buna görə faizlərimiz yüksəkdir. Amma biz monitorinq, daha diqqətli təhlillər aparsaq, heç şübhəsiz ki, bankların real sektora, sahibkarlara verdikləri kreditlərin faizi aşağı düşə bilər. Kifayət qədər ucuz vəsait var və bu vəsaitləri xeyli səmərəli istifadə etmək olar." Tutulan iradla iqtisadçılar da razıdırlar. Ancaq bankların xərclərini şişirtmələrində müəyyən obyektiv və subyektiv səbəblərin olması ortaya çıxır. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən banklar bir sıra hallarda öz xərclərini şişirtməyə meylli olurlar: "Bununla da kreditlərə yüzək faizlər tətbiq edilir, sonda mənfəətin az çıxması və bununla da banklar səhmdarlar qarşısında vəsaitin az olması ilə dividend ödəmələrindən yayınmağa çalışırlar. Bu gün Azərbaycanda bankların xərclərinin daha çox görünməsinin bir neçə səbəbi var. Hazırda inkişaf etmiş ölkələrdə faiz dərəcələri Azərbaycanda mövcud olan faiz dərəclərindən dəfələrlə aşağıdır. Bu da onunla bağlıdır ki, inkişaf etmiş ölkələrdəki bankların maliyyə dövriyyəsi Azərbaycandakı bankların maliyyə dövriyyəsindən dəfələrlə böyükdür. Dövriyyə nə qədər böyük olarsa, oradakı faiz dərəcələri aşağı olsa da belə daha çox gəlir gətirir. İkincisi inkişaf etmiş ölkələrdə yüksək idarəetmə texnologiyaların tətbiqi nəticəsində fəaliyyət göstərən banklar az işçi qüvvəsi sərf edir. Müasir, yüksək idarəetmə texnologiyalardan istifadə edərək az vəsaitlə xidmət göstərə bilirlər. Azərbaycanda isə idarəetmə inkişaf etmiş ölkələrlə müqayisədə geri qaldığına görə idarəetmə xərcləri böyük olur. Xidmətin təşkili xərclərinə daha çox vəsait sərf edilir. Az dövriyyənin səviyyəsində gələn gəlirlər də daha çox xərcə çıxır. Amma məsələ tək bununla bitmir. Çünki, Azərbaycanda inkişaf etmiş ölkələrə nisbətən bankların özünün daxilində maliyyənin səmərəli təşkili aşağı səviyyədə olduğu üçün vəsaitlərin qənaətsiz istifadəsi halları baş verir. Ancaq bütün hallarda bank bunları əsas tutaraq faiz dərəcələrini yüksək qoyub onu əhalidən çıxarması düzgün deyil".

Digər iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, əslində, bankların xərclərinin şişirdilməsinin kökündə faiz dərəcələrinin artırılması durmur: "Bu arqument daha çox bankların özünə bəraəti ilə bağlı məsələdir. Çünki, bankların orta xərclərini müəyyənləşdirmək o qədər də çətin deyil. Düşünmürəm ki, banklarda faiz dərəcələrinin yüksək olması birbaşa onların xərclərinin artrması ilə bağlı olsun. Bu, ciddi səbəbdan daha çox bəhanəyə oxşayır. Amma bankların xərclərinin artması həmin sektorda rəqabətin zəif olması ilə bağlıdır. Daha mənfi təsir ondan ibarətdir ki, banklarda depozitlərin faiz dərəcəsi ilə kreditlərin faiz dərəcələri arasında uyğunsuzluq var. Yəni, banklar ortalama olaraq 8-10% ilə əhalidən depozid qəbul edir. Eyni zamanda həmin pulu əhaliyə 26-33% ilə satır. Bankların mənfəətinin böyük fərqi burda yaranır. Bu da bankların mənfəətlərinin şişməsinə gətirib çıxarır. Beləliklə, ümumilikdə ölkədə kredit dərəcələrinin yüksəlməsi baş verir. Yəni, ölkədə iqtisadiyyatın bahalaşması tendensiyası yaranır. Bahalı kredit götürən sahibkar da bazara daha baha qiymətlərlə çıxır. Ona görə də ilk növbədə depozit və faiz dərəcələri arasında uyğunsuzluğu aşkarlamaq lazımdır. Əsl problemi həll edəndən sonra qeyri-əsas faktorları həll etmək olar. Yəni, başlıca iş bank sistemində rəqabəti artırmaqdır. Rəqabət mühiti güclənməyənə qədər belə problemlər həmişə olacaq. Bu da hansısa şəxsin qınağı və ya şikayətlə həll olunası məsələ deyil. Daha çox effektiv mexanizmlərin tətbiq olunmasından keçir".

Sizin Reklam Yeriniz