Son aylarda daşınmaz əmlak bazarında kommersiya obyektlərinə daha çox sərmayə yatırılması özünü aydın formada büruzə verməkdədir.
Xüsusən də ticari obyektlər investorlar tərəfindən daha çox marağa səbəb olur.
"MBA LTD" şirkətinin rəhbəri Nüsrət
İbrahimova görə, bunun bir səbəbi ticari obyektlərin daha gəlirli
olmasıdır: "Ümumiyyətlə, investorlar mənzillərə o vaxt sərmayə
yatırırlar ki, onlarda qiymət artımı olsun. Və bu artım
icarə bazarını da əhatə eləsin. Bu ilin dinamikasına baxsaq,
görərik ki, mənzillərin satış qiymətlərində 26%-ə yaxın artım
olsa da, kirayə bazarında il ərzində yalnız 5% artım müşahidə
olunub. Belə çıxır ki, investor bir mənzili almaq üçün 26%
artıqlamasıyla pul verir və onu əldə edir. Amma həmin mənzili
kirayə verəndə isə cəmi 5% artımla gəlir əldə edir. Bu, investorlar
üçün bir o qədər də cəlbedici deyil. Halbuki obyektlərdə il ərzində
25% qiymət artımı olub. Bu, icarə qiymətlərində öz əksini tapıb.
Əgər investor obyekti alıb icarəyə verirsə, il ərzində qiymət
artımından 15% gəlir əldə edir. Mənzildə cəmi 5%-ə yaxın artım
olduğu halda, burda 15%-ə qədər artım var. Ona görə də,
obyektin icarə qiymətləri ilə bağlı onun gəlirliyi daha yüksək
olduğundan investorlar bura sərmayə yatırmaqda maraqlı olurlar".
N. İbrahimov eyni zamanda bildirib ki, mənzillərin kirayə verilməsi çox çətin prossesdir: "Çünki bir çox hallarda kirayəşinlər evi pis hala salır, avadanlıqları qorumur və s. Və yaxud icarə haqqını vaxtında ödəmirlər. Amma obyektlər isə avadanlıqsız icarəyə verilir. Aylıq ödənişi də daha rahat şəkildə aparılır. Bu baxımdan investorlar üçün obyektlərə sərmayə yatırmaq daha sərfəli görünür, nəinki mənzillərə".
"Əmlak Bazarı İştirakçıları"
İctimai Birliyinin üzvü Rövşən Talıbzadə də Movqe.az-a məsələ ilə
bağlı açıqlama verib: "Qeyd etmək lazımdır ki, ticarət
obyektləri həmişə daşınmaz əmlak bazarında olan evlərə
nisbətən gəlirlik baxımından daha sərfəli hesab olunubdur.
Ona görə ki, mənzillərə sərmayə yatırdıqda sırf mənzilin
qiyməti qalxırsa, kommersiya obyektlərində onun icarəsindən,
işlədilməsindən asılı olaraq, həm gəlirliyi, həm də kommersiya
obyekti kimi qiyməti artır. Buna görə də ticarət obyektlərinə dha
çox sərmayə yatırılır. Qiyməti mənzil bazarında olduğu kimi
sürətlə artmasa da, kommersiya obyektlərinin də qiymətinə görə
orta, bahalı və ən bahalı növləri var. Yəni, qiyməti 100, 200
min manata yaxın olan obyektlər də, 1 milyonu keçən obyektlər də
var. Orta qiymətli, yəni, 100-200 min manata qədər olan obyektlərə
tələbat hər zaman daha çox olur. Belə obyektlər alqı-satqı obyekti
kimi daim aktiv olur. Burda həm gəlir əldə edilir, həm də tələbat
çox olduğundan qiymət artır. Kommersiya obyektlərinə daha çox
sərmayə yatırılmasına əsas səbəb budur.
Bundan əlavə mənzil fondunda say çoxdur. Amma ticarət obyektləri o qədər deyil. Bunlar əsasən binaların birinci mərtəbəsindən, zirzəmilərdən ibarət olur. Və yaxud da qeyri-yaşayış sahələrində tikilir. Mənzillər qədər kütləvi deyil ki, daim tapılan olsun. Bugünkü dövrdə istənilən qiymətə istənilən obyekti tapmaq çox çətindir. Çünki bugünkü iqtisadi artım şəraitində ticarət obyektləri gəlirlik baxımından aktiv hesab olunur. Ona görə də, bu tip obyektlərə yatırım daha çox olur".