Əlaqə Arxiv
news Image
2014.03.31
17:28
| A A A
Yerli istehsal dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər
Adil Qeybulla: «Dövlət formokopiya xidməti yaradılandan sonra dərmanların idxalı ilə məşğul olan kommersiya firmaları Azərbaycana daxil ola bilərlər» Fərhad Bayramov: «Azərbaycanda dərman istehsalının təşkil edilməsi yaxın və orta gələcək üçün gözlənilən deyil»

Bu gün dərman bazarında qiymətlərin yüksək olması sirr deyil və bunun əsas səbəblərindən biri də əksər dərman preparatlarının idxal olunması ilə bağlıdır. O da məlumdur ki, ölkə daxilində istehsal olunan dərmanlar digərlərinə nisbətən daha münasib qiymətə satılır. Amma təəssüf ki, bu gün Azərbaycanda çox az sayda dərman istehsalı həyata keçirilir. Bu sahədə yerli istehsala maraq azdır. 

Ekspert Adil Qeybullanın sözlərinə görə, əsas problem ondan ibarətdir ki, Azərbaycanın Avropa standartlarına uyğun dərman istehsal etməsi üçün lazımi qədər texniki bazası yoxdur. Sovet dövründə Azərbaycanın farmokoloji zavodunda istehsal olunan dərmanlar sadəcə olaraq daha çox aptek səviyyəsində hazırlanan dərmanlar olub. İndi müasir Avropa standartlarına uyğun dərman hazırlamaq üçün isə yüksək texnologiyaya, mütəxəssislərə, xammala və s. ehtiyac var. Bunlar elə də asan məsələlər deyil. 

  Ekspert bildirib ki, ölkədə dərman qiymətlərinin ucuzlaşması üçün idxal irmalarının sayı çoxalmalı, rəqabətli mühit yaranmalıdır: "Ölkəyə dərman idxalına gəlincə isə, bu iş konkret firmalar tərəfindən həyata keçirildiyindən qiymətlər də həmin firmalar tərəfindən tənzimlənir. Problemin həlli yolu dərman mallarının dövlət reyestrinin və dövlət formokopiyasının yaradılmasıdır. Əgər Azərbaycana idxal olunan dərmanların hər biri haqqında məlumat həmin formokopiya xidmətində qeydiyyatda olsa,  həmin qurum dərmanın analoqunu, gətirildiyi ölkədəki qiymətini müəyyən etsə, ondan sonra əlbəttə ki, onların ölkəyə idxal qiymətlərinə də nəzarət etmək imkanı yaranacaq. Amma bu gün dərmanlar pərakəndə şəkildə ölkəyə daxil olur. Ona görə də Azərbaycan dərman bazarında çox bərbad bir durum var. Qiymətlər də ölkəyə dərman idxal edən bir neçə firma tərəfidən müəyyənləşdirilir. Bu sahədə sadəcə olaraq, rəqabət mühiti yaradılmalıdır. Dövlət formokopiya xidməti yaradılandan sonra dərmanların idxalı ilə  məşğul olan kommersiya firmaları Azərbaycana daxil ola bilərlər. Bu mənada rəqabət yarana bilər və qiymətlər də aşağı düşər".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov da Movqe.az-a açıqlamasında məsələyə münasibət bildirib: "Ümumiyyətlə, səhiyyə məsələsi sosial siyasətin önəmli bir hissəsini təşkil edir. Dolayısı ilə bu sektor nisbətən daha həssasdır. Nəzərə alsaq ki, icbari tibbi sığortanın tətbiq edilməməsi ayrıca bir problemdir, o zaman bu məsələnin nə qədər dərin olduğu aydınlaşar". 

İqtisadçının sözlərinə görə, Azərbaycanda dərman istehsalının təşkil edilməsi yaxın və orta gələcək üçün gözlənilən deyil: "Bunun səbəbləri müxtəlifdir. İlk öncə dərman istehsalı üçün maddi texniki bazanın olmaması və eyni zamanda da kadr potensialının zəif olması hələ ki, dərman istehsalı ilə bağlı məsələni gündəmdən uzaq tutmaqdadır. Digər tərəfdən idxal olunan dərmanların baha olması da əslində, normaldır. Lakin belə bahalı dərmanların yerini alternativ olaraq yerli istehsalla əvəz etmək düşünülməsi çətin bir sualdır. Belə məsələnin həlli üçün istisnasız olaraq icbari tibbi sığortanın tətbiq edilməsi zəruridir. Xarici təcrübədə əhali aylıq gəlirinin 30 faizə qədərini tibbi xərclərə ayırdığı halda bizdə bu rəqəm çox simvolikdir. Doğrudur, minimum əmək haqqı ilbəil artırılsa da bu da kifayət etmir ki, səhiyyə sistemində problemlərin əsas hissəsi həll edilsin". 

F.Bayramov sosial-tibbi islahatlar paketinin hazırlanmasını təklif edir: "Biz təklif edərdik ki, hər hansı bir sosial-tibbi islahatlar paketi hazırlansın və tətbiq edilsin. İstənilən halda Azərbaycanda səhiyyə sahəsində islahatlara çox ciddi şəkildə ehtiyac duyulur".


Sizin Reklam Yeriniz