Əlaqə Arxiv
news Image
2014.04.10
08:30
| A A A
İqtisadiyyatda dövlət planlaşdırması tətbiq oluna bilər
Vüqar Bayramov: “Bazar iqtisadiyyatına malik olan ölkələrdə də iqtisadiyyatda dövlət planlaşdırılması həyata keçirilir” Ruslan Atakişiyev: “Əslində, bazar iqtisadiyyatında planlaşdırmadan geniş şəkildə istifadə etmək olur”

Sovet dönəmində istehsalatda məhsuldarlığın yüksəlməsinə xidmət edən dövlət planlaşdırması həyata keçirilərdi. 5 illik dövlət planı ilə yanaşı, konkret müəssisə və şirkətlərə də konkret istehsal planı tətbiq edilirdi. Günü bu gün də Uzaq Şərq ölkələrinin bir çoxunda dövlət planlaşdırması həyata keçirilməkdədir. Ölkəmizdə iqtisadi quruluş azad bazar münasibətləri üzərində qurulandan sonra belə planlaşdırma demək olar ki, yoxa çıxdı. Halbuki, liberal iqtisadiyyat şəraitində də dövlət planlaşdırılması mümkün sayılır. Məsələn, Yaponiya, Çin, Tayvan və Cənubi Koreya kimi ölkələrin iqtisadi sıçrayışlarında dövlət planlaşdırmasının böyük rolu olub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, iqtisadiyyatda dövlət planlaşdırması sadəcə, idarəolunan iqtisadiyyata aid deyil: "Eləcə də bazar iqtisadiyyatına malik olan ölkələrdə də iqtisadiyyatda dövlət planlaşdırılması həyata keçirilir. Nəzərə alsaq ki, burada söhbət iqtisadiyyatın müxtəlif sektorlarında inkişaf proqramlarının icra edilməsindən gedir. Yəni, söhbət hər bir istehsal növü və ya istehsalla məşğul olan zavod üzrə istehsalın planlaşdırılmasından getmir. Bu, prkatiki olaraq mümkün deyil. Baxmayaraq ki, sovet dövründə mümkün idi və tətbiq olunurdu. Burada iqtisadiyyatın müxtəlif sektorları üzrə inkişaf proqramlarının hazırlanması və planlaşdırılmasından söhbət gedir. Təbii ki, hədəflərin müəyyənləşdirilməsindən danışılır. Əslində, Azərbaycanda dövlətin inkişaf proqramları var. Regionların inkişafı ilə bağlı dövlət proqramlarında dövlətin keçirəcəyi müxtəlif tədbirlər planlaşdırılır. Həmin tədbirlər planlaşdırıldığı üçün əsas diqqət dövlətin biznesin və infrastrukturun formalaşmasına verə biləcəyi töhfədən ibarət olur. Liberal iqtisadiyyata malik olsa da, Azərbaycanda da bu cür planlaşdırılmanın həyata keçirilməsinə ehtiyac var. Amma konkret olaraq özəl müəssisələrin hansı həcmdə məhsul istehsal etməsinin planlaşdırılması mümkün deyil. Hətta aqrar sektorda belə məhsul istehsalının seqmentlər üzrə planlaşdırılması mümkün deyil. Müəyyən məhsulun planlaşdırılması ilə bağlı fermerlərə məlumatların verilməsinə ehtiyac var. Ancaq fermerlərin konkret hansı məhsul istehsal etməsi və özəl müəssisələrin hansı məhsulların hansı həcmdə istehsal etməsi ilə bağlı planlaşdırmanın aparılması praktiki olaraq mümkün deyil. Bu, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Ancaq dövlətin görəcəyi işlərlə bağlı həm inkişaf proqramlarının hazırlanması, həm də dövlətin fəaliyyətlərinin planlaşdırılması mümkündür. Praktiki olaraq Azərbaycanda bu tip planlaşdırma həyata keçirilir. Azərbaycan infrastrukturun formalaşdırılması, biznes mühitinin yaxşılaşdırılması və digər birbaşa dövlət fəaliyyəti ilə bağlı olan istiqamətlərdə planlaşdırmanı həyata keçirir. O baxımdan mövcud inkişaf planlaşdırma siyasətinin davam etdirilməsi məqsədəuyğundur".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, əslində, bazar iqtisadiyyatında planlaşdırmadan geniş şəkildə istifadə etmək olur: "Qardaş Türkiyə və digər ölkələrdə planlaşdırma instututu fəaliyyət göstərir. Onlar ölkənin inkişafı ilə bağlı uzun illik planlar hazırlayırlar. Bizdə də regionların inkişafına dair dövlət proqramlarını buna misal göstərə bilərik. Amma sovet dövründəki kimi hansısa sovxoz, kolxozun istehsalını əvvəldən müəyyənləşdirən plan liberal iqtisadiyyatda həyata keçirilmir. Çünki, bazar iqtisadiyyatında bazarda nə qədər əmtəənin istehsal olunması, bazara nə qədər məhsul çıxarması qərarını istehlakçı ilə istehsalçılar verir. Yəni, tələb və təklif əsasında müəyyənləşir. Hər bir müəssisənin öz daxilində bazarı araşdırmaq üçün qrupları var. Onlar mütəmadi olaraq bazarı izləyirlər. Tələb və təklif əsasında formalaşmış bazar qiymətinə müvafiq şəkildə məhsullarının bazara yönəldilməsi ilə bağlı qərarı özləri verirlər. Ona görə də hansısa şirkətin bazardakı qiymətə və tələbə nisbətən çox məhsul istehsal etdiyi zaman ya məhsulunun bir hissəsini bazara çıxarmır, ya da ucuz qiymətə tam çıxarır. Amma dövlət hansısa şirkətin hansı məhsul istehsal və nə qədər istehsal etməsini tələb kimi qoya bilməz. Buna müəssisələr özləri fərdi şəkildə qərar verirlər".

Sizin Reklam Yeriniz