Əlaqə Arxiv
news Image
2014.04.10
16:56
| A A A
Avtomobil satışında yeni üsul
Rəşad Həsənov: «Dilerlər məcbur olurlar ki, avtomobilləri öz vəsaitləri hesabına hissəli ödənişlərlə müştərilərinə təqdim etsinlər» Natiq Cəfərli: «Vətəndaşlar arasında anlaşma əsasında satışın həyata keçirilməsi bir tərəfdən ona görə sərfəlidir ki, artıq bank faizləri hesablanmayacaq»

Son bir neçə ayda avtomobil kreditləşməsi ilə bağlı banklarda qaydaların sərtləşdirilməsindən sonra vətəndaşlar maşın əldə etmək üçün başqa yollar axtarmağa başladılar. Bu sahədə lizinq üsulunun da tətbiq edilməsinə baxmayaraq, ondan hələ də geniş istifadə olunmur.

Hazırda maşın alqı-satqısı edənlərin öz aralarında kredit müqaviləsi bağlaması hallarına çox rast gəlinməkdədir. Belə ki, qarşılıqlı razılaşma əsasında avtomobil satıcısı ilə alıcı arasında notariatda təsdiq edilmiş şəkildə razılaşma əldə olunur. Bu razılaşmaya əsasən avtomobilin pulunun müəyyən hissəsi alınır, müəyyən hissəsi isə hər ay ödənilmək şərti ilə razılaşma əldə olunur. Ekspertlər Mövqe.az-a məsələ ilə bağlı açıqlama veriblər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirib: "Banklarda avtomobil kreditlərinin verilməsi qaydaları sərtləşdirilikdən və yeni qaydaların tətbiqindən sonra iki variant ortada qalmışdı. Birinci variantda satıcı özü avtomobilini sataraq qarşılığını hissə-hissə alır, ikinci növbədə isə bunun lizinqlə həyata keçirir. Belə hesab edilirdi ki, banklarda kreditlərin verilməsi ilə bağlı qaydalar sərtləşdirildikdən sonra lizinqlə avtomobil alanlar çoxalacaq. Lakin heç də belə olmadı. Ona görə ki, Azərbaycan bazarının özünəməxsus xüsusiyyətləri var. Bazar iştirakçılarının əksəriyyəti avtomobilini dəyişmək istəyən insanlardır. Lakin onlar avtomobili lizinqlə aldıqdan sonra sahibkar sayılmırlar. Yəni avtomobilini lizinqə verən insan onun üzərində satma hüququna malik olmur. Şəxs avtomobili kreditlə aldığı zaman onu istədiyi zaman sata bilər. Sadəcə olaraq, kreditə ödədiyi avtomobili satacağı şəxsdən almaqla onu sata bilir. Lizinqlə aldığı zaman isə bunu həyata keçirə bilmir. Burda sahibkarlıq birbaşa olaraq onlara aid olmadığı kimi, lizinq başa çatmadığı müddətcə də avtomobili sata bilmirlər. Ona görə də lizinq insanlara bir o qədər də maraqlı, cəlbedici görsənmədi. Avtomobil adətən, insanların rifahının yaxşılaşdırılması məqsədi ilə alınır. Və əgər hər hansı bir şəxs avtomobili lizinqlə və ya kreditlə alırsa, fikirləşir ki, bir gün mənim səhhətimdə, işimdə hansısa problem olarsa, bu avtomobili sata bilərəm və problemimi həll edərəm. Lakin lizinqlə alınan zaman insanlar çətinliklərlə üzləşirlər. Əvəzində isə ikinci bir variant ortaya çıxır ki, bu da avtomobillərin satıcılar, dilerlər tərəfindən müştəriyə birbaşa olaraq kreditlərlə və yaxud da ki, hissəli ödənişlərlə verilməsidir. Lakin Mərkəzi Bankın 2012-ci il tarixli qərarına əsasən, ümumiyyətlə, satış obyektlərində kreditləşmənin həyata keçirilməsi qadağandır. Buna görə də banklar burda iştirakçı ola bilmirlər. Bu zaman dilerlər məcbur olurlar ki, avtomobilləri öz vəsaitləri hesabına hissəli ödənişlərlə müştərilərinə təqdim etsinlər. Bu zaman bir sıra problemlər yaşanır.  Belə ki, Azəbaycanda borc və öhdəliklərlə bağlı hər hansı qanunvericilik bazasının olmaması ona gətirib çıxarır ki, borc və öhdəliklər yerinə yetirilmədiyi təqdirdə dilerlərin ata biləcəyi addım yoxdur. Məlum deyil ki, vətəndaş pulu ödəmədiyi təqdirdə onların hansı tədbirləri görmək kimi səlahiyyətləri var. Pul ödənmədiyi təqdirdə diler maşını geri ala bilərmi məsələsi də sual altındaır. Bütün bunların təsiri ilə problemli ödənişlərin miqdarı artacaq. Çünki problemli kredilər yalnız bank sektorunda olmur. Burada söhbət  əhalinin borclanmasından gedirsə, problemli borclanmanın hüdudları daha da genişlənə bilər". 

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə vətəndaşlar arasında razılaşma ilə alqı-satqının həm müsbət, həm də mənfi cəhətlərindən danışıb: "Avtomobil satışının banklarla rəsmiləşdirilməsi həm avtomobil sahiblərində, həm də satıcılarda müəyyən dərəcədə təminat yaradırdı. Banklar da avtomobil üzərində imtiyaza malik idilər. Yəni, alıcılar müəyyən müddətdən sonra ödəniş etmədikləri təqdirdə bank həmin avtomobili müsadirə etmək hüququnda idi. İndi vətəndaşlar arasında anlaşma əsasında satışın həyata keçirilməsi bir tərəfdən ona görə sərfəlidir ki, artıq bank faizləri hesablanmayacaq. Vətəndaşlar özləri alqı-satqı müqavilələri vasitəsilə bunu tənzimləyə bilərlər. Sadəcə olaraq, problem ondan ibarətdir ki, burada pulun ödənilməsinə zəmanət məsələsi ortaya gəlir. Ödəniş vaxtında edilməsə və yaxud da gecikmələr olsa, alıcı ilə satıcılar arasındakı münasibətlərin hansı formada tənzimlənəcəyi sual altındadır. Yeganə tənzimləmə mexanizmi məhkəmələrlə ola bilər ki, bu da çox ciddi vaxt itkisinə səbəb olacaqdır. Çünki məhkəmə çəkişmələri uzun müddətli ola bilər. Bu isə avtomobil biznesi ilə məşğul olan insanın dövriyyəsini azalda bilər. 

Bu səbəbdəndir ki, vətəndaşlar arasında razılıq hesabına avtomobil satışının həm müsbət, həm də mənfi cəhətləri var. Bu zaman alıcılar və satıcılar çalışacaqlar ki, daha çox tanıdıqları insanların kiməsə zəmanət verməsi yolu ilə bu problemi aşsınlar. Məhz bu yolla yaranan problem həll olunmağa çalışılacaq. Çünki avtomobil bazarında kreditləşmənin məhdudlaşması və sərtləşdirilməsi avtomobil satışına ciddi şəkildə təsir göstərib ki, bu da avtomobil biznesi ilə məşğul olan insanların gəlirlərinin azalması ilə nəticələnib. Bazar özü müəyyən dərəcədə bu işi tənzimləməyə çalışır ki, bu yollardan biri də bu şəxsi müqavilələr əsasında satışların həyata keçirilməsidir". 


Sizin Reklam Yeriniz