Əlaqə Arxiv
news Image
2014.04.10
17:04
| A A A
Kirayə bazarı ilə bağlı böyük ziddiyyət
Rövşən Talıbzadə: «Ümumi tendensiyada kirayə qalanların sayı ilbəil artır» Nüsrət İbrahimli: «Son zamanlar bir sıra evlərin sökülməsi ilə bağlı insanların əksəriyyəti kirayə mənzillərə üz tuturlar»

Açıqlanan rəsmi məlumatlara görə, 2010-cu ildə kirayədə qalan insanların sayı ümumi əhalinin 1.6%-ni təşkil edirdisə, 2013-cü ildə bu göstərici azalaraq 1.1% təşkil edib. Nəzərə alanda ki, son 3 ildə yeni tikilən evlərin sayında da azalma müşahidə olunub, bu fonda kirayə bazarında passivlik müşahidə olunması maraq doğurur. Lakin ekspertlər hesab edirlər ki, əslində, bu gün kirayə bazarında azalma yox, əksinə artım müşahidə olunmaqdadır.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin üzvü Rövşən Talıbzadə deyir: "Bizim apardığımız araşdırmalara görə, bu gün kirayə bazarında heç də azalmalar müşahidə olunmur. Əksinə, ötən illərlə müqayisədə artım müşahidə edilib. Əslində, kirayə bazarında artım və azalmalar mövsümlə əlaqəli olaraq dəyişir.  Məsələn, avqust, sentyabr, oktyabr aylarında universitetlərin açılması ilə əlaqədar rayonlardan tələbələr şəhərə axın edirlər. Eyni zamanda paytaxta üz tutananlar arasında işləmək üçün  gələnlər də olur. Bu gün şəhərdə irimiqyaslı layihələr həyata keçirilir. Bununla əlaqədar işçilərə ehtiyac yarandığından regionlardan insanlar bura üz tuturlar. 

Ona görə də 2010-cu illə müqayisədə, demək olmaz ki, kirayə bazarında azalma müşahidə edilib. 2010-cu il daşınmaz əmlak bazarında stabillik dövrü kimi müşahidə olunmuşdu.  2011-2012-ci illərdə də daşınmaz əmlak bazarında həm qiymət qrafikasında, həm də aktivliyi ilə bağlı həmişə stabillik müşahidə etmişdik. Amma 2013-cü ildən bazarda aktivlik müşahidə edilir. Kirayə qalanların sayında da, evlərin qiymətində də artım müşahidə olunubdur. Və bu artım daha çox mövsümi aylarda müşahidə olunub. Ola bilər ki, hansısa dövr üçün, məsələn, yay aylarında tələbələrin, eyni zamanda işçilərin məzuniyyətə, tətilə çıxaraq öz evlərinə qayıtması ilə bağlı kirayə bazarında passivlik hökm sürür. O da ola bilər ki, hansısa ilin yay aylarında digər ilə nisbətən azalma müşahidə olunsun. Amma ümumi tendensiyada kirayə qalanların sayı ilbəil artır. Bu da onunla əlaqədardır ki, həm təhsillə bağlı gələnlər çoxalır, həm də ki, işlə əlaqəli üz tutanlar artır. 

Ona görə, hesab etmirəm ki, kirayə bazarında bu gün azalma var. Bunu yalnız o zaman söyləmək olar ki, iqtisadiyyatda durğunluq olsun. Belə bir durğunluq isə yoxdur. İndiki vəziyyət üçün bu xarakterik deyil. Buna görə də, kirayə bazarında aktivlik hökm sürməkdədir". 

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimli də bildirdi ki, indiki şəraitdə kirayə bazarında hər hansı bir azalma müşahidə olunmur: "Deməzdim ki, bu gün kirayə evlərin sayında azalma müşahidə olunur. Amma ümumən azalma olubsa da, bu müəyyən aylar üçün xarakterik ola bilər. Əsasən işgüzarlıq indeksi aşağı düşəndə bu baş verir. Çünki kirayə qalan insanların əksəriyyəti işləmək üçün Bakıya gələnlər, tələbələr və yaxud da ki, yaşayış yerinin dəyişənlər olur. Əgər kirayə ev götürənlərin sayı azalıbsa, demək ki, işgüzarlıq indeksi aşağı düşüb. İkincisi isə səbəb o ola bilər ki, hamı öz mənzil problemini həll edib və kirayə yaşayanların indeksi aşağı düşüb. 

Amma dediyim kimi, biz hər hansı bir azalma müşahidə etmirik. Ona görə ki, son zamanlar bir sıra evlərin sökülməsi ilə bağlı insanların əksəriyyəti kirayə mənzillərə üz tuturlar. Digər tərəfdən işgüzarlıq indeksi artır, miqrasiya çoxalır və s. Bütün bu səbəblərə görə, mən hesab etmirəm ki, kirayə götürülən evlərin sayı azalıb". 


Sizin Reklam Yeriniz