Əlaqə Arxiv
news Image
2014.04.17
09:23
| A A A
Çox benzin işlədən maşınların idxalına qadağa təklif edilir
İlham Şaban: "İndilikdə yanacağın keyfiyyət göstəricisinə nail olmaq üçün texniki qurğular təkmilləşdirilməli, modernizə edilməlidir" Samir Əliyev: " Çox yanacaq sərf edən maşınların idxalını məhdudlaşdırmaq gərəkdir "

Azərbaycanda yanacağın keyfiyyətinin daha da yaxşılaşdırılması getdikcə aktuallıq qazanmaqdadır. Xüsusən də "Avro-4" standartlarının tətbiqi yerli istesahsal yanacaqlarının keyfiyyətinin yüksəldilməsini zərurətə çevirir. Bu məsələnin birdəfəlik həlli üçün yaxın illərdə yeni neft emalı zavodunun tikilməsi nəzərdə tutulur. Amma ona qədər də, keyfiyyətli yanacaq alınmasına nail olmaq üçün müəyyən işlər görülməlidir. Bu günlərdə Nazirlər Kabinetində keçirilən müşavirədə Prezident İlham Əliyev qeyd olunan məsələyə toxunaraq deyib ki, yenu neft zavodu tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətinin necə yaxşılaşdırmağın yolları müəyyən edilməlidir.

Ekspert İlham Şaban düşünür ki, yeni zavod açılana qədər ölkədə istehsal olunan yanacağın keyfiyyətinə nail olmaq texnoloji məsələlərlə bağlıdır: "Bu, artıq texnoloji məsələdir. Azərbaycan Dövlət Neft Şirkəti keyfiyyət məsələsi texnoloji məsələ olduğundan ancaq texnologiyanı inkişaf etdirməklə məsələnin həllinə yiyələnə bilər. Yəni, hazırda mövcud olan zavoddakı texniki qurğular təkmilləşdirilməlidir. Bu zaman, söhbət heç də yeniləmək məsələsindən getmir, sadəcə, texniki qurğular təkmilləşdirilməli, modernizə edilməlidir. Bu yolla yanacağın keyfiyyəti məsələsində müsbət dəyişikliyə yeni zavod açılana qədər də nail olmaq olar. Dediyim odur ki, məsələnin həllinə bu sahədə köklü dəyişikliyə getmədən çatmaq mümkündür. Köklü dəyişikliklərin atılmasına isə böyük investisiya tələb olunur. Böyük investisiya iqtisadi baxımdan sərfəli deyil. O baxımdan ki, artıq yeni zavodun tikilməsi gündəmdədir. Artıq bunun üçün ilkin işlərə də start verilib. Bütün bunlara görə indilikdə, yanacağın keyfiyyət göstəricilərinin qaldırılmasına ancaq texnoloji qurğuların təkmilləşdirilməsilə nail ola bilərik".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də bildirdi ki, mövcud zavodun avadanlıqlarını dəyişməklə keyfiyyəti yüksəltmək mümkündür: "Əslində, yanacağın keyfiyyətinin yüksəldilməsi məsələsi çoxdan düşünülməli idi. Ölkədəki neftayırma zavodunun istehsal gücü azdır. Ai-98 markalı benzin xaricdən gətirilir, Aİ-95 isə əslində, Aİ-92 markasına müəyyən qatqılar qatmaqla Aİ-95 adı ilə satılırdı. Bu gün avtomobillərin çoxu Aİ-92 markalı yanacaqdan istifadə edir. Bu günlərdə isə neftayırma zavodu rekonstruksiya işləri ilə bağlı olaraq təmirə dayandı. Hökumət yanacağın keyfiyyətini artırmaq üçün yeni zavod tikməlidir ki, artıq bu istiqamətdə fəaliyyətdədir. Amma bu proses bir neçə ildən sonra baş verəcək. Ona qədər isə köhnə zavodu rekonstruksiya etməklə yanacağın keyfiyyətin artmasına nail olmalıyıq. Bu isə böyük vəsait tələb edir. Belədə çıxış yolu mövcud zavodun avadanlıqlarını dəyişməklə keyfiyyətli benzinin alınmasını təmin etmək qalır. Hökumət bu istiqamətdə çalışır. Xaricdən gətirilən benzinin keyfiyyətinin düzgün yoxlanılması da vacib şərtdir. Eyni zamanda, bu istiqamətdə sözün həqiqi mənasında kəmiyyətdən keyfiyyətə keçməyin vaxtı çatıb. Benzin istehlakı durmadan artır. Ona görə də hökumət az yanacaq sərf edən maşınların idxalını stimullaşdırmalıdır. Hibrid maşınlar, elektromobillərin geniş tətbiqinə başlanılmalıdır. Bu sistem stimullaşdırılmalıdır. Çox yanacaq sərf edən maşınların idxalını da məhdudlaşdırmaq gərəkdir. Onlara xüsusi vergi tətbiq edilsə, insanlar kiçik maşınları gətirməyə meyllənər. Maşın parkının təzələnməsi də vacibdir ki, hökumət bu istiqamətdə fəaliyyətdədir".

Sizin Reklam Yeriniz