Əlaqə Arxiv
news Image
2014.04.17
19:20
| A A A
Bankomat qarşısında növbələrə hələ də son qoyulmur
Elxan Vəliyev: «Üç amil ölkədə nağdsız ödənişlərin genişlənməsinə mane olur» Əli Əlirzayev: «Nağdsız ödənişlərin inkişafını gecikdirən səbəb məhz psixoloji amillərlə bağlıdır»

Bu gün ölkədə əmək haqlarının və təqaüdlərin verilməsi prosesi müasirləşdirilərək elektron formaya keçirilib. Artıq əksər vətəndaşlar vəsaitləri plastik kartlar vasitəsilə əldə edirlər. Əmək haqqının və ya təqaüdlərin hesaba yatırıldığı vaxtlar isə bankomatların qabağında hər zaman uzun növbələr müşahidə edilir. Hər kəs pulunu hesabdan çıxarmaq  üçün sıra gözləyir.  Ona görə ki, əksəriyyət alış-veriş zamanı ödəmələri nağd şəkildə həyata keçirir. Halbuki, bu öədəmələri  kart vasitəsilə də etmək olar.  

İqtisadçı Elxan Vəliyev Movqe.az-a problemin səbəblərini şərh edib:   

"Problem ilk növbədə insanların nağdsız ödənişlər haqqında kifayət qədər məlumatlı olmamaları ilə bağlıdır. Birinci növbədə kütləvi informasiya vasitələri nağdsız ödənişlərin faydaları haqda əhaliyə daha çox məlumat verməli, maarifləndirmə işləri aparılmalıdır. Bu gün dünyada nağdsız ödənişlər o qədər yüksək səviyyədə yayılıb ki, hətta bəzi ölkələrdə real alqı-satqı yox səviyyəsinə çatıb. Bütün xidmətlər, o cümlədən alış-veriş də onlayn şəkildə aparılır. Bizə ən yaxın ölkələrdən Türkiyəni, Rusiyanı nağdsız ödənişlərin geniş istifadə edildiyi ölkələrə nümunə göstərmək olar. Azərbaycanda da bu sistemi daha da inkişaf etdirmək üçün birinci növbədə maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Bizim konsaltinq şirkətlərimiz, digər təlimatverici, sırf informasiya məqsədli təşkilatlatlarımız, QHT-lərimiz var ki, onlara tapşırıq verilməlidir ki, daha çox məlumat versinlər, insanları daha çox infomasiyalandırsınlar. Çünki bu gün hətta turizm sektorunda da böyük şirkətlər turizm şirkəti ilə birbaşa əlaqə yaratmaqdansa, onlayn sifarişi üstün tuturlar. Yəni, artıq müasir həyat tələb edir ki, onlayn  tətbiq, nağdsız ödənişlər həyata keçirilsin.

  İkinci növbədə onu qeyd etmək lazımdır ki, bu gün vəsaitini karta yükləyən əhali çox azdır. Məsələn, yaşlı nəsil üçün bu, tamamilə yeni bir sistemdir. Ona görə bu haqda məlumatlı deyillər. İstifadə edənlər adətən yüksək əmək haqqı alan insanlar, özəl şirkətlərin işçiləri olur. Çünki dövlət işində çalışıb 150-200 manat maaş alan insan heç maraqlı da deyil ki, pulunu kartda saxlayıb lazım olanda istifadə etsin. Bundan əlavə bəzi iş yerlərində hələ də aylıq əmək haqqı kartda yox, nağd şəkildə verilir. Bu məsələ də aradan qaldırılmalıdır. Beləliklə, göstərdiyimiz bu üç amil ölkədə nağdsız ödənişlərin genişlənməsinə mane olur".  

İqtisadçı-ekspert Əli Əlirzayev isə problemin, nağdsız ödənişlərin genişlənməməsinin əsasən psixoloji amillərlə bağlı olduğunu bildirib: "Bu, psixoloji bir amildir. İnsanlar nağdsız ödənişə öyrəşməlidirlər. İnsanlar öz pullarını kartda saxlamaqdansa, "pulum evdə, gözümün qabağında olsun" düşüncəsiylə yaşayırlar. Əksər insanlar düşünürlər ki, cibimdə olsun, istəyəndə sayım, baxım nə qədər pulum var. Yəni, pulu karta yükləməkdənsə, özlərində saxlamağı daha üstün bilirlər. Həm də ki, insanların hamısı pos-terminallardan istifadə etməyi bacarmırlar. Xüsusən yaşlı insanlar, təqaüdçülər öz təqaüdlərini bankomatdan çıxararkən belə, kömək istəyirlər, o ki qaldı kartla ödəniş etmək. Ona görə ki, hələ insanlar nağdsız ödənişə vərdiş etməyiblər. Cəmiyyətdə hamı nağdsız ödəniş haqda məlumatlı deyil. Bəzən ödəniş edərkən müştəri nə qədər pul verdiyini, kartda nə qədər pul qaldığını və sair məsələləri  anlaya bilmir. Bu səbəbdən də, bu cür yolla ödənişdən uzaq düşürlər. Düşünürəm ki, prosesin genişlənməsi üçün zaman lazımdır. İnsanlar yeniliyə alışmalıdırlar. Bundan əlavə, hər kəsin də kartı yoxdur. Amma buna baxmayaraq, indi əhalinin elə qismi də var ki, nağdsız ödənişdən çox rahat şəkildə istifadə edir. Təyyarə biletlərini belə internet üzərindən sifariş edən, kommunal xərclərini bu yolla ödəyən insanlar da var. Amma əhalinin bu qismi azlıq təşkil edir. Düşünürəm ki, nağdsız ödənişlərin inkişafını gecikdirən səbəb məhz psixoloji amillərlə bağlıdır. Zaman keçdikcə, əhalinin ödənişin bu yolundan istifadəsi də genişlənəcəkdir". 


Sizin Reklam Yeriniz