Əlaqə Arxiv
news Image
2014.04.22
16:15
| A A A
Çörəyin çəkisi üçün standart müəyyən olunmayacaq
Natiq Cəfərli: «Standartlara əməl etməyən sahibkarlara maliyyə sanksiyaları tətbiq edilsə, bu kimi problemlər daha yaşanmaz» Fazil Talıblı: «Bu gün çörəyin çəkisi ilə bağlı Azərbaycanda heç bir standart yoxdur»

Son günlər unun qiymətində artımlar olması barədə yenidən çoxsaylı məlumatlar səslənməkdədir. Aydındır ki,  unun qiyməti artarkən çörəyin qiymətinə də təsir göstərməlidir. Lakin gözlənilən hal müşahidə olunmur, yəni çörəyin qiymətində hər hansı bahalaşma yaşanmır. Lakin bunun əvəzində iddialar səslənir ki, bəzi sahibkarlar çörəyin çəkisini azaldıblar. Bu fonda təklif edilir ki, çörəyin çəkisi ilə bağlı standartların tətbiq edilməsinə ehtiyac var və bu, ona görə lazımdır ki, çörəyin çəkisini nəzarət etmək mümkün olsun. 

İqtisadçı Natiq Cəfərli Movqe.az-a açıqlmasında məsələyə münasibətini bildirib. İqtisadçı bildirir ki, unun qiyməti artarkən sahibkarlar da məcbur olur ki, öz itirdiklərini bərpa etmək üçün çörəyin çəkisini azaltsınlar: "Çörəyin qiyməti həssas bir mövzu olduğu üçün dəfələrlə olub ki, taxılın qiymətində, unun qiymətində dəyişiklik olduqda, sahibkarlar insanlar arasında ajiotaj yaranmasın deyə, çörəyin qiymətində dəyişikliklər olmasın deyə, onun çəkisində azalmalara getməklə öz itirdiklərini, əlavə xərclərini çıxartmağa doğru gedirlər. Yəni, illərlə bu belə olub". 

Ekspert hesab edir ki, standartlara əməl etməyən sahibkarlara maliyyə sanksiyaları tətbiq edilsə, bu kimi problemlər daha yaşanmaz: "Buna görə dəfələrlə məsələ qaldırlsa da, qərar qəbul edilsə də, onların tətbiq olunmasında çox təəssüf ki, gecikmələr var. Əgər bu təsdiq olunmuş standartlar çərçivəsində sahibkarlara ciddi cəzalar verilsə, onlara maliyyə sanksiyaları tətbiq edilsə, bəlkə də standartların tətbiqində irəliləyişlərə nail olmaq olardı. Amma çox təssüf ki, illərdir eyni problemlə qarşılaşırıq. Unun qiymətində bahalaşma olan kimi sahibkarlar çörəyin çəkisi ilə oynamaqla, çörəyin çəkisini aşağı salmaqla öz itirdiklərini kompensasiya etmək istəyirlər. Əslində, bu heç onların da günahı deyil. Ona görə ki, onlar əlavə xərclərini kompensasiya etmək məcburiyyətindədirlər. Çörəyin qiyməti elə bir məsələdir ki, çox kiçik bir artım olsa da ajiotaja səbəb olur. Ona görə də sahibkarlar bu yola əl atmağa məcbur olurlar. Amma standartlar tətbiq olunsa, düşünürəm ki, gələcəkdə belə problemlərlə qarşılaşmayacağıq".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə hesab edir ki, çörək üçün konkret qəlib, standart müəyyən etmək olmaz: "Bu gün çörəyin çəkisi ilə bağlı Azərbaycanda heç bir standart yoxdur. Belə ki, çörəyin çəkisi istehsalçı ilə sifarişçi arasında bağlanan müqavilə əsasında tənzimlənir. Bu gün bazarda da, marketlərdə də istənilən çəkidə, istənilən formada müxtəlif növ çörək məhsulunu görmək olur. Çörəyin çəkisinin hansısa qəlibə salınması qeyri-mümkündür. Çünki, elə ailə var ki, istehsak tələbatı gün ərzində 200 qram çörəyədir. O, 500 qramlıq çörək alıb, 200 qramını  istifadə edib, qalanını tullasa, bu  israfçılıq olacaq. Qaldı ki, taxılın, unun qiymətlərinin süni şəkildə qalxması, onunla əlaqədar olaraq çörəyin çəkisinin azalmasına, dövlətin aidiyyatı qurumları tərəfindən bu məsələ nəzarətdədir və heç kim özbaşına artım edə bilməz. Hərə üzərinə düşən vəzifəni icra edir".    


Sizin Reklam Yeriniz