Əlaqə Arxiv
news Image
2014.04.22
18:05
| A A A
İstifadəsiz qalan pos-terminallar
Rəşad Həsənov: «Nağdsız ödənişlərin genişləndirilməsi üçün həll edilməli bir neçə problem var»

Ölkədə nağdsız ödənişləri genişləndirmək üçün cari ilin ötən dövründə ayrı-ayrı  obyektlərdə quraşdırılan pos-terminalların sayı yenidən artırılmaqdadır. Lakin bununla belə, hələ də nədənsə bu ödəmə sistemi Azərbaycan insanının marağını tam olaraq çəkə bilmir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti  Rəşad Həsənov mövcud vəziyyətin səbəblərini Movqe.az-a şərh edib: "Ümumiyyətlə, nağdsız ödənişlər ölkədə ciddi problemlər sırasındadır. Artıq bir çox dünya ölkələri nağd pullardan, demək olar ki, istifadə eləmir. Bəzi inkişaf etmiş ölkələrdə artıq ödənişlərin 90-95%-i nağdsız şəkildə həyata keçirildiyi halda, Azərbaycanda ödənişlərin 95%-i nağd şəkildə həyata keçirilir. Bu da həm iqtisadi struktun formalaşmamasının, həm də məlumatsızlığın görtəricisidir. Digər tərəfdən də Azərbaycanda elektron ödəmə sisteminin formalaşıb başa çatmaması ilə bağlı olan problemlər var ki, hal-hazırda üzləşdiyimiz  vəziyyət bu səbəblərlə əlaqədar yaranıb.  Ümumiyyətlə, uzun müddətdir ki, bu mövzu müzakirə olunur və biz problemin həlli ilə bağlı hökümətə müəyən təkliflər  etmişik. Həmçinin, mətbuat vasitəsilə də səsləndirmişik. Lakin bu istiqamətdə hələ ki, pos-terminalların quraşdırılmasından başqa elə bir ciddi addımlar atılmayıbdır". 

Ekspert bildirir ki, əvvəlcə satıcılar pos-terminallarla ödənişə maraqlandırılmalıdırlar: "Məsələ bundan ibarətdir ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün həll edilməli bir neçə problem var.  Birincisi, satıcının, yəni həmin o vəsaiti alan adamın bu istiqamətdə maraqlı olması, marağın yaradılmasıdır. Yəni, ümumiyyətlə, məsələyə əməliyyatların stimullaşdırılması istiqamətində baxanda satıcını maraqlandırmaq lazımdır ki, o ödənişlərin pos-terminallar vasitəsilə qəbul edilməsində maraqlı olsun. Burada vəziyyət belədir ki, Azərbaycan qanunvericiliyinə görə, pos-terminallar vasitəsilə ödənilən, həyata keçirilən dövriyyə avtomatik olaraq vergiyə cəlb edilir. Azərbaycandakı vergi ödənişlərinin səviyyəsi, ümumiyətlə, ölkədə biznesin vergi ödəməyə olan həvəsini nəzərə alsaq, ortaya belə bir mənzərə çıxır ki, insanlar çalışırlar ki, ödənişləri nağd şəkildə qəbul etsinlər. Bu zaman onların vergidən yayınması daha asan olur. Bu problemin aradan qaldırılması üçün belə bir təklif etmişik ki ki, vergi sistemində ikili bəyannamələr qəbul olunsun. Bunlar həm nağd, həm də nağdsız ödəmələrlə bağlı bəyannamələrdir.  Təklifdə onu da irəli sürmüşük ki, nağdsız dövriyyəyə aid olan bəyannamələr hal-hazırkı vergi dərəcələri ilə deyil, güzəştli şərtlərlə vergiyə cəlb edilsin. Ümid edirik ki, bu, biznes subyektlərində nağdsız dövriyyəyə olan marağı nisbətən artıra, prosesi sürətləndirə və stimullaşdıra bilərdi".

Rəşad Həsənov bildirir ki,  digər tərəfdən, burda insanların da məlumatsızlığından yaranmış vəziyyət də var: "Ölkə ərazisində insanların 90%-i kartlardan, elektron ödəmə qaydalarından istifadəni bilmir. Hətta bu gün çox şahidi oluruq ki, pos-terminalın mövcud olduğu bəzi obyekt və müəssisələrdə onları işlədə bilən insanlar yoxdur. Vətəndaş özü də terminalla ödəməyi bacarmırsa, demək ki, nağdsız ödəmələrdə ciddi problemlər yaranır". 

Iqtisadçı təklif edir ki, nağdsız dövriyyənin həyata keçirilməsini genişləndirmək üçün, insanların maarifləndirilməsi və onların bu işə həvəsləndirilməsi istiqamətində işlər aparılsın: "Eyni zamanda onların həvəsləndirilməsi üçün də addımlar atılsın. Bu sahədə həm Rusiya, həm Türkiyə təcrübısindən yaralanmaq olar. Məsələn, Rusiya təcrübəsində müəyyən limitli məbləğlər təyin ediblər ki, bu məbləğdən yuxarı ödənişlərin hamısı mütləq qanunvericiliyə görə nağdsız şəkildə həyata keçirilməlidir. Azərbaycanda da bu kimi limitlər tətbiq edilə bilər. Və yaxud, Türkiyə modelində olduğu kimi, nağdsız ödənişlərin qəbzlərini vergi orqanlarına vermək müqabilində  onlara müəyyən bonuslar və ya pul mükafatları təqdim etmək olar ki, bu da insanların  marağını artıra bilər.  Bir tərəfdən də "nağd olsun, soğan olsun" bizim atalar sözümüzdür, problem burdan qaynaqlanır. Yəni düşüncə ilə əlaqədardır. Buna görə də geniş əhatəli bir proqram hazırlanmalıdır. Bildiyimiz qədər də Mərkəzi Bank gələcək 5 il üçün nağdsız ödənişlərin stimullaşdırılmasının təşviqi və bu prosesin tamamlanması proqramı ilə çıxış edibdir və hal-hazırda ictimailəşdirilməsə də, məlumat var ki, təxminən 5 ildən sonra Azərbaycanda ödənişlərin böyük bir qismini nağdsız şəkildə həyata keçirilməsi hökümət qarşısında qoyulmuş tələblərdən biridir". 


Sizin Reklam Yeriniz