Əlaqə Arxiv
news Image
2014.04.24
08:26
| A A A
Benzin istehsalı özəl sektorda da reallaşa bilər
Əli Məsimli: Zəfər Vəliyev:

Bu gün Azərbaycanda yüksək standartlara cavab verən benzin istehsalı xüsusi diqqət mərkəzindədir. Artıq bu istiqamətdə müvafiq hazırlıq işləri aparılır. Onu da qeyd edək ki, ölkəmizdə hələlik benzin istehsalı ilə Dövlət Neft Şirkəti məşğuldur. Bununla yanaşı, təkliflər də irəli sürülür ki, Azərbaycanda benzin istehsalı ilə həm də özəl sektorun məşğul olması zəruridir. Qeyd edək ki, bir sıra ölkələrdə benzin istehsalı ilə dövlət müəssisələrindən başqa, özəl sektor da məşğuldur. Belədə isə rəqabət artır. Bu da sonda daha keyfiyyətli benzin məhsulunun alınmasına stimul yaradır. Bunları nəzərə alaraq görəsən, Azərbaycanda da benzin istehsalı özəl sektora həvalə edilə bilərmi?

Millət vəkili Əli Məsimli bunu mümkünsüz saydı: "Ehtiyac varsa, benzin istehsalı məsələsinin özəl sektora verilməsi məsələsi baş verə bilər. Amma indiki vəziyyət, struktur bu sahənin normal fəaliyyət və inkişafını təmin edir. Onsuz da, Aİ-95 və Aİ-98-in qiyməti sərbəst buraxılırsa, özəl sektor da bunu etməlidir. Hazırda Dövlət Neft Şirkəti benzini özəl yanacaqdoldurma məntəqələrinə verir. Benzin istehsalı isə Neftayırma Zavodunda reallaşır. Bu sahənin özəl sektora verilməsi üçün həmin fəaliyyətlə məşğul olacaq sahibkar prosesin reallaşması məqsədilə zavod tikməlidir. Buna isə bir neçə milyard dollar vəsait tələb olunur. Sahibkar bu halda məsələnin müsbət həllinə nail ola bilirsə, heç kim ona maneə olmayacaq. Amma çoxmilyardlı investisiyanın tələb olunması fonunda özəl sahibkarın prosesi reallaşdıra biləcəyi real görünmür. Hazırda hökumət çalışır ki, mövcud zavodların istehsal gücü artsın və regionun ən güclü neft-kimya sənayesi yaradılsın. Belə olanda daha keyfiyyətli benzin istehsalına nail ola biləcəyik".

Ekspert Zəfər Vəliyev isə qeyd etdi ki, sözügedən məsələ gələcəkdə öz həllini tapa bilər: "Azərbaycanda neft məhsullarının hasilatı və emalı ilə Dövlət Neft Şirkəti məşğul olur. Bu şirkətin tabeliyindəki 3 emal müəssisəsi də dövlət mülkiyyətindədir. Amma gələcəkdə ölkədə neft emalı işinin özəl mülkiyyətə verilməsi məsələsi mümkün olarsa, bunun özü də Azərbaycanın enerji bazarında mühüm hadisə ola bilər.Lakin yaxın zamanlar üçün bunun reallaşacağını mümkün saymırıq. Qonşu Türkmənistan və Qazaxıstanda da emal müəssisələrinin hamısı dövlətə məxsusdur. Qazaxıstanda dövlət şirkəti olan "KazMunayqaz"ın tabeliyində 4 neft emalı müəssisəsi var. Türkmənistanda isə 3 emal müəssisəsi mövcuddur. Bunlar Türkmənbaşı neft-kimya kompleksi, Seyda şəhərindəki neft və Naib şəhərindəki qaz emalı zavodlarıdır. Rusiyadakı 30-dan çox neft emalı zavodlarının əksəriyyəti də dövlət tabeliyindədir. Yalnız "Lukoyl" şirkəti özəldir, amma onun da müəyyən səhmlərində dövlətin payı var. Azərbaycanda yanacaq satış bazarında sabit qiymətlərin mövcud olması bu sahədə ancaq bir şirkətin məşğul olduğunu göstərir ki, o da dövlətə məxsusdur. Pərakəndə satış bazarındakı məhsulun böyük əksəriyyətinin çeşid qiymətini məhz dövlət tənzimləyir. Yalnız son zamanlar yüksək oktan ədədli Aİ-95 və Aİ-98-in qiymətləri sərbəstləşib. Bu da ondan irəli gəlir ki, həmin markalı benzinlərin Azərbaycanda istehsalı yoxdur. Gələcəkdə Azərbaycan ərazisində özəl neft emalı müəssisəsi tikildikdə isə yanacaq bazarında alternativ qiymətlərin mövcudluğu qaçılmaz olacaq. Hazırda Rusiyanın Şərq, Mərkəz və Qərb vilayətlərində neft məhsullarının pərakəndə satış qiymətlərində böyük fərqlər mövcuddur. Məsələn, Vladivostokda olan qiymətlə, Sankt-Peterburq, Moskva, Volqaqradda olan qiymətlər eyni deyil. Bu isə rəqabətin nəticəsidir. Çünki orada yanacaqdoldurma məntəqələrində müxtəlif qiymətlər mövcuddur. Rusiyada həmçinin neft məhsullarının qiyməti birja vasitəsilə gerçəkləşir. Azərbaycanda isə bu yoxdur.

Bütün bunlara rəğmən, deməliyəm ki, benzin istehsalı məsələsinin özəl sektora həvalə edilməsi gələcəkdə öz həllini tapa bilər. Amma məsələ burasındadır ki, bu addım daxili tələbata hesablanmalıdır. Bu gün ölkədə daxili tələbatı Dövlət Neft Şirkətinin tabeliyindəki emal müəssisələri ödəyə bilirsə, ikinci özəl emal müəssisəsinin tikilməsi iqtisadi cəhətdən sərfəli ola bilməz. Bununla belə, Dövlət Neft Şirkəti xaricə daha çox xam neftin satışında maraqlıdırsa, ola bilər ki, gələcəkdə özəl şirkət neft emalı zavodu tikməklə məhsulu kənar dövlətdən də idxal edib emal edə bilər. Bu baxımdan təklif cəlbedicidir, lakin yaxın perspektivdə onun gerçəkləşə biləcəyi mümkün deyil".

Sizin Reklam Yeriniz