Əlaqə Arxiv
news Image
2014.04.25
08:26
| A A A
Sosial şəbəkələrin vurduğu iqtisadi zərərlər böyüyür
Ruslan Atakişiyev: “İşçilərin iş vaxtının bir hissəsini intenet resurslarında keçirməsi, faydalı iş əmsalnın aşağı düşməsinə gətirib çıxarır və müəssisənin xərcləri artır” Rəşad Həsənov: “Bu, nəinki Azərbaycanda, bütün dünyada problemə çevrilməkdədir”

Yaşadığımz informasiya dövründə internet resursları, sosial şəbəkələr insan həyatının ayrılmaz bir hissəsinə çevrilib. Xəbər, təbliğat, münasibət, debat kimi təyinat daşıyan sosial şəbəkələrin zərərli tərəflərinin olması da heç kimə sirr deyil. Kibercinaytkarlıqla yanaşı, ölkə iqtisadiyyatına bəlli miqdarda da bu şəbəkələrdən zərər gəlir. Məsələn, hesablamalar görə, ötən il ərzində Rusiya iqtisadiyyatı sosial şəbəkələrə görə 281,7 milyard rubldan 311,5 milyard rubladək (10 milyard ABŞ dolları) itirib. Səbəb Rusiya vətəndaşlarının əksəriyyətinin iş vaxtının çoxunu məhz "Facebook", "VKontakte" və bu kimi sosial şəbəkələrə sərf etməsi göstərilir. Nəticədə iş vaxtı əsas iş ilə məşğul olmadıqlarına görə, ölkə iqtisadiyyatı zərər çəkir. Eyni zamanda bu, əmək məhsuldarlığının azalmasına da təsir göstərir. Analoji səbəbdən ABŞ iqtisadiyyatı ildə 650 milyard dollara yaxın vəsait itirir. Ancaq belə itkilərin qarşısını almaq üçün təşkilat və idarələr müxtəlif inzibati metodlardan istifadə edirlər. Belə ki, ya müəssisələrində texniki baxımdan qadağalar tətbiq edilir, ya da internetdən istifadə və sosial şəbəkələrə giriş ilə bağlı xüsusi məhdudiyyətlər tətbiq olunur, bununla bağlı təlimatlar hazırlanır. Eyni zamanda onu da bildirək ki, işçilər arasında aparılmış digər bir sorğunun nəticələri göstərir ki, sosial şəbəkənin qəti qadağan edilməsi və ya kəskin məhdudlaşdırılması nəzərəçarpacaq mənfi nəticələrə gətirib çıxarır. Belə ki, işçilərin 26%-nin motivasiyası aşağı düşür, yalnız 14% işçi qoyulmuş məhdudiyyətə tam əməl edir, əməkdaşların 3%-i isə işdən getməyi düşünür.

Oxşar problem ölkəmiz üçün də xarakterikdir. Belə ki, hazırda Azərbaycanda sosial şəbəkələrdən tək "Facebook" səhifəsindən istifadə edənlərin sayı təqribən 1 milyon göstərilir. Digər adda sosial şəbəkələrin də olduğunu qeyd etsək, ondan istifadə edənlərin sayının nə qədər yüksək olması üzə çıxır. Özü də sosial şəbəkələrdən istifadə müddəti artır və bu, şübhəsiz ki, iqtisadiyyata da təsirisz ötüşmür.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirdi ki, şirkətlərin, qurumların internetə çıxışının asanlaşması çox müsbət keyfiyyət dəyişikliyinə gətirib çıxarıb: "Amma işçilərin çoxu iş vaxtının bir hissəsini intenet resurslarında keçirir. Bu da işdən yayınma hallarına, faydalı iş əmsalnın aşağı düşməsinə gətirib çıxarır və müəssisənin xərcləri artır. Verilən əmək haqqı işçilərin əmək məhsuldarlığı ilə uyğun gəlmədiyi halda müəssisədə vəsaitin artıq xərcinə səbəb olur. Sərf olunnan vaxta görə əldə olunan məhsulun və ya xidmətin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə də bu sahədə ciddi tədbirlər görülməlidir. Beynəlxalq təcrübədə bəzi halda idarələrin ictimai yerlərində internetə çıxış asan olursa, iş otaqlarında internet məhdudiyyəti tətbiq edilir. Hər bir müəssisənin daxilində biznes-etika - işçinin davranış qaydaları, təlimatlarla bağlı sənədlər olur. Həmin sənədlərdə işçinin iş, yemək vaxtı, internetdən istifadə və digər hallar barədə konkret göstərişlər olur. Buna riayət etməyən işçilər müəyyən cəzalarla qarşılaşırlar. Azərbaycanda da özəl və dövlət sektorunda qrafikli iş qaydaları, işçinin etik sənədləri yazılmaldır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, xüsusi ilə hazırda elektrotexnikanın inkişaf etmiş formasından istifadə edən müəssisələrdə bu cür hal mövcuddur: "İş vaxtı sosial şəbəkələrlə məşğuliyyəti onların faydalı iş əmsalını aşağı salır. Bu, nəinki Azərbaycanda, bütün dünyada problemə çevrilməkdədir. Azərbaycanda hansısa bir formada rəsmi hesablama aparılmayıb. Amma ümumilikdə bunun Azərbaycan iqtisadiyyatına zərərinin olduğu ortadadır. Dünyada bu problem artıq bir neçə ildir ki, ictimai müzakirəyə çxıarılıb. Bunun qarşısının alınmasının müxtəlif üsulları mövcuddur. Belə ki, bəzi ölkələrdə əgər iş prosesində kompüter texnologiyası ilə əlaqə mütləq lazımdırsa bu, müəyyən məhdudiyyətlərlə verilir. Müəyyən sosial şəbəkələrə, saytlara çıxış qadağan olunmaqla insanların orada itirdikləri vaxtın qarşısını almağa çalışırlar. Bəzi ölkələrdə işçilərə mütləq öhdəliklər tətbiq edilir. Yəni, gün ərzində 8 saat işlə məşğul olmalıdır. Bu işi 8 saat ərzində mütləq başa çatdırmalıdır. Əgər işçinin sosial şəbəkələrdən istifadəyə vaxtı qalırsa, ondan istifadə edə bilər. Amma iş proqramları elə tətbiq olunur ki, adətən işçi üçün belə bir vaxt qalmır. Beləliklə də sahibkar müəssisədə müəyyən qədər faydalı iş əmsalının yüksəlməsinə nail olur. Azərbaycan iqtisadiyyatına sosial şəbəkələrdən istifadənin vurduğu zərərin miqyası nə qədər olması bilinmir. Ümumilikdə son illərdə Azərbaycanda internet şəbəkəsinin geniş yayılıb və sosial şəbəkələrdən istifadə edənlərin sayının artıb. İş zamanı sosial şəbəkələrdə vaxtın itirilməsi ilə bağlı irəliləmə var. Çünki, hər birimiz şahidi oluruq ki, səhər saatlarından etibarən sosial şəbəkələrdə aktivlik hiss olunur. Bu da onu göstərir ki, insanlar iş vaxtının müəyyən bir hissəsini ona sərf edir. Azərbaycan sahibkarı, meneceri müəyyən addımlar atmalıdır".

Sizin Reklam Yeriniz