Əlaqə Arxiv
news Image
2014.04.25
09:19
| A A A
Xəzərdə yeni neft-qaz yataqlarının axtarışına başlanır
İlham Şaban: "Yeni yataqların kəşfi mövcud ehtiyatlar tükəndikdən sonra da ölkəmizin hələ bir müddət də qaz və neft hasil etməsinə imkan yaradacaq" Vahid Əhmədov: "Kəşf olunacaq yeni yataqlar qaz hasilatının daha da artmasına təkan verəcək"

Hazırda Azərbaycanda neft və qaz hasilatı davam edir. Mövcud ehtiyatlar hələ bir müddət Xəzər dənizindən karbohidrogen ehtiyatları hasil etməyə imkan verir. O da məlumdur ki, dənizdə hələ aşkarlanmamış neft və qaz yataqları var. Energetika naziri Natiq Əliyev də bildirib ki, Azərbaycan Xəzərdə yeni yataqların axtarışına başlamalıdır. Bu halda ortaya maraqlı sual çıxır. Eneji məsələləri üzrə ekspert İlham Şaban axtarışlar nəticəsində yeni karbohidrogen yataqlarının kəşfinin mümkünlüyü qənaətindədir: "Xəzərdə yeni yataqların axtarışı davam edir. Buna görə Azərbaycan mütəmadi olaraq kəşfiyyat işləri ilə bağlı müqavilələr də imzalayıb. Hərdən belə müqavilələrin, aparılan kəşfiyyat işlərinin nəticəsi də olur. Eyni zamanda, kəşfiyyat axtarış işləri daim davam etdirilir, bu proses demək olar ki, dayanmır. Hətta proses quruda da aparılır. Bu işləri həm Dövlət Neft Şirkəti öz səyləri ilə aparır. Həm də praktik kəşfiyyatla yox, xarici şirkətlərlə seysmik və ilkin kəşfiyyat qismində Azərbaycanın bir sıra şımal və qərb bölgələri, hətta Şirvan zonasında proses davam etdirilir. Yəni karbohidrogenlərlə zəngin ölkə üçün kəşfiyyat işlərinin aparılması normal haldır. Belə bir atalar məsələ var, "Allahdan buyruq, ağzıma quyruq". Ona uyğun hərəkət edilsə, əlbəttə ki, yeni yataqların tapılması da mümkün olmaz. Hərəkət etmək lazımdır ki, bu işdə nəsə əldə olunsun. Azərbaycanda olan yataqlar artıq məlumdur. Neft və qaz hasil etmək üçün getdikcə daha dərin qatlara baş vurulmalıdır ki, sonradan kommersiya baxımından rentabelli olan yataqdan qaz və neft hasil etmək mümkün olsun. Əsas məsələ budur. Yeni yataqların kəşfi hazırda mövcud olan ehtiyatlar tükəndikdən sonra da, ölkəmizin bu istiqamətdə hələ bir müddət də qaz və neft hasil etməsinə imkan yaradacaq".

Millət vəkili Vahid Əhmədov düşünür ki, yeni kəşf oluna biləcək yataqlar Azərbaycanda qaz hasilatını artıracaq: "Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Xəzər dənizində yeni yataqların axtarışı istiqamətində mütəmadi olaraq işlər aparılır. Ekspedisiyalar bu istiqamətdə mütəmadi olaraq fəaliyyət göstərir. Eini zamanda, belə axratış işlərinin aparılmasına həmişə ehtiyac vardır və proses də mütəmadi xarakter daşıyır, dayanmayıb. Bu axtarışlar nəticəsində ola bilsin ki, yeni qaz və neft yataqları da aşkarlansın. Neft Şirkətində bu işlərlə məşğul olan xüsusi şöbə var. İşi də əsasən onlar görürlər. Hətta aparılan axtarış işləri daha dərin qatlarda karbohidrogen ehtiyatlarının aşkarlanmasına gətirib çıxara bilər. Hər şey axtarışların verdiyi nəticədən asılı olacaq. Yataqlar istiqamətində araşdırma aparılmadan qabaq müəyyən analiz işləri aparılır. Belədə yatağın axtarılaraq istismara verilməsi böyük xərclər tələb etmədikdə, həmin yataqda hasilat işlərinə başlayırlar. Yəni bu istiqamətdə işlər birdən-birə, kortəbii aparılmır. Proses müəyyən texniki göstəricilərə uyğun aparılır. Yeni yataqların kəşfi ilə hasilatda müəyyən qədər artımın ola biləcəyi də gözləniləndir. Amma ümumi götürəndə neft hasilatında artımın olacağını hiss etmirəm. Azərbaycanda müəyyən illərdə neft hasilatında azalma gedəcək. Çünki, neft hasilatının pik həddi Azərbaycanda 2010-2011-ci illərdə olub. O illərdə təxminən 50 milyon tona yaxın neft hasil edilirdi. Amma buna baxmayaraq, ölkəmizdə qaz hasilatı artır. Kəşf olunacaq yeni yataqlar da bu hasilatın daha da artmasına təkan verəcək".

Sizin Reklam Yeriniz