Əlaqə Arxiv
news Image
2012.06.25
16:14
| A A A
Korporativ Sosial Məsuliyyət və onun Azərbaycanda tətbiqi problemləri

Azərbaycanda KSM-in milli sahibkarlıq subyektlərində yayılmasının tarixini XIX əsrin sonu və XX əsrin əvvəlllərindən götürmək olar. Təbii ki, KSM-in müasir dövrdə aldığı funksiyanı və beynəlxalq standartlara cavab verən institutların fomalaşdırılmasını nəzərə almasaq belə fikri söyləmək mümkündür. Çünki, KSM-in əhatə dairəsinə daxil olan xeyriyyəçilik prinsipləri – kasıblara, yetimlərə, əlillərə qayğı, təhsilə, səhiyyəyə və elmə dəstək göstərmək kimi tədbirlər hələ Azərbaycanın ilk milli sahibkarlarının formalaşdığı dövrlərdən öz əsasını götürmüşdür. Həmin dövrlərdə Azərbaycanda neft sənayesinin inkişafı nəticəsində çoxlu sayda milyonçular qrupu formalaşmışdır ki, onların da əksəriyyəti xeyriyyəçilik tədbirləri ilə həm o dövrdə, həm də müasir dövrdə ictimaiyyət arasında böyük nüfuza sahib olmuşdular. Bunlardan Hacı Zeynəlabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarovu və s.göstərmək olar. Məhz onların xeyriyyəçilik addımları nəticəsində Bakıda bir sıra arxitektur baxımından göz oxşayan binalar, Qızlar ponsionatı, İsmailiyyənin (İndiki Milli Elmlər Akademiyasının rəyasət heyəti) binası tikilmiş, "Əkinçi" qəzeti işıq üzü görmüş və sonralar Azərbaycan tarixində böyük iz buraxmış bir sıra ziyalılar Avropanın ən məhşur elm və təhsil ocaqlarına təhsil almaq üçün göndərilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra da ölkəmizdə özəl mülkiyyətə əsaslanan sahibkarlıq münasibətləri inkişafa başlamış və çoxlu sayda yerli iş adamları biznes fəaliyyətinə başlamışdır. Hal-hazırkı dövrdə yerli sahibkarlar öz biznes maraqlarını güdməklə yanaşı onlara müraciət edən imkansız insanlara yardım edir, məktəblərin, xəstəxanaların tikilməsində, yolların, parkların, səkilərin salınmasında yaxından iştirak edirlər. Bütün bu xeyriyyə fəaliyyəti ilk baxışdan KSM-in əhatə etdiyi tədbirlər kompleksinin bir neçə istiqamətinə uyğun gəlir. Lakin, əslində sahibkarlar tərəfindən hal-hazırda həyata keçirilən bu növ işlər qeyri-peşəkar, sistemsiz, şirkət-cəmiyyət-dövlət üçbucağının ehtiyacları ilə əlaqəli şəkildə nəzərə alınmadan nizamsız bir fəaliyyəti özündə əks etdirir. Belə olduğu halda sözügedən fəaliyyətin nəticələrinin səmərəliliyinin firma tərəfindən qiymətləndirilməsi çətinləşir. Bu sahədə müəsisə daxilində struktur formalaşdırmaq və biznesin davamlı inkişafına nail olmaq isə qeyri-mümkün hala çevrilir. Nəticədə firmalar bir müddətdən sonra belə xeyriyyə tədbirlərindən ya üz döndərir və ya getdikcə onlara ayrılan büdcəni daha da azaldırlar. Fikrimizcə, yerli sahibkarlığın bu istiqamətdəki problemləri dərindən öyrənilməli və KSM təcrübəsinin tətbiqi sahəsində təxirəsalınmaz işlər həyata keçirilməlidir.

Apardığımız müşahidələrdən qənaətə gəlmək olar ki, hazırda yerli sahibkarlıq subyektləri arasında KSM-in tətbiqinin aşağı səviyyədə olması bir sıra problemlərin mövcudluğundan irəli gəlir və bunlar aşağıdakılardır:

1. Sahibkarlar arasında KSM barəsində məlumatın olmaması;

2. KSM sahəsində işləyəcək yerli kadrların çatışmaması;

3. KSM sahəsində fəaliyyəti tənzimləyən bazar prinsiplərinə uyğun institusional dayaqların və qanunvericiliyin olmaması;

4. Sahibkarlıq subyektlərində KSM sahəsində müasir tələblərə cavab verən idarəetmə strukturunun formalaşdırılmaması;

5. KİV-də bu sahə ilə bağlı yazıların nəzərə çarpmayacaq dərəcədə və Azərbaycan dilində maarifləndirici nəşrlərin olmaması və s.

Ümumiyətlə, KSM-in Azərbaycanda tətbiqinə kompleks yanaşdıqda burada dövlət orqanlarının, özəl sektorun, iqtisadi sahədə fəaliyyət göstərən elm və təhsil ocaqlarının, ictimai qurumların və KİV-in birgə əməkdaşlığına böyük ehtiyac duyulduğunu görmək olar. Fikrimizcə, bu sahədə mövcud problemlərin həlli üçün əlaqədar qurumların səyləri birləşdirilməklə ardıcıl tədbirlər həyata keçirilməlidir. Həmin fəaliyyət istiqamətlərinə də aşağıdakıları aid etmək olar: - İqtisadi təhsil sahəsində KSM üzrə ixtisasların formalşdırılması; - bu istiqamətdə Azərbaycan 1 www.google.az Müəllifin internet resurslarından istifadəsi əsasında axtarışı dilində iqtisadi ədəbiyyatların nəşrinin artırılması; - KSM sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə stimullaşdırıcı tədbirlərin tətbiq olunması və onların bu sahəyə təşfiq edilməsi üçün silsilə işlərin həyata keçirilməsi; - iqtisadi qanunvericilikdə KSM-lə bağlı lazımi islahatların həyata keçirilməsi və bu fəaliyyətin bütün aspektlərini əhatə edən və tənzimləyən müvafiq qanunvericilik bazasının formalaşdırılması və s.

Qeyd edək ki, dünya iqtisadiyyatına inteqrasiya olunan Azərbaycanda müasir bazar tələblərinə uyğun milli sahibkarlıq subyektlərinin formalaşdırılması və onların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi hökümət və özəl sektor qarşısında dayanan ən aktual məsələlərdəndir. KSM son 20 ildə dünya biznes təcrübəsində özünə böyük nüfuz qazanmış və inkişaf etmiş şirkətlər sistemində qabaqcıl biznes təcrübəsi kimi uğurla tətbiq olunmaqdadır. Bununla yanaşı artıq beynəlxalq ticarətdə KSM yüksək rəqabət şəraitində rəqibləri üstələməyin başlıca amillərindən birinə çevrilməkdədir. Bununla yanaşı KSM biznesdə nüfuzlu brend, imic və davamlı inkişafa nail olmağın ən son modellərindən biri sayılır. Belə olduğu təqdirdə vaxt itirmədən dinamik inkişaf edən iqtisadi sistemdə Azərbaycan sahibkarının özünün layiqli yerini tutması və yerli məhsullarla həm ölkə daxilində, həm də dünya bazarında rəqabət qabiliyyətli fəaliyyət göstərməsi üçün KSM-in tətbiqi genişləndirilməli və bu sahədə mövcud olan bir sıra problemlər qısa zamanda həll edilməlidir.


Sevinc Atakişiyeva

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədr müavini

Sizin Reklam Yeriniz