Əlaqə Arxiv
news Image
2014.05.02
08:45
| A A A
Bankların soyğunçu kredit siyasəti davam edir
Mərkəzi Bankın uçot dərəcəsini azaltması kredit faizlərinin düşməsi üçün yetərli sayılmır

Məlumat verildiyi kimi Mərkəzi Bank uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə, faiz dəhlizinin yuxarı həddini 7%-dən 6%-ə, aşağı həddini isə 1%-dən 0.5%-ə endirib. Bunun kredit faizlərinin yüksək olduğu bir şəraitdə hansı dəyişikliklərə gətirib çıxaracağı xüsusi maraq doğurur. Məsələ ilə bağlı ekspertlərin yanaşması fərqlidir.

Mərkəzi Bank isə bildirir ki, atılan addımlar inflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçündür. İqtisadçı ekspert Vüqar Bayramov isə məsələyə belə münaibət bildirir: "Mərkəzi Bank bu addımın sektorda və eləcə də monetar siyasətdə baş verən dəyişikliklər ilə əlaqələndirsə də, bank sistemində reallıqda bu ilin birinci rübündə daha çox "oyun qaydalarına" inzibati müdaxilə müşahidə olunub. Əvvəla, bankların vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur, təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır. İkincisi, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin yenə əhəmiyyətli rəqəm ilə ifadə edilmədiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi, hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlər ilə təmin edilməsinə səbəb ola bilməz.

Üçüncüsü, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə yoxdur. Dördüncüsü, Mərkəzi Bankın bu tip kreditləri adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür ki, bəzi hallarda bu zaman bankların seçim meyarları tam aydın olmur.

Beşincisi, uçot stavkasının aşağı olmasına baxmayaraq mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyilərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığı üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır".

Ekspert qeyd edir ki, bu ilin birinci rübündə ildə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişikliklər baş vermədiyi üçün kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilmədi: "Kredit faizləri yüksək olaraq qalmaqdadır və bunun aşağı salınması istiqamətdə Mərkəzi Bankın təşviqedici fəaliyyətindən daha çox inzibati müdaxiləsi müşahidə olunur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrə, dividendlər ilə təklif edilən kreditlər üzrə faiz dərəcələri arasında kəskin uçurum var. Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürür. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Əslində, Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədəuyğun olardı. Hal-hazırda ölkənin kommersiya bankları MDB-də ən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorunda vəziyyət heç də yaxşı deyil. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir".

Digər ekspert Samir Əliyev isə vurğulayır ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması müsbət haldır: "Monetar alət olaraq uçot dərəcəsi inflyasiya səviyyəsinə uyğun müəyyənləşdirilir. 2012-ci ildə orta illik inflyasiya səviyyəsinin 1,1 faiz, 2013-cü ildə isə 2,4 faiz olması fonunda uçot dərəcəsinin 5-4,75 faiz civarında saxlanması düzgün olmazdı. Əslində, bu gün uçot dərəcəsi 2-3 faiz civarında olmalıdır". Samir Əliyev bildirib ki, Mərkəzi Bankın addımları kredit bazarına cüzi də olsa təsir göstərəcək: "Çünki hazırda kreditlərin aşağı salınması istiqamətində hərtərəfli addımlar atılır. Bura əmanətlərin faizlərinin aşağı salınmasından tutmuş güzəştli kreditlərin sayının artırılmasına qədər olan fəaliyyətlər aiddir. Uçot dərəcəsinin aşağı salınması bu prosesə öz töhfəsini verəcək. Ancaq ümumilikdə götürdükdə inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda uçot dərəcəsinin kredit faizlərinə təsiri çox zəifdir. Bunun əsas səbəbi Mərkəzi Bankın verdiyi mərkəzləşdirilmiş kreditlərin həcminin azlığı və həmin kreditləri ancaq bir qrup bankların əldə etməsidir. Son 3-4 ildə mərkəzləşdirilmiş kreditlərin ümumi kredit qoyuluşunda payı artıb. 2008-ci ildə mərkəzləşdirilmiş kreditlərin payı 3,2 faiz idisə, 2013-ci ildə 20 faiz həddinə çatıb.

Azərbaycan banklarının xaricdən resurs cəlb etmək imkanlarının məhdudluğunu nəzərə alsaq, onların əsas mənbələrinin əmanətlər və mərkəzləşdirilmiş kreditlər olduğunu görərik. Əmanətlər bahadır. Deməli, Mərkəzi Bank bu işdə bankları ucuz resursla təmin etməlidir və bu yardımın bütün bankları əhatə etməsinə nail olmalıdır. Bu halda biz uçot dərəcələrində baş verən dəyişikliyin bazara əhəmiyyətli təsiri barədə danışa bilərik".

Sizin Reklam Yeriniz