Bakının torpaq bazarında bahalaşma davam edir. Artıq mərkəz ərazilərlə bərabər, Bakı ətrafı ərazilərdə də torpaq qıtlığı yaşanmaqdadır. Mövcud vəziyyəti şərtləndirəm amillər haqda ekspertlər Movqe.az-a münasibət bildiriblər.
Belə ki, "MBA LTD" konsaltinq
şirkətinin direktoru, iqtisadi ekspert Nüsrət İbrahimov bildirib:
"2012-2013-cü illərdə daşınmaz əmlak bazarında qiymət artımı
olmuşdu. Bu qiymət artımı əsasən mənzillərə və kommersiya
obyektləri üçün xarakterik idi. Amma torpaq bazarı üçün elə bir
qiymət dəyişimi müşahidə olunmayıb. Mənzillərdə qiymət artımı
olduğundan, evə real ehtiyacı olan insanların bir hissəsi əllərində
müəyyən qədər pul olmasına rəğmən mənzil almaq imkanından məhrum
olmuşdular. Çünki əldəki vəsait mənzil almağa bəs eləməmişdi. Ona
görə də insanlar havalar düzələn kimi torpaq bazarına üz tutdular
ki, torpaq sahəsi alıb fərdi yaşayış evi tikib mənzil problemini o
yolla həll etsinlər. Ona görə də, son 2-3 ayda torpaq bazarında
aktivlik müşahidə edilməkdədir və qiymət artımı var. Digər tərəfdən
isə torpaq bazarı üçün indi mövsümi aylar sayılır. Mövsümi aylarda
isə qiymət artımı gözləniləndir. Bir tərəfdən isə, insanların ödəmə
qabiliyyəti tədricən artır və onlar zəruri xərcləri ödədikdən sonra
qalan xərcləri adətən daşınmaz əmlak bazarına yönəldirlər. Nəticədə
tələbat çoxalır. Bununla paralel olaraq da bazarda qıtlıq yaranır,
qiymətlər artır".
Əmlak Bazarı İştirakçıları İctimai
Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə isə,
torpaq sahələri daşınmaz əmlak bazarında yeganə seqmentdir ki, onun
perspektivində artmaq imkanları, demək olar ki yoxdur: "Torpaq
fondunun tədricən məhdudlaşması prossesi gedir. İndi mərkəzi
ərazilərdə meşə fonduna, dövlət fonduna, digər fondlara aid olan
torpaqların bələdiyyə fonduna keçməsi barədə müzakirələr gedir.
Bunun da səbəbləri konkret torpaq çatışmazlığı ilə bağlıdır.
Çatışmazlıq insanların artan mənzil tələbatını torpaq almaqla
ödəmək istəyi ilə bağlıdır ki, təbii olaraq tələbat artdıqca qiymət
də artır. Əvvəl bu prosses Bakı və ətraf ərazilər üzrə müşahidə
olunurdusa, bu gün deyərdim ki, respublikanın bütün regionlarında
torpaq sahələrində qiymət artımı baş verir. Qarşısını almaq isə
mümkün deyil.
Torpağı qiymətinin artması təbii olaraq bu ərazidə yerləşən digər obyektlərin də qiymətinə təsir edəcəkdir. Beləliklə bu artım daşınmaz əmlak obyektlərinin bahalaşmasına da gətirib çıxarır".