Əlaqə Arxiv
news Image
2014.05.03
08:12
| A A A
Sənədsiz evlər məsələsinin çözümü yenə uzanır
Vüqar Bayramov: "Sənədsiz evlər sənədləşən zaman hansı rüsumların tətbiqi və onun məbləği məsələsi hələ razılaşdırılmayıb" Vahid Əhmədov: "Uzanmanın səbəbini Bakı Şəhər İcra Hakimiyyətində axtarmaq lazımdır"

Azərbaycanda sənədsiz evlərin qeydiyyat məsələsi uzun müddətdir müzakirə mövzusu olsa da, problem hələ tam həllini tapmayıb. Qeyd edək ki, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə hələ bir neçə il əvvəl göstərişlər verilib.

Lakin ötən müddət ərzində Bakı Şəhər İcra Hakimiyyətinin sənədsiz tikililərin siyahısının dəqiqləşdirilməsi istiqamətində gördüyü işlər görünür, hələ tam başa çatmayıb. Qeyd edək ki, ölkə üzrə 500 minə qədər sənədsiz evlərin olduğu bildirilir ki, onun da böyük əksəriyyəti paytaxtın payına düşür. Həmin mülklərin bir hissəsi yüksək gərginlikli elektrik xətləri, nəqliyyat infrastrukturu obyektlərinin, Dövlət Neft Şirkətinə məxsus torpaqların üzərində yerləşir. Bununla belə sənədsiz evlərin qeydiyyat problemi uzanmaqda davam edir. Bu, həm də həmin evlərin əmlak vergisindən kənarda qalması deməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeydiyyatın uzanmasının çoxsaylı səbəblərdən qaynaqlandığını diqqətə çatdırdı: "Sənədsiz evlərin qeydiyyat məsələsi zaman-zaman gündəmə gətirilsə də, Milli Məclisdə bununla bağlı nə qanun layihəsi qəbul edilib, nə də evlərin sənədləşməsi həyata keçirilib. Bu məsələdə hansı evlərin təhlükəsizlik qaydalarına uyğun inşa edilməsi və hansıların sökülməyəcəyi ilə bağlı qərarın verilməsinə ehtiyac var. Nəzərə alsaq ki, 500 minə yaxın sənədsiz evin təxminən 70 mini təhlükəli zonalarda inşa edilən evlərdir. Bunlar neft quyuları, su boruları üzərində, yüksək gərginlikli elektrik enerjisinin keçdiyi ərazilərdə tikilən evlərdir. Onların da sökülməsinə ehtiyac var. Lakin burada problem var, çünki həmin evlərin sökülməsi müəyyən sosial gərginlik yarada bilər. İkinci bir tərəfdən, bəzi yerli icra hakimiyyətləri təəssüf ki, sənədsiz evlərin qeydiyyatı məsələsini uzadırlar.

Hazırda bütün sənədsiz evlərin qeydiyyatının aparılmasına ehtiyac var. Bu prosesin tam olaraq qeydiyyatı aparılmayıb. Sənədsiz evlər sənədləşən zaman hansı rüsumların tətbiqi və onun məbləği məsələsi də razılaşdırılmayıb. Əslində, bu zaman simvolik rüsumlar müəyyənləşməlidir. Bu ev sahiblərinə ödəniş etmək qabiliyyətinə malik olmağa və dövlət büdcəsinə vəsaitlərin daxil olmasına imkan verər. Sənədsiz evlərin qeydiyyatı üçün hüquqi baza da formalaşdırılmalıdır. Bu olmadan prosesin həlli mümkünsüzdür. Sənədsiz evlərin inventar dəyərinin müəyyənləşməsində problemlər olsa da, onların bir qismi vergiyə cəlb olunur. Amma cəlb edilməyənlər də var. 500 min sənədsiz evin sənədləşməsilə bağlı konkret rüsum müəyyənləşsə, məsələn, otaq və mərtəbələrin sayından asılı olaraq 2 min manata qədər, o zaman mərhələli olaraq dövlət büdcəsinə böyük həcmdə vəsaitin cəlbi mümkündür. Amma sənədləşmənin olmaması və inventar dəyərin hesablanmaması səbəbindən illik olaraq dövlət büdcəsinə dəyən ziyan 50 milyon manata yaxındır".

Millət vəkili Vahid Əhmədov isə ləngiməni Bakı Şəhər İcra Hakimiyətində axtarmağı tövsiyə etdi: "Sənədsiz evlərin qeydiyyatının uzanması səbəbini Bakı Şəhər İcra Hakimiyyətindən öyrənmək lazımdır. Dövlət başçısı iclas keçirıəndə məsələ ilə bağlı onlara konkret göstəriş vermişdi. Komissiya da yaradıldı, amma hələlik nəticə elan olunmayıb. Ona görə də uzanmanın səbəbini Bakı Şəhər İcra Hakimiyyətində axtarmaq lazımdır".

Sizin Reklam Yeriniz