Artıq onlayn ticarətin, alış-verişin bütün dünyada geniş yayıldığı bir dövrdə Azərbaycanda bu sahə hələ də kifayət qədər populyarlıq qazana bilmir. Adi mağazaların da yalnız bir qismi müştərilərinə onlayn xidmət təklif edir. Əksər hallarda isə belə mağazaların internet səhifələri yalnız reklam xarakteri daşıyır. Orda yalnız mağazada olan malların təqdimatı, reklamı həyata keçirilir və qiymətlər qeyd olunur. Müştərilər ödəniş kartı ilə internet üzərindən hər hansı məhsulu sifariş verə bilmirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
eksperti Rəşad Həsənov bunu bir tərəfdən ölkədə elektron ticarət
sisteminin kifayət qədər yaxşı inkişaf etməməsi, bir tərəfdən
əhalinin psixologiyası ilə əlaqələndirir: "Bunun bir neçə səbəbləri
var. Birincisi, Azərbaycan elektron ödəmə sisteminə yeni keçib və
müasir standartlara uyğun bazar iqtisadiyyatı modelinin ölkədə
tətbiqi üçün hələ müəyyən addımlar atılmalıdır. Belə ki, ölkə
əhalisinin böyük əksəriyyəti sovet dövründə də yaşayan insanlardır
ki, o dövrdə bazar iqtisadiyyatı prinsipləri işləmirdi. Digər
tərəfdən hal-hazırda Azərbaycanda nağdsız ödəniş sistemi kifayət
qədər təkmilləşməyib. Belə ki, görülən işlərə baxmayaraq,
Azərbaycanda nağdsız ödənişlərin ümumi dövriyyədəki payı hələ də
5%-dən o tərəfə keçməyib. Bütün bunlar ona işarədir ki,
Azərbaycanda onlayn alqı-satqı əməliyyatlarının keçirilməsi üçün
ilk növbədə ciddi infrastruktur, qanunvericilik
formalaşmalıdır. Çünki, hələ ölkəmizdə onlayn ticarət haqda
qanun layihəsi də yoxdur. Bütün bunlardan əlavə, qeyd etmək
lazımdır ki, burda azərbaycanlı psixologiyasından irəli gələn
problemlər də var. Məsələ ondan ibarətdir ki, əgər Azərbaycanda hər
hansı ölkə vətəndaşı onlayn mağaza açırsa, bu zaman orda verilən
informasiyanın düzgün olma ehtimalı azdır. Burada reklam və ya
təşviq haqda qanunların da rolu vardır ki, Azərbaycanda bu,
kifayət qədər təkmil deyil. Həmin o yanlış məlumat verən, insanları
yanlış məhsulların alışına cəlb edən şəxsin cəzalandırılması metodu
və yaxud da ki təcrübəsinə də ölkədə faktiki olaraq rast gəlinmir.
Buna görə də insanlar internetdə verilən məlumatların nə dərəcədə
dəqiq olub-olmayacağına əmin deyillər. Beləliklə, bu sahədə ictimai
inam yox dərəcəsindədir. İnsanlar daha çox gözlə gördükləri,
keyfiyyətini faktiki olaraq, yoxlaya biləcəkləri məhsulların
alışına üstünlük verirlər.
Amma əsas səbəb, qeyd etdiyimiz kimi, onlayn ödəmə sisteminin, elektron ödəmə siteminin kifayət qədər inkişaf etməməsidir. Buna görə hər hansı bir vətəndaş mağazalardan onlayn yolla nəyisə almaq istəsə belə, onun ödəmə kartı olmadığı üçün və ya digər səbəblərdən bunu həyata keçirə bilmir. Belə olduğu təqdirdə isə, təbii ki, ticarətin bu növü ilə məşğul olan sahibkarlar mağazaların onlayn xətlərini açmırlar. Çünki onların gəlirliyi və cəzbediciliyi azdır, tələbat sistemi aşağıdır. Nəticə etibarilə də, bu sahədə inkişaf indi gördüyümüz kimi ləng gedir".
İqtisadçı Natiq Cəfərli isə bildirir
ki, problemin səbəblərindən biri əhalinin böyük bir hissəsinin
kredit kartlarından istifadəyə meyilli olmamasıdır: "Azərbaycanda
çox təəssüf ki, alış-veriş zamanı kredit kartlarından istifadə
populyar deyil və nə qədər ki, alış-veriş zamanı kredit
kartlarından istifadə etmək üçün təşviq proqramları, insanlar üçün
izahat işləri aparılmasa, onlayn ticarətin sürətlə artması baş
verməyəcək. İlk addım olaraq insanlar məhz kredit kartları ilə
ödəniş etməyi öyrənməlidirlər. Çox təəssüf ki, bizdə həm təqaüd
kartları, həm də maaş kartları yalnız pulu nağdlaşdırmaq üçün
istifadə edilir. Belə ki, maaş və yaxud təqaüd köçürülən kimi
insanlar həmin vəsaiti dərhal kartdan çıxarırlar. Halbuki, həmin
kartlar vasitəsilə alış-veriş mərkəzlərində onlayn şəkildə
alış-veriş etmək mümkündür. Sadəcə olaraq, bunu öyrətmək, təşviq
etmək lazımdır".
Natiq Cəfərli hesab edir ki, vətəndaşlardan əlavə, mağazalarda da onlayn xidmətin təklif edilməsi üçün stimullaşdırıcı addımlar atmaq lazımdır: "İkinci tərəfdən isə, ticarət şəbəkələrinin özlərində bir stimul yaradılmalıdır. Onlar bir çox hallarda dövriyyələrinin vergidən gizlədilməsi üçün onlayn ticarətə və ya kartlar vasitəsilə ticarətə yaxın durmurlar. Çünki belə halda onarın dövriyyəsinə daha asan nəzarət etmək olur. Qonşu ölkələrin təcrübəsində var ki, stimullaşdırıcı addım kimi, onlayn ticarət xidməti təklif edən, kartla alış-veriş edilən ticarət müəssisələrinə müəyyən bonuslar, vergi güzəşrtləri tətbiq olunsun. Fikrimcə, bizdə də bu iki məsələ həll olunarsa, yaxın gələcəkdə həm onlayn ticarətin artımının, həm də nağdsız ticarətdə canlanmanın şahidi ola bilərik".