Havalar istiləşdikcə, ənənəvi mövsümi aylar yaxınlaşdıqca istirahət zonalarına axın başlayır. Xüsusən də dincəlmək üçün hər şəraiti, təmiz havası, gözəl təbiəti olan rayonlarımıza üz tutmaq istəyən insanlar kifayət qədərdir. Lakin yenə də istirahət mərkəzlərində yüksək qiymətlər və tələb olunan pulun qarşılığında göstərilən xidmət müştəriləri tam məmnun etmir. Narazılıqlara baxmayaraq bu hal demək olar ki, hər mövsümdə təkrarlanır.
Turizm üzrə ekspert Elxan Vəliyev
qiymətlərin yüksək olmasının səbəbini otellərin sayının hələ ki az
olması ilə bağlayır. Onun sözlərinə görə, xidmətin zəif olması
personalın lazımi treninqlərdən, kurslardan keçməməsidir: "Qiymət
uyğunsuzluğunun əsas səbəbi rayonlarda alternativ otellerin
azlığıdır ki, artıq ölkəmizdə turizmin inkişafı üçün onların
sayının artırılması istiqamətində işlər görülür. Alınan vəsait
müqabilində göstərilən xidmətin kifayət qədər yüksək olmaması isə,
onunla bağlıdır ki, otel işçiləri çox hallarda treninqlərdən,
kurslardan keçmirlər. Əvvəllər Bakıdakı otellərdə də xidmət
ürəkaçan deyildi. Lakin indi bu otellər mütəmadi olaraq öz
personallarını turizm cəhətdən yüksək inkişaf etmiş ölkələrə
göndərirlər. Onlar orada lazımi treninqlərdən keçir, sonra
öyrəndiklərini burada tətbiq edirlər. Nəticədə ən azından burda
idarəetməni formalaşdıra biliblər. Rayonlarda da bunu
yavaş-yavaş tətbiq etməyə başlayıblar. Ən azından Qəbələni
göstərmək olar ki, burada bütün istiqamətlərdə yeniliklər
mövcuddur. Həm otellər getdikcə artır, həm də xidmət inkişaf edir.
Amma yenə də qiymət məsələsi dəyişmir. Nəzərə almaq lazımdır ki,
qiymətlərin yüksək olması bizim əhalinin də xarici ölkələrə
yönəlməsinə gətirib çıxarır, nəinki xaricdən turist gəlməsinə. Bir
çox turizm şirkətlərinə artıq fevral ayından Türkiyəyə tur sifariş
edənlər var. Halbuki, biz insanları öz tərəfimizə yönəldə
bilərdik.
Təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, Nəqliyyat Nazirliyi də, Vergilər Nazirliyi də hamısı bu işi ortaya qoymalıdırlar ki, xaricə gedən axını özümüzə yönəldə bilək".