Əlaqə Arxiv
news Image
2014.05.15
16:07
| A A A
Əhalinin 75 faizi ancaq nağd pula etibar edir
Oqtay Haqverdiyev: «Sistem elə olmalıdır ki, insanlar üçün kartla işləmək daha əlverişli olsun» Azər Mehtiyev: «Çox vaxt görürsən ki, insanlar daha az pul xərcləmək, daha ucuz mallar almaq üçün məhz həmin o plastik kartlardan istifadə mümkün olmayan bazarlarda alış-veriş edirlər»

Aparılan sorğu əsasında məlum olub ki, Azərbaycan əhalisinin 75%-i hələ də nağdsız ödənişlərə etibar etmir. Bu səbəbdəndir ki, hələ də ölkədə ödənişlərin çox az bir qismi nağdsız şəkildə həyata keçirilir. Dünyanın əksər inkişaf etmiş ölkələrində nağdsız ödənişlər adi vərdiş halına gəlsə də, bizdə hələ də populyarlıq qazana bilmir. Məsələ dəfələrlə gündəmə gətirilib, səbəblər, görülməli işlər qeyd olunub. Lakin sorğunun nəticəsi göstərir ki, hələ də əhali nağd puldan istifadəyə daha çox üstünlük verir. . 

İqtisadçı-ekspert Oqtay Haqverdiyev Movqe.az-a açıqlamasında bildirib ki, bu, bir tərəfdən istehlak mədəniyyəti səviyyəsinin aşağı olmasının göstəricisidir. İkinci tərəfdən isə, bank və maliyyə sistemi elə qurulub ki, əhali kartdan istifadəyə meyl etmir: "Birincisi, sistemin özü elə qurulmalıdır ki, vətəndaş hara getsə də kartı istifadə edə bilsin. Avropa ölkələrində balaca bir kafeyə də getsən, orada kart işləyir. Amma bizdə belə geniş deyil. Sistem elə olmalıdır ki, insanlar üçün kartla işləmək daha əlverişli olsun. Digər tərəfdən, psixoloji amil də burda rol oynayır. İnsanlar pulları ciblərində olanda özlərini daha rahat hiss edirlər, nəinki kartda.  Bu psixologiyanın da dəyişməsi üçün zaman lazımdır. Hələ ki, nağdsız ödənişlər Azərbaycanda dəb halını almayıb. Müəyyən stimul olmalıdır ki, vətəndaş nağdsız ödənişə maraqlı olsun. Məsələn, Gürcüstanda belə bir tendensiya var ki, hər kəs kartla aldığı məhsulun çekini götürüb saxlayır. Hər ayın axırında o çeklər lotereya kimi oynanılır. Kimsə qalib gəlir. Bizdə də belə stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər ki, əhali artıq nağdsız ödənişlərə daha böyük maraq göstərsin". 

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev də məsələ ilə bağlı fikirlərini açıqlayıb. İqtisadçı insanlar arasında nağdsız ödənişlərə etibarın az olmasını sadəcə olaraq, bu sahədə bilik və vərdişlərin zəif olması ilə əlaqələndirir: "Bu gün Azərbaycanda nağdsız ödənişlər kifayət qədər yayılmış bir proses deyil. Nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər üçün əvvəla, insanların hamısının bank hesabı olmalıdır. İnsanlar hesablarındakı pulla hansısa əməliyyatları həyata keçirə bilməlidirlər. İkinci tərəfdən, hesabların olması onların hamısına kredit kartlarından istifadəyə imkan yaradır. Azərbaycanda özünün şəxsi bank hesabı olan və bu hesab vasitəsilə kredit kartlarından istifadə edən insanların sayı hələ çox azdır. Bu, bir tərəfdən insanların kifayət qədər gəlirlərə malik olmaması ilə bağlıdırsa, digər tərəfdən insanların nağdsız ödənişlər sahəsində hələ lazımi bilik və bacarıqlarının olmaması ilə bağlıdır. Xüsusən gəlir səviyyəsi hələ geniş mənada hərənin özünə bank hesabı açması və bütün əməliyyatları bank vasitəsilə aparmasına imkan vermir. Ancaq bir məsələ də var ki, indi pensiyalar, sosial ödənişlər,  əmək haqları kartlar vasitəsilə ödənilir. Bu kartlar vasitəsilə müxtəlif əməliyyatlar aparmaq da mümkündür. Sadəcə olaraq, hələ insanların bu sahədə kifayət qədər bilik və bacarıqlarının olmaması buna mane olur. Yəni, bu etibarsızlıq da bilik və vərdişlərin olmamasından yaranır. İnsanların böyük əksəriyyəti ən azı kommunal xidmətləri kartlar vasitəsilə ödənişdən ya xəbərsizdir, ya da maraq göstərmir, texnologiyalardan çəkinir".

Ekspert onu da qeyd edib ki, bir çox hallarda həmin  ödənişlərin həyata keçirilməsi imkanları məhdud olur: "Çox vaxt  görürsən ki, insanlar daha az pul xərcləmək, daha ucuz mallar almaq üçün məhz həmin o plastik kartlardan istifadə mümkün olmayan bazarlarda alış-veriş edirlər. Buna görə də, pensiya, əmək haqqı karta yatırılan kimi, gedib pulu bankomatdan çıxarır, nağdlaşdırırlar ki, hər yerdə istədikləri cür istifadə edə bilsinlər.  Bu baxımdan, hələ ki, nağdsız ödənişlər sisteminin tətbiqi ilə bağlı uzun müddət tələb olunacaq". 


Sizin Reklam Yeriniz