Əlaqə Arxiv
news Image
2014.05.19
16:42
| A A A
Lizinqlə avtomobil satışını dayandırılmasının maraqlı səbəbləri üzə çıxır
Seymur Yunusov: «Məsələ bundan ibarətdir ki, Azərbaycanda lizinq şirkətləri heç bir təşkilat qarşısında hesabat vermirlər» Samir Əliyev: «Lizinqin dayandırılması avtomobil alışına təsir göstərəcək və ölkədə avtomobillərin idxal tempi azalacaq»

Banklar tərəfindən avtomobil kreditləri ilə bağlı qaydalar məhdudlaşdırıldıqdan sonra lizinqlə satış genişlənməyə bağladı. Lakin bir müddət keçdikdən sonra artıq bəzi  şirkətlər lizinqlə satışı dayandırmağa başlayıblar. Artıq  "Kia Motors Azərbaycan" da lizinqlə satışı dayandırması ilə bağlı açıqlama verib. Şirkət bunun üçün heç bir səbəb deməsə də, sadəcə bildirilib ki, artıq avtomobil satışı Mərkəzi Bankın tələblərinə uyğun şəkildə kreditlərlə həyata keçiriləcək.

Bundan əvvəl bəzi şirkətlər də analoji addımlar atıblar.  Səbəblər və mövcud vəziyyətin avtomobil bazarına nə vəd edəcəyi haqda ekspertlər Movqe.az-a danışıblar. 

Avtomobil və nəqliyyat problemlərini araşdıran ekspert Seymur Yunusov atılan addımı indiki şərait üçün zəruri sayaraq məqsədəuyğun hesab edir: "Əslində, Mərkəzi Bankın açıqlaması olmazdan əvvəl belə bir sual meydana çıxırdı ki, nə üçün bir insanın əgər ilkin ödəniş etməyə pulu varsa, yaxşı iş yeri varsa, onun qarşısında  50% ilkin ödəniş tələbi qoyulmalıdır? Bu, əslində istehlakçıların hüquqlarının pozulması deməkdir. Onlar rəsmi olmasa da, qeyri-rəsmi  bildirirdilər ki, bu birmənalı şəkildə avtomobil kreditlərinin azalmasına və yığılan kredit portfelinin də bir sıra biznes sahələrinə yönəldilməsinə xidmət edir. İstehlak kreditlərində də avtomobil kreditlərinin çəkisi xüsusilə çoxdur. İndi Mərkəzi Bank tərəfindən addım atılıb ki, vəsaitlər biznesə axsın. Belə bir vəziyyətdə lizinq şirkətləri və bank olmayan kredit təşkilatları ortaya çıxdılar və bankların bazardan çıxması şəraitində yaranan boşluğu doldurmağa başladılar. Məqsəd hökümətin nəzərdə tutduğu problemi həll etmək idi. Yenə də, lizinq şirkətləri gedib banklardan kredit götürə bilər, sonra da onu avtomobil krediti  şəklində vətəndaşlara verə bilərdilər. Problemli kreditlər onsuz da olduğu kimi qalacaqdı. Amma məsələ bundan ibarətdir ki, Azərbaycanda lizinq şirkətləri heç bir təşkilat qarşısında hesabat vermirlər.  Necə ki, adi MMC-lər vergi hesabatı verirlər, o qaydada da liznq şirkətləri hesabat verirlər. Amma banklar kimi, sığorta şirkətləri kimi deyil.  Məsələn, banklar Mərkəzi Bank qarşısında, sığorta şirkətləri Dövlət Sığorta Nəzarəti Xidməti qarşısında öhdəlik daşıyırlar. Amma lizinq şirkətlərində bu yoxdur. Dəfələrlə mütəxəssislər də bunu gündəmə gətiriblər ki, bu sahə tənzimləməli, qanunvericilik gücləndirilməlidir. Çünki, lizinq şirkətləri aktivləşiblər, istiqrazlar buraxırlar. Onların buraxdığı  5 milyon manatlıq, 10 milyon manatlıq  istiqrazları da investorlar alırlar. Sabah lizinq şirkətlərində avtomobil kreditləri səbəbindən bir problem olarsa, lizinq şirkətləri müflis olarsa, bu qiymətli kağızlar bazarına olan inama, investorların batmasına gətirib çıxaracaqdır. Və bir növ maliyyə bazarına mənfi təsir göstərəcəkdir. Buna görə də, lizinq şirkətlərinə artıq tövsiyə adı ilə göstəriş verilib ki, yalnız VÖEN-i olan şəxslərə kredit versinlər. Mən də indiki halda, atılan addımı düzgün sayıram. Vergilər Nazirliyini saytına baxanda görmək olur ki, Azərbaycanda 66 lizinq şirkəti fəaliyyət göstərir. Amma o 66 lizinq şirkətindən 10-nu tanıyırsan, 10 şirkətdən də 5-i normal işləyir. Qalan hamısı yaradılır, 4-5 əməliyyat edilib sonra bağlanır. Səhəri gün biz 90-cı illərdə banklarla yaşadığımız problemi  bu gün lizinq şirkətləri ilə yaşamamamlıyıq. Çünki lizinq şirkətləri vəsaitin çoxunu ya banklardan götürür, yaxud da ki, istiqrazların buraxılması nəticəsində vəsaitləri cəlb edirlər. Əgər lizinq şirkətlərinə  böyük miqdarda, milyonlarla avtomobil krediti köçsə, sabah burda problemli kreditlər artarsa, yaxud hansısa iqtisadi vəziyyət dəyişərsə, ödəmələr gecikərsə, lizinq şirkətlərinin  perspektivinin düşməsi necə olacaq? Belə çıxır ki, bankların  da ödənilməsi gecikəcək, investorların da pulları gecikəcək. Beləliklə, qarşıya qoyulan məqsədlərə nail olunmayacaq. Buna görə də hesab edirəm ki, lizinqlərin dayandırılması düzgün addımdır. Çünki indiki şəraitdə lizinq şirkətləri tənzimlənmədiyinə görə, risklər ortaya çıxa bilərdi. Bundan əlavə, bu biq həqiqətdir ki, lizinq şirkətləri Azərbaycanda avtomobil kreditlərini heç vaxt əvəz edə bilməz. Onların maliyyə imkanları buna çatmır. Ona görə də, alınan qərar düzgündür. Burda hökümətin məqsədi istehlak kreditlərində avtomobil kreditlərinin xüsusi çəkisi azaltmaqdır. Ola bilsin, gələcəkdə yenidən bərpa olunacaq, amma indiki şəraitdə bu addım atılmalıdır. Çünki avtomobil alışının maliyyələşdirilməsi Azərbaycan yox, xarici iqtisadiyyata xidmət edir". 

İqtisadçı ekspert Samir Əliyev isə saytımıza verdiyi açıqlamada avtomobil bazarını gözləyən vəizyyətdən danışıb: "Mərkəzi Bank, bildiyiniz kimi, ilin əvvəlində avtomobil kreditlərinin verilməsini 1-2 aydan çox dayandırmışdı. Bu, banklara kifayət qədər ciddi zərər vurdu. O vaxt gözlənilirdi ki, lizinq xidməti inkişaf edəcək. Bizdə lizinq xidməti həddindən artıq zəifdir. Həqiqətən də lizinq bazarı müəyyən mənada canlandı. Lakin sonradan onunla bağlı da sərt qaydalar tətbiq edilməyə başladı. Bütün bunların əsasında ölkəyə avtomobil idxalının məhdudlaşdırılması məqsədi dayanır. 

Lizinqin dayandırılması o deməkdir ki, vətəndaş gedib avotmobili ancaq kreditlə almalıdır. Kreditlər isə indi ağır şərtlərlə verilir. Belə ki, yeni avtomobillər üçün 40-50% ilkin ödəniş, köhnə avtomobillər üçün isə,  80% tələb olunur. Yəni, köhnə avtomobili kreditlə almağın heç bir mənası yoxdur. Çümki 80% pulu olan adam gedib qalan 20%-i də tapıb avtomobili nağd ala bilər. Ona görə də lizinqin dayandırılması avtomobil alışına təsir göstərəcək və ölkədə avtomobillərin idxal tempi azalacaq". 


Sizin Reklam Yeriniz