Əlaqə Arxiv
news Image
2014.05.23
08:46
| A A A
Rəqabət Məcəlləsinin hələ də «bəxti açılmır»
Mütəxəssislərə görə, məcəllənin qəbulunun uzanmasının əsas səbəbi onun ilkin mərhələsi ilə bağlı fikir ayrılıqlarının olmasındadır

Uzun illərdir ki, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu gözlənsə də bu sənəddən hələ də xəbər yoxdur. Məcəllə Milli Məclisin iki oxunuş müzakirəsinə çıxarılsa da, hələlik belə bir qanun olmadan fəaliyyət göstəririk. Halbuki, əksər ekspertlərə görə, belə məcəlləyə böyük ehtiyac var. 

İqtisadi Tədqiqatla Mərkəzinin sədri, iqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, məcəllənin qəbulunun ləngiməsi bu istiqamətdə fikir ayrılıqlarının olmasından qaynaqlanır: "Hesab edirəm ki, məcəllənin qəbulunun uzanmasının əsas səbəblərindən biri onun ilkin mərhələsi ilə bağlı fikir ayrılıqlarının olmasındadır. Müxtəlif yanaşmalar var idi. Təəssüflər olsun ki, bu yanaşmaları ümumiləşdirən konsepsiya olmadan biz birbaşa məcəllənin özünün hazırlanmasına başladıq və son nəticədə də bu məcəllənin özünə münasibətdə fərqli fikirlərə gətirib çıxartdı. Əslində, ən pis variantda da həmin sənəd qəbul oluna bilərdi. Onu da qeyd edim ki, hal-hazırda kifayət qədər mükəmməl qanunlarımız var. İndiyə qədər də bizim xeyli əhəmiyyətli sənədlərimiz olub. Amma nəzərə almaq lazımdır ki, qəbul olunan qanunlar son nəticədə uzun müddətli dövrdə tətbiq imkanları yaradır".

Ekspert Rəşad Həsənov qeyd etdi ki, məcəllənin qəbulu rəqabət mühitinin yaranmasına stimul verəcək: "Rəqabət Məcəlləsinin qəbulu məsələsi artıq 7 ildən çoxdur ki, gündəmdədir. Bu barədə müzakirələr aparılsa da, son nəticə əldə olunmayıb. Zənnimcə, qanunun işıq üzü görməməsində maraqlı tərəflər var. Rəqabət Məcəlləsi azad bazar modelinin iqtisadi sütunu sayılır. Məcəllənin qəbulu sonda ölkədə normal rəqabət mühitinin formalaşmasına və bu sahədəki neqativ halların aradan qaldırılmasına bir təkan verəcək".

Qeyd edək ki, Rəqabət Məcəlləsini prezident Milli Məclisə hələ 2006-cı ildə təqdim edib. Üstəlik, bu layihə artıq 2 oxunuşdan keçib. Lakin layihənin üçüncü oxunuşdan keçməsi əsl müəmmaya dönüb. Ekspertlər hesab edir ki, bu məcəllənin qəbulu ölkədə gedən iqtisadi proseslərə, aparılan islahatlara daha müsbət təsir göstərəcək. Çünki sənəddə bir çox məsələlərə aydınlıq gətirilir. Elə Dünya Bankı da sözügedən məcəllənin qəbulunu tövsiyə edir. Bank bəyan edir ki, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycanın iqtisadi inkişafına da yeni töhfələr verəcək. Hazırda isə qiymət artımına qarşı mübarizədə əsas etibarı ilə inzibati metodlardan istifadə olunur. Ekspertlərin fikrincə, Azərbaycanda qiymətlərin bahalaşmasını şərtləndirən əsas amillərdən biri monopoliyaların diktə etməsidir. Bu prosesin qarşısını almaq üçün isə ilk növbədə, Rəqabət Məcəlləsi qəbul edilməlidir. Qeyd edək ki, Rəqabət Məcəlləsi özlüyündə həcmli və mürəkkəb bir sənəddir. 1-ci və 2-ci oxunuşda müzakirələr zamanı millət vəkillərinin səsləndirdiyi bir sıra təkliflər layihədə 3-cü oxunuşa qədər öz əksini tapmalıdır. Mövcud prosedura görə, bunun üçün layihə müvafiq nazirliklərdən və digər icra hakimiyyəti orqanlarından keçməlidir.

Sizin Reklam Yeriniz