Əlaqə Arxiv
news Image
2014.05.30
08:15
| A A A
Dollar erasının sonu çatır?!

Xəbər verildiyi kimi, Rusiya və Çinin dollardan imtina etdiklərini bəyan ediblər. Rusiyanın VTB bankı ilə Çin bankı arasında bununla bağlı razılaşma əldə olunub. Rəsmi Moskva və Pekin uzun müddət idi ki, iki ölkə arasındakı ticarətdə ABŞ dollarının dominantlığına son qoymaq istəyirdi. Ukrayna hadisələrinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi rəsmi Moskvanın bu sahədə fəaliyyətinin sürətlənməsinə səbəb olub. Rusiya və Çin arasında əldə olunan razılığa görə, ticarətdə rubl və yuandan istifadə ediləcək. Ancaq iqtisadçılar Rusiya və Çinin niyyətlərinin reallaşacağını mümkün saymırlar.


Samir Əliyev: "Dollar nə qədər ucuzlaşsa belə, ancaq yenə də etibarlı valyuta olaraq qalmaqdadır"


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, burada söhbət Çinlə Rusiya arasındakı xarici ticarət əlaqələrindən gedir: "Bu məsələ çoxdan gündəmdə var. Çin, Rusiya və başqa dövlətlər dollardan imtina etməyə təşəbbüs göstərirlər. Bu addımla onlar ABŞ iqtisadiyyatına zərbə vurmaq istəyirlər. Amma bunun elə bir təsiri olmayacaq. Çünki, 2008-ci ildən sonra dollardan imtina barədə məlumatlar səsləndi. Ancaq proseslər göstərdi ki, 2010-cu ilə qədər imtina olsa da, sonradan dollara müraciətlər artdı. Yəni, xarici valyutalarda dolların payı azalırdısa, sonradan proses əksinə getməyə başladı. Dollar nə qədər ucuzlaşsa belə, ancaq yenə də etibarlı valyuta olaraq qalmaqdadır. Yuanın əsas problemi kursu ilə bağlıdır. Çin həm güclü idxala, həm də ixraca malik ölkədir. Onların ixracının əsasını keyfiyyət yox, qiymət təşkil edir. Yəni, qiymət hesabına Avropa və ABŞ ilə rəqabətə davam gətirir. Çinlə Rusiya arasında ticarət dövriyyəsi 88 milyard dollardısa, Çinlə ABŞ arasında ticarət dövriyyəsi 500 milyar dollardan çoxdur. Son vaxtlar bəzi ölkələr yuanı öz valyuta ehtiyatına qatır. ABŞ həmişə Çini süni surətdə öz valyutasının kursunu aşağı salmaqda günahlandırır. İndi də belə bir addım atması Çinin valyutasını bahalaşdıra bilər. Bu da Çinə sərf etmir. Rusiya rublu isə neftdən asılı valyutadır. Neftin qiyməti düşəcəyi təqdirdə rubl dəyərsizləşəcək. Yəni, dollardan imtina müəyyən sövdələşmədə istifadə oluna bilər. Amma nə Çin yuanla, nə də Rusiya rublla öz valyuta ehtiyatlarını saxlayan deyillər. Məcbur olub ya dollara, ya da avroya çevirəcəklər. Ona görə də dollardan imtina hər iki ölkəyə səmərə verməyəcək".

Ekspert bildirdi ki, əgər imtina edərlərsə, Azərbaycanın valyuta ehtiyatlarına heç bir təsiri olmayacaq: "Onlar nə etsələr, ancaq öz iqtisadiyyatılarına təsiri ola bilər. Nə qədər neftin qiyməti yüksəkdirsə, manatın kursu üçün o qədər təhlükə yoxdur".


Məhəmməd Talıblı: "Bu valyuta müharibəsinin Azərbaycan iqtisadiyyatına heç bir təsiri olmayacaq"


Digər iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirdi ki, Çin və Rusiyanın dollardan imtina etməsi inandırıcı görünmür: "ABŞ dollarına münasibətdə Rusiyanın bu monetar hücumu yersizdir Çünki, dünyada ABŞ dolları elə bir valyuta növüdür ki, bütün valyutaların dəyəri ona nisbətdə formalaşır Ona görə, belə cəhd yersizdir. Dolların mövqeyinin itirilməsi kimi riskləri olmayacaq".

Məhəmməd Talıblının fikrincə, bu valyuta müharibəsinin Azərbaycan iqtisadiyyatına heç bir təsiri olmayacaq: "Çünki, Azərbaycan bu valyuta kataklizimindən xeyli uzaqda və həmin ölkələrin maraqlarının kəsişdiyi məkanda yerləşmir".


Yusif Vəliyev: "Dolların artan dominantlığı qarşısında ondan imtina artıq uzun müddətdir gündəmdədir"


Başqa bir iqtisadçı Yusif Vəliyev bildirdi ki, dolların artan dominantlığı qarşısında ondan imtina artıq uzun müddətdir gündəmdədir: "Ancaq hadisələrin bu cür sürət almasının əsas səbəbi Ukrayan məsələlərinə görə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavabıdır. Bildiyimiz kimi, Rusiya ilə Çin arasında 400 milyard dollarlıq qaz layihəsi imzalanıb. Rusiya çalışacaq ki, bunun coğrafiyasını genişləndirsin. Çünki, Rusiya bir çox, xüsusi ilə MDB ölkləri ilə böyük iqtisadi əlaqələrə malikdir. Həmin ölkələrə dollardan imtina etdirə bilər. Amma bunun dollara qısa müddətə zərbə vuracağı gözlənilmir. Heç qısa müddətdə Azərbaycanın valyuta ehtiyatlarına da təsir göstərməyəcək. Çünki, Azərbaycanın ABŞ və Avropa ilə iqtisadi əlaqələri var. Bu da dollar vasitəsi ilə reallaşdırılır".

Sizin Reklam Yeriniz