Əlaqə Arxiv
news Image
2014.05.31
09:00
| A A A
Manat ətrafında yaranan risqlər
Samir Əliyev: " Manatın saxtalaşdırılması təhlükəsizlik baxımından ölkəmizə problemlər yarada bilər " Rəşad Həsənov: " Manata münasibətdə maraq dairəsi genişləndiyindən risqlər də çoxalır "

Dünya iqtisadiyyatında son illərdə yaşanan təlatümlərə baxmayaraq, Azərbaycan manatının məzənnəsi sabit olaraq qalır. Hökumətin həyata keçirdiyi siyasət sayəsində manat öz möhkəmliyini qoruyub saxlayır. Bundan başqa, son illər manat regional müstəvidə də populyarlıq qazanmağa başlayıb. Belə ki, onun sabit olması fonunda ölkəmizə qonşu olan bir sıra dövlətlərin də manata marağı artıb. Bu proses getdikcə daha intensiv xarakter alır. Lakin bu fonda manatın saxtalaşdırılması risqləri də çoxalır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev belə bir risqin olması ehtimalını istisna etmədi: "Manat son illər özünü etibarlı aparır. Onun dollara münasibətdə məzənnəsində elə bir ciddi eniş baş vermir. Əksinə, manat stabillik nümayiş etdirir və hətta ölkə valyutasının dollarla müqayisədə cüzi də olsa bahalaşma tendensiyası vardır. Belə bir şəraitdə bu tip valyutaların saxtalaşdırılma risqlərinin artması da mümkündür. Dollarla, avronun saxtalaşdırılması daha çox iqtisadi amillərdən asılı olaraq baş verirsə, manatın saxtalaşdırılması təhlükəsizlik baxımından ölkəmizə problemlər yarada bilər. Çünki, manat sərbəst valyuta deyil. Başqa ölkələrdə işlənmir. Ona görə də fikrimcə, ancaq ölkə iqtisadiyyatı və onun təhlükəsizliyinə zərbə vurmaq məqsədilə manatın saxtalaşdırılması istiqamətində addımların atılmasa da mümkündür. Ən azından yaxın qonşularımız tərəfindən bu edilə bilər. Dövlətin isə bu tip halların qarşısını almaq və sərt tədbirlər görməkdən ibarətdir. Bunun üçün müvafiq qurumlar manatın təhlükəsizliyini daim təmin etmək məqsədi ilə təhlükəsizlik imkanlarını artırmalıdırlar. Bu istiqamətdə dövrü olaraq çap olunan kağız pulların dizaynın dəyişilməsi həyata keçirilir. ABŞ kimi nəhəng dövlət belə dövrü olaraq kağız pullarının dəyişməsi istiqamətində addım atır. Belə addımlarla prosesin qarşısını müəyyən qədər almaq olur. Saxtalaşdırma daha çox yüksək nominallı pullar üzrə olduğundan, məhz həmin pullar mütəmadi olaraq dəyişməlidir. Eyni zamanda, paralel olaraq bazara nəzarət edilməlidir".

Ekspert Rəşad Həsənov da belə risqləri istisna etmədi, amma onu qlobal problemə çevirməyin də düzgün olmadığını söylədi: "Manatın məzənnəsini sabit saxlaması təbii ki, dar çərçivədə regionda, konkret olaraq Rusiyanın Dağıstan ərazisi və Gürcüstanda da ona marağı artırıb. Bu ölkələrdə manatın işləkliyi nisbətən çoxalıb. Belədə isə manatın saxtalaşdırma risqləri də artır. Bir var pulun saxtalaşdırılması ilə ölkə daxilində müəyyən cinayətkar qruplar məşğul olur, bir də var xarici qruplar da prosesə cəlb olunur. Belədə görürük ki, manata münasibətdə maraq dairəsi genişləndiyindən risqlər də çoxalır. Amma Azərbaycan manatı dünyəvi valyuta olmadığından bu saxtalaşdırma halları da qlobal məsələ sayıla bilməz. Belə hallar dar çərçivədə, kiçik həcmdə ola bilər. Eyni zamanda, Mərkəzi Bankın dövriyyədə təxminən 11 milyarda yaxın manat buraxdığını da nəzərə alsaq, belədə pulun saxtalaşdırma ehtimalları da azalır. Çünki, dövriyyədə həcm az olanda, saxtalaşdırma ehtimalları da azalır ".

Sizin Reklam Yeriniz