Məlumat verildiyi kimi, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməsi barədə qərar qəbul edib. Artıq 19 maydan başlayaraq banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endirilib. Bu, həm də o deməkdir ki, banklara əmanət qoyanlar depozit faizləri hesabına daha əvvəlki qədər qazanc əldə edə bilməyəcəklər. Təbi ki, bu da insanlarda əllərində olan əlavə vəsaiti banklara yatırmaq üçün marağı azaldır. Belə vəsaitlər banklardansa, mənzil və ya qızıl bazarına yönəltmək getdikcə daha sərfəli görünür. Məsələyə ekspertlərin münasibəti müxtəlifdir.
Belə ki, İqtisadi Tədqiqatlar
Mərkəzinin rəhbəri Azər Mehtiyev əmanətlərin faiz
dərəcələrinin aşağı salınmasının əmanətçilərin sayına kəskin təsir
etməyəcəyini proqnozlaşdırır. İqtisadçı Mövqe.az saytın verdiyi
açıqlamada bildirir ki, sığortalanan əmanətlərin faiz dərəcələrinin
aşağı salınması bütün əmanətlərin faiz dərəcələrinin aşağı
salınması anlamına gəlmir: "Fərq ondan ibarətdir ki, insanlar banka
əmanət qoyarkən istəyirlərsə ki, vəsaitləri dövlət tərəfindən
sığortalansın, onu Əmanətlərin Sığortalanması Fondu sığortalasın,
onda onların qoyduqları faizləri nəzərə almaqla əmanətin banka
qoyulmasına razı olmalıdırlar. Bu, təbii ki, mühüm bir tələbdir.
Ona görə ki, əgər banklarda hər hansı bir müflisləşmə baş verərsə,
sığortalanan əmanətlər dövlət tərəfindən sığortalanmış olur və
olarda heç bir problem yaşanmır. Ancaq sığortalanan əmanətlər üzrə
faiz dərəcəsinin aşağı salınması ilk növbədə bütün ölkədə bank
sistemində təqdim olunan kreditlərin faiz dərəcələrinin yüksək
olması probleminin həllinə yönəlik bir addım hesab olunur. Çünki
nəzərə alınır ki, əmanətlər üzrə faiz dərəcələri aşağı düşərsə,
bankların vətəndaşlara verə biləcəyi kreditlərin də faiz dərəcəsi
də aşağı düşəcək. Bu da iqtisadi mənfəəti artıran amil hesab
olunur. Bəs bu addım banka qoyulan əmanətlərin həcminin azalmasına
gətirib çıxara bilərmi? Əslinə qalanda, bu, o qədər də gözlənilən
deyil. Ona görə ki, əgər kimlərsə faiz dərəcələrindən razı deyilsə,
bu dərəcələr onu qane etmirsə, sığortalanmadan vəsaitləri banka
qoya bilər.
Ancaq mən hesab edirəm ki, faiz dərəcələri kəskin düşməyib. 1 % böyük göstərici deyil. Nəzərə alanda ki, bu gün Azərbaycanda Mərkəzi Bankın qoyduğu uçot dərəcəsi aşağıdır, inflyasiya aşağıdır, bu baxımdan sığortalanmayan əmanətlərin fazilərinin biraz da aşaı salınması mümükündür. Bu baxımdan atılan addımın əmanətlərin həcmini kəskin azaldacağını düşünmürəm. Ancaq istənilən halda, təbii ki, əgər bu istiqamətdə Mərkəzi Bankın araşdırmaları olsaydı ki, faiz dərəcələri bundan əvvəl əmanətlərin sayına nə qədər təsir göstərmişdi, o zaman fikir söyləmək daha rahat olardı.
Sosial və İqtisadi İnkişaf
Mərkəzinin rəhbəri Vüqar Bayramov isə kreditlərin faiz
dərəcələrinin aşağı salınmadığı təqdirdə əmanət faizlərinin
azaldılmasını düzgün hesab etmir. İqtisadçı bu halın əmanətlərin
sayına ciddi şəkildə təsir edəcəyini düşünür: "Dövlət tərəfindən
sığortalanan əmanətlərin faiz dərəcələrinin azaldılması
vətəndaşların əmanət qoyuluşlarına marağını müəyən qədər azaldacaq.
Çünki nəzərə alınmalıdır ki, kredit faizləri yüksəkdir və kredit
faizlərinin yüksək olmasına baxmayaraq, əmanətlərin sığortalanma
faizi də aşağı salındı. Ötən ilin avqust ayında Əmanətlərin
Sığortalanması Fondu əmanətlərin faiz dərəcəsinin 12%-dən 10%-ə
endirilməsi ilə bağlı qərar qəbul etmişdi və nəhayət, bu ilin may
ayında dərəcələr 9%-ə endirildi. Amma sığortalanan əmanətlərin
faiz dərəcəsinin aşağı salınmasına baxmayaraq, kredit
faizlərinin azaldılması müşahidə edilmədi. Bu o deməkdir ki,
artıq kommersiya bankları vətəndaşlardan ucuz əmanət alırlar, bu
əmanətlərə görə vətəndaşlara aşağı vəsait ödəyirlər, amma buna
rəğmən, yenə də kredit faizləri yüksək olaraq qalır. Ona görə də
kredit faizləri aşağı düşmədiyi halda əmanətlərin sığorta
faizinin aşağı salınması doğru deyil. Bu addım vətəndaşların əmanət
qoyuluşlarına marağını birmənalı şəkildə azladacaq. Praktiki
olaraq, bu, o deməkdir ki, iqtisadiyyatda mənfəətin dərəcəsi yuxarı
olaraq qalır, amma əmanət faizləri aşağı düşür. Bu səbəbdən də,
atılan adım əmanətlərin həcminə əhəmiyyətli dərəcədə təsir
göstərəcək. Kreditlər üzrə faiz dərəcələri aşağı düşmədiyi halda
əmanətlərin sığorta faizinin azalması əmanət qoyuluşlarının
azalmasına gətirib çıxaracaq.
Nəzərə alanda ki, bu gün əhalinin qızıla marağı yüksəkdir, onda qoyulan əmanətlər qızıl bazarına da yönələ bilər. Çünki, qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Eyni zamanda vəsait torpaq bazarına və şəhərdən kənarda yerləşən əmlakın alınmasına istiqamətlənə bilər".