Əlaqə Arxiv
news Image
2014.06.07
08:48
| A A A
"Transxəzər" nəhayət, reallaşır…
İlham Şaban: " Nə vaxtsa həmin kəmər gerçəkləşəcək, onda da bu ölkələr ona öz töhfəsini vermiş olacaqlar" Zəfər Vəliyev: "Tam ciddiliyi ilə demək olar ki, yaxın 5-6 ildə Türkmənistan qazı Avropa bazarına məhz Azərbaycan üzərindən ixrac ediləcək"

Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında diqqət çəkən məqamlardan biri də, Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının ayrıca görüşünün olması ilə bağlı oldu.

Qeyd edək ki, bundan bir müddət əvvəl həmin üç ölkə xarici işlər nazirlərinin Bakıda da birgə görüşü baş tutmuşdu. Bu fonda isə belə məlumatlar gəzir ki, artıq Ankara, Bakı və Aşqabad "Transxəzər" boru kəmərini reallaşdırmaqda israrlıdırlar. Xatırladaq ki, uzun müddətdir, bu məsələ gündəmdədir. Prosesin reallaşmasında Bakı ilə Ankara tərəfdən hər hansı bir əngəl yoxdur. Hər iki dövlət Qərbin kəmərin reallaşması istiqamətində investisiya qoyacağı təqdirdə, məsələnin müsbət həllində maraqlıdır. Lakin Aşqabadın həmin kəmərlə bağlı fəaliyyətində isə bu günə qədər müəyyən tərəddüdlərin olduğu hiss olunurdu. Türkmənistan Rusiyadan ehtiyat edərək "Transxəzər"in baş tutması məsələsində aktivlik nümayiş etdirmirdi. Belə ki, sözügedən kəmərin reallaşması Türkmənistan qazının Xəzərdən keçməklə, Azərbaycan, Türkiyə vasitəsi ilə Avropaya nəqlini nəzərdə tutur ki, bu da əslində, Moskvanın "köhnə qitə"yə qaz satışı sahəsində hegomonluğuna son qoyulması demək olardı. Ona görə də, Kreml bu xəttin baş tutmaması üçün tərəflərə, daha doğrusu Aşqabada ara-sıra təsir edir. Lakin son zamanlar Türkiyə, Azərbaycan və Türkmənistanın xarici işlər, ardınca da prezidentlər səviyyəsində intensiv görüşləri belə qənaətə gəlməyə əsas verir ki, artıq Aşqabad "Transxəzər" məsələsində razılığa gəlmək üzrədir və bu əsasda da kəmərin reallaşmasında daha israrlı görünürlər.

Neft və qaz məsələləri üzrə ekspert İlhan Şaban heç də düşünmür ki, Azərbaycan, Türkiyə və Türkmənistan formatında baş tutan görüşlər sırf "Transxəzər" layihəsi ilə bağlıdır: "Bu ölkələrin maraqları həmin kəmər çərçivəsində deyil. Həmçinin, sözügedən kəmər üç ölkəni birləşdirəcək qüdrətdə deyil. Çünki, Ankara, Bakı və Aşqabadın marağı həmin kəmərdən qat-qat geniş çərçivədədir. Bodrumda baş tutan sammitdə də hansı layihələrin ortalıqda olduğu və gələcəkdə nələrin ola biləcəyi gündəmə gətirilib. Əslində, bu üç ölkə rəsmiləri arasında birgə görüşlər olan kimi, Qərbdən gələn mesaj olaraq, həmin an ortaya bu tipli fikirlər atılır. Bununla yanaşı, kəmər məsələsi də görüşdə müzakirə edilən məsələlərdən biri ola bilər. Əslində, həmin boru Qərblə Türkmənistan arasında alqı-satqını gerçəkləşdirəcək bir layihədir. Azərbaycanla Türkiyə də tranzit ölkə olaraq bura daxildir. Nə vaxtsa həmin kəmər gerçəkləşəcək, onda da bu ölkələr ona öz töhfəsini vermiş olacaqlar".

Digər ekspert Zəfər Vəliyev isə bildirdi ki, son zaman intensivləşən təmaslar sözügedən qaz kəmərinin gerçəkləşmək ərəfəsində olduğuna bir siqnaldır: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısında enerji məsələlərinin müzakirə olunduğu barədə dəqiq informasiya yoxdur. Çünki, toplantının sonunda Türkiyə prezidenti Abdulla Gül də bəyan etdi ki, əsas müzakirə mövzusu turizm sahəsi olub. Amma paralel olaraq, Türkiyənin təbii ehtiyatlar və energetika naziri Tanel Yıldız Türkmənistan qazının TANAP kəmərindən istifadə etməsinin mümkünlüyü barədə fikir səsləndirib. Buna əsasən də ekspertlər müəyyən ehtimallar irəli sürür ki, "Transxəzər" kəməri ətrafında razılıq var. Bu kəmər ətrafında Avropa İttifaqı, Türkmənistan və Azərbaycan arasında danışıqlar 2010-cu ilin sentyabrından intensivləşib. Buna qədər də Avropa İttifaqı ilə Aşqabad arasında enerji memorandumu imzalanmışdı. Adı çəkilən layihənin gerçəkləşməsi artıq elə bir məqamda baş verdi ki, 2010-cu ilin sentyabrına qədər Ukrayna ilə Rusiya arasında qaz alqı-satqısına dair müqavilədə Kiyevə satılan qazın tarif məsələsində fikir ayrılığı baş verdi. Hadisələr 2011-ci ildə daha da intensivləşdi. Bu da "ərəb baharı" ilə bağlı idi. Bu hadisədən sonra ərəb ölkələri və Şimali Afrikadan, Əlcəzair, Liviya və Misirdən Avropaya qaz ixrac edən kəmərlərin faydalı iş əmsalı aşağı düşdü. Belə vəziyyət isə Avropa dövlətlərini yeni enerji mənbələri axtarmağa vadar etdi. Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında başlanan bu danışıqlar 2013-cü ildə özünün müəyyn nəticələrini verməyə başladı. 2013-cü ilin iyulunda üçtərəfli danışıqların sonu olaraq, Aşqabadda Türkmənistanla Türkiyə arasında qazın Türkiyə üzərindən Avropaya ixracı istiqamətində çərçivə sazişi imzalandı. Bu ilin əvvəlində də həmin istiqamətdə müəyyən irəliləyişlərin gözə çarpdığı müşahidə olundu. 2014-cü ilin aprelində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkəsinin neft-qaz sahəsi üzərində duran mühüm prioritet məsələdən birinin də "Transxəzər" layihəsi üzrə aparılan işlərin intensiv davam etdirilməsi məsələsi olduğunu qeyd etdi. Bu yaxınlarda Aşqabadda Beynəlxalq Qaz Konqresində də Berdıməhəmmədov ölkəsinin qaz sahəsində həyata keçirdiyi layihələrdən birinin də Şərq-Qərb qaz kəmərinin 2015-ci ildə istifadəyə verilməsi məsələsini vurğuladı. Bu kəmər Türkmənistanın şərq vilayəti olan "Şadlıq" qaz yatağından başlayıb, ölkənin qərbindəki Bələk məntəqəsinə kimi uzanacaq. Ümumi uzunluğu da 800 km-dir. Bütün bunlara əsasən söyləmək olar ki, artıq müəyyən dairələrdə Türkmənistan qazının yaxın perspektivdə Azərbaycan üzərindən Avropaya nəqli imkanları gerçəkləşmək ərəfəsindədir. "Transxəzər"in Xəzərin dibindən çəkilən ümumi uzunluğu 300 km olacaq. Proses 2015-ci ildə daha da intensivləşəcək. Şərq-Qərb qaz kəmərinin reallaşması o deməkdir ki, 2018-2019-cu illər ərəfəsində Avropaya həmin kəmərlə qaz nəqli imkanları gerçəkləşər. Belədə yaxın perspektivdə Avropa bazarında Türkmənistan qazının satışını da görə bilərik. Avropa İttifaqının 2014-2020-ci illər dövründə dəstəkləyəcəyi enerji layihələri arasında da həm TANAP-la TAP-ın olduğu "Cənub qaz dəhlizi", həm də "Transxəzər" qaz kəmərinin adı birmənalı olaraq qeyd edilir. Bütün bu fikirlərdən çıxış etməklə ehtimal irəli sürmək olar ki, yaxın dövrdə Türkmənistan qazının Avropaya çıxarılması ehtimalı mövcud olacaq. Türkmənistanın ixrac imkanları bir neçə istiqamətdə gerçəkləşir. Bu ölkə İrana iki, Dövlətabad- Hangeran və Görpəzə-Kurtkui kəmərləri vasitəsilə qazın ixracını həyata keçirir. Həmçinin Rusiyaya, Çinə də ixrac həyata keçirir. Çinə keçən il Türkmənistan 30 milyard kubmetr civarında qaz verib. Amma Şərq-Qərb kəmərinin çəkilişi Türkmənistan qazının Avropaya ixracını nəzərdə tutan kəmər olacaq. Bir neçə gün əvvəl "Qazprom" öz proqnozlarını elan edib. Bu şirkət keçən il Avropaya 161 milyard kubmetr qaz vermişdisə, bu il həmin bazara 153 milyard kubmetr qaz ixrac edəcək. Avropa Komisiyasının Enerji Təhlükəsizliyi ilə bağlı hazırladığı strategiyada birmənalı qeyd olunur ki, yaxın 5-10 il ərzində Rusiyadan alınan qazın miqdarı 15-20 faiz aşağı salınacaq. Bu boşluq isə Azərbaycan, "Transxəzər" gerçəkləşərsə, Türkmənistan və İran vasitəsilə doldurulacaq. Artıq tam ciddiliyi ilə demək olar ki, yaxın 5-6 ildə Türkmənistan qazı Avropa bazarına məhz Azərbaycan üzərindən ixrac ediləcək. Bu, Türkmənistanın da marağına uyğundur. Çünki, Avropa bazarında boru kəməri vasitəsilə satılan qazın qiyməti Asiya bazarında satılandan yuxarıdır. Rusiya iddia edir ki, Xəzərin hüquqi statusu müəyyən olunmadan belə layihələrin həyata keçməsi mümkün deyil. Amma keçən ilin martında Türkmənistan rəsmiləri açıq bəyan etdi ki, hətta Xəzərin hüquqi statusu müəyyən olunmadan belə, iki dövlətin razılığı əsasında birgə enerji layihəsinin həyata keçməsi mümkündür. Deməli, artıq Türkmənistan tərəfdə də pozitiv fikirlər mövcuddur. Onu da qeyd edim ki, "Transxəzər"in gerçəkləşməsi Aşqabadla Bakı arasında Xəzərin hüquqi statusu məsələsində də qısa zamanda razılıq əldə olunmasına stimul verəcək"

Sizin Reklam Yeriniz